Onlayn ictimai-siyasi qəzet
Livanın baş naziri Nəvvaf Salam ABŞ-ın Nyu-York şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Salam görüş zamanı Livanın regional münaqişələrin meydanına çevrilmək istəmədiyini bildirib. Musavat.com xəbər verir ki, Livan Baş naziri Tehrandan Beyruta yeni səfir namizədi müəyyənləşdirməsini istəyib.
Livan hökumətinin yaydığı məlumata görə, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda olan Salam İran prezidenti Pezeşkianla görüşüb. Görüşdə Livanın xarici işlər naziri Yusuf Rəcci və İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak ediblər.
Salam Livanın təhlükəsizlik, sabitlik və iqtisadiyyat baxımından ağır bədəl ödədiyini vurğulayıb. O bildirib ki, Livan regional qarşıdurmaların və tərəflər arasında mesajların ötürüldüyü bir məkana çevrilmək istəmir.
Baş nazir Livanla İran arasındakı münasibətlərin iki ölkə və xalqları arasında tarixi köklərə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Beyrut Tehranla münasibətlərdə yeni səhifə açmaq və qarşılıqlı suverenlik və müstəqilliyə hörmət, daxili işlərə qarışmamaq və ortaq maraqlar əsasında sağlam münasibətlər qurmaq niyyətindədir.
“İran və onun xalqı üçün yaxşılıq, təhlükəsizlik, sabitlik, rifah və inkişaf arzulayırıq”, – Salam deyib. O, həmçinin İrandan Livan üçün yeni səfir namizədi müəyyənləşdirməsini istəyib.
Salam əlavə edib ki, hazırda əsas prioritet İsrailin Livan ərazisindən tamamilə çıxması və hücumlarını dayandırması, Livan dövlətinin ölkənin bütün ərazisində öz hakimiyyətini bərqərar etməsi və silahların yalnız dövlətin nəzarətində olmasıdır.
İsrailin martın 2-dən etibarən Livana qarşı hücumlara başlamasından sonra Beyrutla Tehran arasında münasibətlər gərginləşib. Bu çərçivədə Livanın Xarici İşlər Nazirliyi martın 24-də İranın Beyruta təyin etdiyi səfir Məhəmməd Rza Şeybanini “arzuolunmaz şəxs” elan edib, onun akkreditasiyasını ləğv edib və ölkəni tərk etməsini tələb edib.
Avqustun 25-də “AA”ya danışan Livanlı rəsmi mənbə Şeybaninin diplomatik statusla deyil, İran vətəndaşı kimi yaşayış icazəsinin 6 ay müddətinə uzadıldığını bildirib.
Könül, Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ