Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, özünü “təhsil eksperti” adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.
“Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü "ekspert" adlandırması əsaslı olar. Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və mümkündür", - Abbaszadə qeyd edib.
Maraqlıdır, təhsil ekspertlərinin özləri bu xüsusda nə düşünürlər?

Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mən də DİM sədri Məleykə Abbaszadənin təhsil ekspertləri ilə bağlı səsləndirdiyi fikirlərlə razıyam. Həqiqətən də ”təhsil eksperti" anlayışı bu gün bizim təhsil mühitində xaotik bir hal alıb. Tez-tez televiziya ekranlarında və kütləvi informasiya vasitələrində hələ çox gənc, hətta 1-2 il əvvəl təhsil almış şəxslərin Təhsil Nazirliyinin birbaşa və ya dolayı dəstəyi ilə “təhsil eksperti” kimi cəmiyyətə təqdim olunduğunun şahidi oluruq.
Halbuki ekspert anlayışı müəyyən bir sahədə dərin biliklərə, ciddi təcrübəyə və illərlə formalaşmış peşəkarlığa malik insan deməkdir. Əgər hər kəs “mən 10 il məktəbdə oxumuşam, məktəbin nə olduğunu bilirəm, deməli, ekspertəm” məntiqi ilə yanaşsa, bu halda ölkədə təxminən 10 milyon “ekspert” olmalıdır.
Təhsil sahəsində bu cür “ekspert bolluğunun” yaranmasının əsas səbəblərindən biri də odur ki, təhsillə birbaşa əlaqəsi olmayan, sahə üzrə peşəkar hazırlığı zəif olan çoxsayda şəxslər müxtəlif yollarla Elm və Təhsil Nazirliyində menecer qismində yer alıblar. Cəmiyyət də bunu görərək düşünür ki, əgər bu şəxslər sahə üzrə ciddi mütəxəssis olmadan qərarverici mövqelərə yüksələ bilirlərsə, onda pedaqoji təhsili olan, illərlə müəllimlik stajı keçmiş bir şəxs kimi onun da fikir bildirməyə haqqı var. Bir-iki dəfə fikir bildirəndən sonra da görür ki, həmin şəxsin söylədikləri bəzi məmurların səsləndirdiyi fikirlərdən daha dolğun, daha məzmunlu və əsaslandırılıb. Beləliklə, o şəxs cəmiyyətdə özünü “ekspert” kimi təqdim etməyə başlayır və zamanla artıq ekspert statusunda çıxış edir. Yəni burada ciddi bir xaos var.
Yadımdadır ki, təxminən 4-5 il əvvəl təhsil məmurları açıq şəkildə deyirdilər: “Biz özümüzə ekspert hazırlamalıyıq. Sonradan da məhz bu yanaşma reallığa çevrildi və müxtəlif kurs rəhbərləri, təlim mərkəzlərinin sahibləri birdən-birə "təhsil eksperti" kimi təqdim olundular. Təbii ki, bu, normal və qəbulolunan vəziyyət deyil. Sadəcə, bir kurs açmaqla, yaxud təhsilin hansısa xırda bir istiqaməti üzrə fəaliyyət göstərməklə insana “ekspert” adı vermək olmaz. Ekspert o şəxsdir ki, dərin biliklərə malik olsun, həmin sahədə elmi fəaliyyəti olsun, elmi dərəcəsi, akademik töhfələri mövcud olsun".
Dosent əlavə edib ki, ekspertlik yalnız ölkə daxilində televiziya ekranlarında görünməkdən ibarət deyil: “Əgər sən həqiqətən ekspert iddiasındasansa, beynəlxalq müstəvidə də tanınmalısan, xarici elmi mühitlərdə qəbul olunmalısan, təhsillə bağlı ciddi elmi problemləri qaldırmalı və onların həlli yollarını təklif etməlisən. Bir sözlə, ekspertlik bu gün bəzilərinin düşündüyü kimi asan, sadə və formal bir status deyil. Bu, uzun illərin biliyi, təcrübəsi və elmi zəhməti hesabına qazanılan məsuliyyətli bir anlayışdır. Digər bir məqam da var ki, bunu xüsusilə xatırlatmaq istəyirəm. Elm və təhsil naziri çıxışlarının birində bildirdi ki, ölkədə təhsil eksperti yoxdur, mən tanımıram. Bu, olduqca gülməli bir fikirdir. Çünki təhsil ekspertini məhz təhsil sistemi özü yetişdirməlidir. Əgər bir ölkədə təhsil eksperti yoxdursa, bu o deməkdir ki, həmin təhsil sistemi son 30-35 il ərzində son dərəcə səmərəsiz fəaliyyət göstərib və bu müddət ərzində təhsil sahəsi ilə bağlı əsaslı, sistemli və kompetent fikir söyləyə bilən insanlar formalaşmayıb. Bu isə artıq təkcə fərdlərin yox, sistemin ciddi problemidir. Ona görə də düşünürəm ki, nazir bu məsələdə yanılır. Şəxsən mən hər il 150-200-dən çox məqalə yazıram və bu yazıların böyük əksəriyyəti təhsilin acınacaqlı vəziyyətinə, struktur və məzmun problemlərinə həsr olunur. Əgər bizi - illərlə bu sahədə çalışan, yazan, tədqiqat aparan insanları - nazir ekspert və ya mütəxəssis hesab etmirsə, o zaman sual yaranır: bəs ekspert kimdir və biz onu haradan tanımalıyıq?
Əgər deyilirsə ki, biz adi müəllimik, ya da sıravi təhsil işçiləriyik, onda buyursunlar, nümunə göstərsinlər: ekspert necə olmalıdır? Hansı meyarlara cavab verməlidir?

Fuad Hacıyev
Ən vacib sual isə budur: əgər bir insan özü ekspert deyilsə, necə təhsil naziri ola bilər? Yalnız maliyyə və idarəetməni idarə etməklə, təhsil sistemini idarə etmək olmaz". Təhsil eksperti Fuad Hacıyev məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin səsləndirdiyi fikirlər müəyyən qədər başadüşüləndir və bu sahədə terminlərin sui-istifadəsi ilə bağlı real problemi gündəmə gətirir. Doğrudan da, "ekspert" anlayışı məsuliyyətli statusdur və bu adın yalnız populyarlıq və ya media görünürlüyü ilə istifadə edilməsi doğru deyil. Lakin eyni zamanda qeyd edilməlidir ki, müasir dünyada “təhsil eksperti” anlayışı yalnız dövlət strukturlarında çalışan və ya akademik məqalələri olan şəxslərlə məhdudlaşmır. Uzun illər real bazarda fəaliyyət göstərən, minlərlə tələbənin təhsil trayektoriyasını formalaşdıran, müxtəlif ölkələrin qəbul sistemlərini praktiki səviyyədə bilən və tətbiq edən şəxslər də faktiki olaraq ekspert biliklərinə sahib ola bilərlər. Bu biliklər bəzən nəzəri deyil, praktiki təcrübəyə əsaslanır və real nəticələrlə ölçülür".
Ekspertə görə, təhsil sahəsində ödənişli xidmət göstərmək özlüyündə nə mənfi haldır, nə də ekspertliyə ziddir: “Əsas məsələ odur ki, həmin şəxs verdiyi rəy və şərhlərdə şəxsi kommersiya maraqlarını ümumi təhsil siyasəti kimi təqdim etməsin və ictimaiyyəti yanlış yönləndirməsin. Əgər bir mütəxəssis həm bizneslə məşğuldursa, həm də ictimai müzakirələrdə çıxış edirsə, bu zaman şəffaflıq və məsuliyyət əsas meyar olmalıdır. Digər tərəfdən, etiraf etməliyik ki, Azərbaycanda uzun illər təhsil sahəsində ictimai müzakirələr əsasən rəsmi qurumların monopoliyasında olub. Alternativ baxışların, müstəqil qiymətləndirmələrin və sahədən gələn praktik səslərin artması isə cəmiyyət üçün faydalıdır. Bu səslərin hamısını "biznesmen" etiketi ilə kənara qoymaq dialoqa yox, qapanmaya xidmət edir.
Nəticə etibarilə, problem “təhsil eksperti” anlayışının kimə aid olması yox, bu adı daşıyan şəxsin bilik səviyyəsi, etik davranışı və ictimai məsuliyyətidir. Dövlət qurumları, akademik mühit və praktiki sahədə çalışan mütəxəssislər bir-birini inkar etmədən, əksinə, tamamlayaraq ümumi təhsil mühitinə töhfə verməlidirlər. Təhsil sahəsi yalnız idarəetmə sənədləri ilə deyil, real insan taleləri ilə ölçülür və bu talelərə toxunan hər kəsin sözü diqqətlə dinlənməlidir. Bir müddət öncə qəribə bir halla rastlaşdım. Bir şirkətin 19 yaşlı xanım əməkdaşı özünə xaricdə təhsil üzrə ekspert deyir. Xanımın özünün belə xaricdə təhsil təcrübəsi, yetərli biliyi yox, özünə xaricdə təhsil üzrə ekspert deyir. Belə hallar da normaldır artıq. Ölkəmizdə təhsili olmayan psixoloq, diplomsuz cərrah, kurs sertifikatlı diş həkimləri də kifayət qədərdir. Hər sahədə qeyri-peşəkarlar var, burada da elədir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ