İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşmirdə məşəqqət – seçkilərə görə toqquşmalarda 30-dan çox adam ölüb

Pakistan və Hindistanın üç dəfə müharibə apardığı Kəşmir bölgəsində yenidən atışma gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə toqquşmalar Pakistan və Hindistan əsgərləri arasında deyil, Pakistanın idarə etdiyi Kəşmirdə etirazçılarla polis arasında baş verir. Zorakılığa 10 avqusta qədər davam edəcək yerli qanunvericilik məclisinə keçirilən seçkilər səbəb olub.

Pakistan hökuməti məclisdə xeyli yeri Hindistandan olan qaçqınlar və onların nəsilləri üçün ayırıb. Yerli kəşmirlilər buna etiraz edir. Müxtəlif məlumatlara görə, toqquşmalarda 30-a qədər insan həlak olub. İslamabad zorakılığa görə Delhini günahlandırıb. Amma beynəlxalq müşahidəçilərin dəyərləndirməsinə görə, bu, Pakistanın idarə etdiyi Kəşmirin bütün sakinlərinin çətin həyat şəraiti və işsizlikdən narazılığını əks etdirən lokal münaqişədir.

“Nyu-York Tayms” qəzetinin məlumatına görə, etirazları təşkil edən yerli insan haqları təşkilatı zorakılıqlara görə polisi günahlandırır. Qəzetə anonimlik şərti ilə danışan rəsmilər polisin aşırı güc tətbiq etdiyini bildiriblər. Toqquşma Himalay dağlarında, bölgənin Pakistan və Hindistan hissələrini ayıran sərhəddən təxminən 30-40 kilometr aralıda yerləşən bir şəhərdə baş verib. Həm Pakistan, həm də Hindistan bütün Kəşmirə iddia etdiyindən, sərhəd silah anbarları, xəndəklər, bunkerlər və digər müdafiə strukturları ilə möhkəmləndirilib.

Bunlar keçmiş Britaniya Hindistanının dini zəmində iki dövlətə bölünməsinin nəticələridir. Müstəmləkə hakimiyyəti, yaxşı və ya pis, müsəlmanlar və induslar arasındakı düşmənçiliyi cilovlamağı bacarırdı – hərçənd o zamanlar ingilislər də qırğınlar törədiblər. London 1947-ci ildə keçmiş müstəmləkənin vətəndaşlarına öz taleyini həll etmək səlahiyyəti verdikdə, araya qan düşüb, on milyonlarla insan evlərini tərk edərək hökumətin və ordunun ən azı bir qədər təhlükəsizliyi təmin edə biləcəyi ölkəyə köçməyə məcbur olub. Kəşmir o zaman indus maharacası tərəfindən idarə olunan knyazlıq olub. Lakin heç nə onun iradəsindən asılı olmayıb. Pakistan ərazini ilhaq etməyə çalışıb. Hindistan qoşun göndərib. O vaxtdan bəri bölgə bölünmüş vəziyyətdə qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR