İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənd müəlliminin oğlundan Kremlin siyasi elitasına - Vyaçeslav Volodin kimdir?

Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib. Artıq 10 ildir yüksək postu “zəbt edən” Volodinin kimliyi, keçdiyi həyat yolu çoxuna maraqlı gəlir. Bu da əsassız deyil. Çünki Rusiya dünyada iki ən böyük supergücdən biridir və belə bir ölkədə Dövlət Duması kimi vəzifəyə irəliləmək asan məsələ deyil...

Volodinin siyasi portretinin arxasında Moskvada doğulmuş, varlı ailədə böyümüş və hazır vəzifələrə birbaşa aparılmış klassik Kreml karyerası yox, Saratov vilayətinin kiçik kəndindən başlayan uzun və mərhələli bir yol dayanır. 1964-cü ildə Saratov vilayətinin Alekseyevka kəndində dünyaya gələn Volodinin atası çay donanmasında kapitan, anası isə kənd məktəbində müəllim işləyib. Atasını hələ gənc yaşlarında itirən Volodin sadə ailə mühitində böyüyüb. Lakin sonrakı həyat yolu onu kənd məktəbindən Saratov siyasətinə, oradan Moskva Dövlət Dumasına, daha sonra hökumətə və nəhayət, Kremlin ən mühüm siyasi idarəçilik strukturlarından birinə gətirib çıxardı.

WhatsApp Image 2026-09-30 at 14.00.24 (1).jpeg (300 KB)

Vyaçeslav Volodinin siyasi yüksəlişində diqqət çəkən məqam onun bir vəzifədən digərinə təsadüfi keçməməsidir. O, əvvəlcə Saratovda yerli siyasətin içərisinə daxil oldu, 1990-cı ildə şəhər sovetinə deputat seçildi, daha sonra regional hakimiyyət strukturlarında mövqeyini möhkəmləndirdi. 1999-cu ildə isə Dövlət Dumasına deputat seçilməsi onun Moskva siyasi elitasına girişini təmin etdi. Bundan sonra yüksəliş sürətləndi. Duma sədrinin müavini, “Vahid Rusiya”nın rəhbər strukturlarında yüksək vəzifə, hökumət sədrinin müavini və daha sonra prezident administrasiyasının rəhbərinin birinci müavini oldu. Əslində Volodinin siyasi karyerasında ən mühüm mərhələ məhz Kremlə daxil olduğu dövrdür. 2011-ci ildə prezident administrasiyasının rəhbərinin birinci müavini təyin olunması onun artıq sadəcə parlament siyasətçisi olmadığını göstərirdi. O, hakimiyyətin daxili siyasi proseslərinin idarə edilməsində mühüm rol oynayan şəxslərdən birinə çevrildi. Bu vəzifə Volodini siyasi partiya və parlament tribunalarından Kremlin siyasi qərar mexanizminə daha da yaxınlaşdırdı.

WhatsApp Image 2026-09-30 at 14.00.24 (2).jpeg (298 KB)

2016-cı ildə isə onun karyerasında yeni mərhələ başladı: Volodin Dövlət Dumasının sədri seçildi. O vaxtdan parlamentin aşağı palatasına rəhbərlik edən Volodin 2021-ci ildə ikinci müddətə yenidən seçildi. İndi isə onun siyasi karyerasında daha bir mühüm mərhələ gündəmdədir. “Vahid Rusiya” Volodini Dövlət Dumasının doqquzuncu çağırışının sədrliyinə yenidən namizəd göstərib və Vladimir Putin də onun namizədliyini açıq şəkildə dəstəkləyib. Putin Volodinin əvvəlki çağırışda parlamentin işini “lazımi şəkildə” və tərəfdaşlıq şəraitində qurduğunu bildirib.

Bu məqam Volodinin Putin hakimiyyəti daxilindəki siyasi çəkisini anlamaq baxımından xüsusilə diqqətçəkəndir. Çünki Volodin müxtəlif illərdə hakimiyyətin fərqli sütunlarında - partiya, parlament, hökumət və prezident administrasiyasında yüksək vəzifələr tutub. Belə bir karyera xətti onun yalnız bir siyasi postun sahibi olmadığını, Rusiyanın hakimiyyət sisteminin müxtəlif mərtəbələrində uzun illər təcrübə toplamış siyasi aparatçı olduğunu göstərir.

Vyaçeslav Volodinin Putinlə siyasi münasibətlərinin ən çox müzakirə olunan tərəfi də məhz budur. O, prezidentin rəqibi kimi deyil, Putin hakimiyyəti dövründə formalaşmış siyasi sistemin daxilində yüksək vəzifələrə yüksəlmiş fiqur kimi tanınıb. Müxtəlif illərdə Putin haqqında səsləndirdiyi fikirlər onun prezidentə siyasi bağlılığının açıq göstəricilərindən biri olub. Volodin 2014-cü ildə Putin olmadan Rusiyanın mövcudluğuna dair sərt siyasi fikir səsləndirib, sonrakı illərdə prezidentin siyasi kursunu açıq şəkildə müdafiə edib. Lakin onun siyasi çəkisini yalnız Putinə münasibəti ilə izah etmək də yetərli deyil. Onun əsas xüsusiyyətlərindən biri uzunmüddətli siyasi sistem daxilində öz mövqeyini qoruyub saxlamasıdır. 1990-cı illərin regional siyasətindən başlayan karyera 2000-ci illərdə parlamentə, daha sonra hökumət aparatına, Prezident Administrasiyasına və nəhayət Dövlət Dumasının sədrliyinə qədər uzanıb. Başqa sözlə, Volodin Rusiyada hakimiyyətin müxtəlif mərhələlərini içəridən görmüş və həmin sistemin müxtəlif institutlarında çalışmış siyasətçidir.

WhatsApp Image 2026-09-30 at 14.00.24.jpeg (345 KB)

Onun şəxsi həyatı isə siyasi fəaliyyətinin əksinə, daha qapalıdır. Volodin ailəsi ilə bağlı məlumatları geniş şəkildə ictimailəşdirən siyasətçilərdən deyil. Açıq mənbələrdə onun evli olduğu və övladlarının olduğu barədə məlumatlar yer alsa da, ailə üzvlərinin böyük hissəsi mediadan kənarda qalır. Qızı Svetlana Volodina haqqında isə daha çox məlumat mövcuddur. O, hüquq təhsili alıb və elmi fəaliyyətlə məşğul olub. Volodinin digər övladları barədə açıq məlumatlar isə məhduddur. Bu baxımdan onun şəxsi həyatında diqqəti çəkən əsas məqam siyasi həyatının əksinə, ailəsini ictimai gündəmdən mümkün qədər uzaqda saxlamasıdır. Məhz bu kontrast da Volodinin portretini daha maraqlı edir, ictimai siyasətdə sərt və görünən fiqur, şəxsi həyatda isə kifayət qədər qapalı insan... Onun haqqında mediada ailə münasibətlərindən daha çox parlament qərarları, Kremlin siyasi xətti və Rusiya hakimiyyətinin daxili mexanizmləri müzakirə olunur.

Volodinin siyasi yoluna bütöv baxanda bir detal xüsusilə diqqət çəkir. O, hakimiyyətin heç bir mərhələsində uzun müddət kölgədə qalmayıb.

WhatsApp Image 2026-09-30 at 14.00.23.jpeg (319 KB)

Saratovdan Moskvaya gəlib, deputat olub, parlament rəhbərliyinə yüksəlib, hökumətdə çalışıb, Prezident Administrasiyasının rəhbərliyində yer alıb və daha sonra Dövlət Dumasının spikeri olub. İndi isə Putin onun yenidən bu posta gətirilməsini dəstəkləyir.

Volodinin hekayəsi bu baxımdan sadəcə bir rusiyalı siyasətçinin bioqrafiyası deyil. Bu, Sovet İttifaqının dağılmasından sonrakı Rusiyada siyasi elitanın necə formalaşdığını göstərən diqqətçəkən nümunələrdən biridir. Kənd müəlliminin oğlundan Moskvanın siyasi dəhlizlərinə qədər uzanan bu yolun sonunda Volodin artıq Rusiyanın hakimiyyət sistemində ən yüksək siyasi postlardan birinin sahibidir. Onun qarşısında isə indi daha bir sınaq dayanır, Dövlət Dumasının sədrliyində üçüncü müddət...

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR