İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məkkə sazişi” genişlənərsə, Azərbaycan qoşulacaqmı? – Siyasi şərhçidən PROQNOZ

Avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan birgə müdafiə sazişi Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik gündəmində yeni səhifə açıb.

Türkiyə kimi NATO üzvünün, Pakistan kimi nüvə silahına malik yeganə müsəlman dövlətinin və Səudiyyə Ərəbistanı kimi böyük iqtisadi və regional təsir imkanlarına malik ölkənin vahid müdafiə mexanizmi ətrafında yaxınlaşması İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni modelinin formalaşması kimi qiymətləndirilir. Bunun NATO ilə tam eyniləşdirilməsinin doğru olmadığı bildirilsə də, sazişin kollektiv müdafiə prinsipi kifayət qədər ciddi siyasi mesaj daşıyır.

Türkiyə və Pakistan Azərbaycanın strateji tərəfdaşları olduqlarına görə, yeni təhlükəsizlik formatının yaranması Bakının regional və beynəlxalq mövqeyinə necə təsir göstərə bilər? “Məkkə sazişi” gələcəkdə Azərbaycanın da daxil olduğu daha geniş təhlükəsizlik və müdafiə əməkdaşlığı imkanları yarada bilərmi?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqamasında bildirib ki, “Məkkə sazişi”nin imzalanması müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən hadisələrdən biridir: “Bu proses çərçivəsində Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin bir araya gəlməsi yalnız üç ölkə arasındakı münasibətlər baxımından deyil, daha geniş regional təhlükəsizlik arxitekturasının formalaşması baxımından da əhəmiyyət daşıyır.

Təbii ki, bu təşəbbüsün meydana çıxmasında regionda və dünyada gedən proseslərin də ciddi təsiri var. Xüsusilə İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında baş vermiş silahlı qarşıdurma və bunun yaratdığı təhlükəsizlik reallıqları belə bir əməkdaşlıq formatının ortaya çıxmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilə bilər. Region dövlətləri üçün təhlükəsizlik məsələlərinin daha çox aktuallaşması onları yeni əməkdaşlıq mexanizmləri axtarmağa sövq edir. Burada əsas suallardan biri həmin formatın gələcəkdə nə dərəcədə genişlənə biləcəyidir".

Siyasi şərhçi hesab edir ki, bu əməkdaşlığın genişlənməsi daha çox Yaxın Şərqin ərəb ölkələri hesabına baş verə bilər. Çünki həmin dövlətlərin həm regional təhlükəsizlik məsələlərinə marağı, həm də mövcud geosiyasi proseslərdən birbaşa təsirlənməsi belə bir platformaya qoşulmaq ehtimalını artırır.

Azərbaycanın məsələyə yanaşması isə müəyyən mənada fərqlidir. Azərbaycan öz təhlükəsizlik arxitekturasını formalaşdırarkən yalnız bir istiqaməti deyil, bütövlükdə regional və qlobal balansı nəzərə alır. Ölkənin həm böyük dövlətlərlə, həm qonşu ölkələrlə, həm də müxtəlif regional güc mərkəzləri ilə münasibətləri var. Buna görə də Azərbaycanın belə bir pakta qoşulması ehtimalı hazırkı mərhələdə çox yüksək deyil”.

Azər Hüseynova görə, Azərbaycanın həmin pakta tamhüquqlu üzv olması ilə müxtəlif sahələr üzrə əməkdaşlıq etməsi arasında ciddi fərq var. Azərbaycan gələcəkdə təhlükəsizlik maraqları tələb etdiyi halda bu formatda olan ölkələrlə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq edə bilər. Lakin bu, avtomatik olaraq Azərbaycanın pakta qoşulacağı anlamına gəlmir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR