Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak edəcək. Beləliklə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

“Prezident İlham Əliyevin Özbəkistana səfəri, Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü bunu bir daha təsdiqlədi. Belə ki, Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Burada Cənubi Qafqazın lokomotivi olan Azərbaycanın fəaliyyətini Mərkəzi Asiya istiqamətində genişləndirməsindən söhbət gedir.
Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb”.
Dövlət başçımız bu günlərdə Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində də qeyd etmişdi ki, “Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır””, - o qeyd edib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın bu formata məhz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən toplantıda qəbul edilməsi təsadüfi deyil:
“Belə ki, bu il Bakı ilə Daşkənd arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Cənab Prezidentin də söylədiyi kimi, “Son illər reallaşan qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.
Tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyir. Xüsusilə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri Azərbaycana qardaş dəstəyi nümayiş etdirir. Cənab Prezident Məşvərət Şurasının toplantısında bu məsələyə bir daha diqqət çəkdi və bu dəstəyi yüksək qiymətləndirdi. Mürəkkəb geosiyasi proseslər kontekstində region ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi zərurətə çevrilib.
Əməkdaşlığı daha da gücləndirmək, təhlükəsizliyə və davamlı inkişafa təhdidlərə qarşı koordinasiyalı cavab hazırlamaq yeni dövrün əsas vəzifələrindəndir. Bu xüsusda regional dialoqun strateji formata çevrilməsi vacibdir”.
N.Məmmədovanın sözlərinə görə, region ölkələri həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir:
“Belə ki, ilkin mərhələdə hədəf qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artırmaqdır. Regionda vahid investisiya mühitinin formalaşdırılması, virtual ticarət platformalarının yaradılması da əsas prioritetlər sırasındadır. Regionun yüksək texnologiyalı infrastrukturu və nəqliyyat-logistika potensialı yaxşı imkanlar yaradır. Bu xüsusda Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti var. Belə ki, dövlət başçımız bir daha bəyan etdi ki, “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.
Orta Dəhliz çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Cənab Prezidentin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. Bununla yanaşı, “yaşıl dəhlizlərin”, fiber-optik xətlərin və digər obyektlərin tikintisi və modernləşdirilməsi üçün strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üçün səylər birləşdirilir.
Beləliklə, qısa müddət ərzində Mərkəzi Asiya dialoqdan real tərəfdaşlığa keçdi. Cənubi Qafqaz ilə bu region arasında güclü bir körpü formalaşmaqdadır. Bu isə iki region arasında strateji əlaqəni və sabitliyi gücləndirəcək”.
Nigar HƏSƏNLİ
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ