İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur general Putini “topa tutdu”: HƏR YERDƏ İFLAS VAR

Rusiyanın hərbi-siyasi elitasına daxil olan tanınmış bir generalın səsləndirdiyi bu fikirlər adi tənqid deyil, mahiyyət etibarilə ittiham aktıdır. Məşhur rus hərbçisi, general-polkovnik Leonid İvaşov Ukraynaya qarşı başlanan və artıq 1400 günü geridə qoyan genişmiqyaslı müharibəni qiymətləndirərkən Kreml üçün son dərəcə təhlükəli nəticələr ortaya qoyur.

İvaşov bu müharibənin başlanmasına hələ 2022-ci ilin əvvəlində açıq şəkildə qarşı çıxmış, *Vladimir Putin*i “ölkəni fəlakətə sürükləməməyə” çağırmışdı. İndi isə, demək olar ki, dörd ildən sonra general bildirir ki, o vaxt xəbərdarlıq etdiyi ssenari tam miqyasda gerçəkləşib.

Onun sözlərinə görə, Rusiya nə əməliyyat-taktiki, nə də strateji səviyyədə hər hansı uğur əldə edə bilib. Əksinə, sənaye, elm, təhsil, səhiyyə, məhkəmə sistemi və iqtisadiyyat dərin çöküş mərhələsinə daxil olub. İvaşov Rusiyanın yeganə “lider” olduğu sahənin isə demoqrafik itkilər — yəni tələfat olduğunu vurğulayır.

Generalın ən sərt ittihamları birbaşa Putinin ünvanınadır. O bildirir ki, Rusiyada lider ətrafında kult yaradılıb, qərarlar reallıqdan qopmuş şəkildə qəbul olunur və bu, ölkəni həm müharibədə, həm də daxildə strateji məğlubiyyətə sürükləyir. İvaşovun fikrincə, Ukrayna müharibəsindəki bu məğlubiyyət Rusiyanın süqutuna qədər gedib çıxa bilər. Bununla da o, Kremlin illərlə formalaşdırdığı “qalib Rusiya” mifini alt-üst edir.

Leonid İvaşov uzun illər Ümumrusiya Zabitlər Məclisinin sədri olub və 2022-ci il mayın 19-da bu vəzifədən istefa verib.

Generalın açıqlamalarından seçilmiş əsas tezislər:

“Xüsusi Hərbi Əməliyyat başlamazdan əvvəl xəbərdarlıq etdim. Və demək olar ki, dörd il keçməsi mənim həmin tezislərimin amansız ədalətini göstərdi.”

“Əməliyyat-taktiki səviyyədə uğurlarımız yoxdur, strateji səviyyədə isə bütün istiqamətlərdə məğlubiyyətə uğramışıq.”

“Sənayenin bütün sahələri dağıdılıb.”

“Elm kritik vəziyyətdədir, təhsil isə faktiki olaraq məhv edilib.”

“Məhkəmə sistemi son dərəcə korrupsiyalaşıb. Bütün hakimləri prezident təyin edir. Xatırladım ki, iri korrupsionerlərin 98 faizi hakim Yedinaya Rossiya partiyasının üzvləridir.”

“Qiymətlərin vəhşicəsinə artması həyəcan doğurur, Rusiya xalqı göz görə-görə yoxsullaşır.”

“Tibb sistemi məhv edilir. Bütün regionlar səhiyyə xərclərini azaldır.”

“Məhsulların keyfiyyəti getdikcə pisləşir, palma yağı hər yerdədir, Rusiyada qida təhlükəli hala gəlir.”

“Rusiyanın lider olduğu yeganə sahə demoqrafiyadır — biz tələfatda liderik. Müharibəsiz də, müharibə isə kişiləri kütləvi şəkildə məhv edir.”

“Rəhbərlik öyünür ki, heç kimdə bizimki kimi silah yoxdur. Daha doğru demək olardı ki, heç bir hərbi sahədə bizim qədər oğurluq yoxdur.”

“Təcridolunma, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Ukraynaya dəstək bəyanatları verməsi — bu, böyük məğlubiyyətdir. Bizim müttəfiqlərimiz yalnız Şimali Koreya və Belarusdur. Onlar isə kömək etməyəcək, əksinə, resurslarımızı soracaqlar. Bizdə isə bu resurslar artıq tükənmək üzrədir.”

“Mən uzun illər çinlilərlə işləmişəm. Çin Rusiyanın müttəfiqi deyil. Bu, Kreml tərəfindən yaradılmış mif və təbliğatdır.”

“Putin birbaşa efirdə qarışıq danışırdı. Ekranda hər şey yaxşı görünür, amma hara baxırsan — hər yerdə uğursuzluqdur. Bütün bunlara görə məsuliyyət Putinin üzərindədir. O, öz dünyasında yaşayır. Kult yaradılıb, lakin o, məhdudiyyətləri səbəbindən bu yükün öhdəsindən gələ bilmir. Nəticədə iqtisadiyyatdan tutmuş ‘Xüsusi Hərbi Əməliyyat’a qədər hər sahədə iflas var.”

İvaşov hələ 2022-ci ildə açıq şəkildə yazırdı ki, bu müharibə Rusiyanın mövcudluğunu təhdid edəcək. Bu gün isə onun sözlərinə görə, Ukrayna ilə müharibədəki strateji məğlubiyyət Rusiyanın dövlət kimi süqutuna yol aça bilər.

E. Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR