Onlayn ictimai-siyasi qəzet
MDB-nin mənzil-qərargahında şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi üzrə səlahiyyətli orqanların Reqlamentinə dəyişikliklər layihəsinin razılaşdırılması ilə bağlı ekspert qrupunun iclası keçirilib.
Musavat.com MDB-nin rəsmçi saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın nümayəndələri, həmçinin MDB-nin müvafiq koordinasiya bürosu və İcraiyyə Komitəsinin təmsilçiləri iştirak ediblər. Ekspertlər bir sıra dövlətlərin təqdim etdiyi irad və təklifləri nəzərə alaraq layihəni yenidən işləyib və razılaşdırıblar.
Qeyd olunub ki, iclasın materialları sənədlərin dövlətdaxili razılaşdırılması üçün MDB ölkələrinə göndəriləcək. Bu proses başa çatdıqdan sonra qərar layihəsi müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim olunacaq.
Hazırda qüvvədə olan Reqlament MDB ölkələrinin hüquq-mühafizə orqanları arasında axtarışda olan şəxslərlə bağlı məlumat mübadiləsini və dövlətlərarası axtarışın həyata keçirilməsi prosedurlarını müəyyən edir. Dəyişikliklərin hansı konkret müddəaları əhatə edəcəyi isə sənədin yekun variantı təsdiqləndikdən sonra məlum olacaq. Reqlament 30 oktyabr 2015-ci ildə Düşənbədə MDB Hökumət Başçıları Şurasının qərarı ilə təsdiqlənib. Azərbaycan tərəfdən sənədi baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Sənəd MDB ölkələrinin hüquq-mühafizə orqanları arasında axtarışda olan şəxslərlə bağlı məlumat mübadiləsi və qarşılıqlı fəaliyyət mexanizmini müəyyənləşdirir. Dövlətlərarası axtarış çərçivəsində cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin aşkarlanması, tutulması və ekstradisiya məqsədilə saxlanılması, həmçinin məhkəmə qərarlarının icrasından yayınan şəxslərin yerinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, itkin düşmüş şəxslərin tapılması, şəxsiyyəti müəyyən edilməyən şəxslərin və naməlum meyitlərin identifikasiyası da dövlətlərarası axtarışın istiqamətlərinə daxildir.
Qaydalara əsasən, ölkə daxilində şəxsin axtarışa verilməsi avtomatik olaraq onun MDB məkanında dövlətlərarası axtarışa elan edilməsi demək deyil. Dövlətlərarası axtarış müvafiq prosedurlar əsasında həyata keçirilir və şəxsin axtarışı başladan ölkədən çıxması və ya digər MDB ölkəsinə getməsi ehtimalı da nəzərə alına bilər. Reqlament çərçivəsində MDB-nin Dövlətlərarası İnformasiya Bankından istifadə və səlahiyyətli orqanlar arasında məlumat mübadiləsi də nəzərdə tutulur. Bu dəyişikliklərin fonunda MDB məkanında axtarışda olan şəxslərlə bağlı hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi gözlənilir. Layihənin yekun təsdiqindən sonra yeni qaydaların hansı formada tətbiq ediləcəyi dəqiqləşəcək.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ