Onlayn ictimai-siyasi qəzet
Ukrayna hərbi sənayesi müharibənin gedişatını dəyişə biləcək yeni bir mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski yerli istehsal olan "Falaminqo" (Flamingo) qanadlı raketlərinin Rusiyanın dərinliklərində yerləşən strateji hədəflərə qarşı uğurla tətbiq edildiyini bəyan edib.
Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri son əməliyyatlarda "Falaminqo" raketləri ilə 1400 kilometr məsafədəki hədəfləri uğurla nişan alıb. "Bu, bizim sənayemiz üçün həqiqətən böyük uğurdur. Raket istehsalını Rusiyanın müəssisələrimizə endirdiyi zərbələrdən sonra yenidən bərpa etdik", - deyə Ukrayna lideri vurğulayıb. Qeyd edək ki, fevralın 21-nə keçən gecə Rusiya Federasiyasının Udmurtiya Respublikasında yerləşən və "İsgəndər" raketlərinin istehsal olunduğu Votkinsk zavoduna endirilən zərbənin məhz bu raketlərlə həyata keçirildiyi ehtimal olunur.
Prezident etiraf edib ki, Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri "Falaminqo"ları önləməyə çalışıb: "Rusiya sistemləri tərəfindən vurulan raketlərimiz də oldu, amma vurulmayanlar birbaşa hədəfə dəydi. Ən vacibi odur ki, buraxılan bütün raketlər obyektə qədər uçub çata bildi".
Zelenski qeyd edib ki, Ukrayna hazırda bu raketlərin istehsalını sürətləndirir. Lakin bu proses birbaşa olaraq maliyyə imkanlarından və lazımi texnoloji komponentlərin mövcudluğundan asılıdır. Ekspertlərin fikrincə, 1400 km mənzil Ukraynaya Rusiyanın Avropa hissəsindəki demək olar ki, bütün strateji hərbi obyektləri vurmaq imkanı verir.
Xatırladaq ki, "Falaminqo" (FP-5) raketləri 3000 kilometrə qədər uçuş məsafəsi və 1 tondan artıq döyüş başlığı daşıma qabiliyyəti ilə xarakterizə olunur.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ