Onlayn ictimai-siyasi qəzet
“Hesab edirəm ki, bu məktub haqlı olaraq mühüm infosəbəbə çevrildi, çünki Kırlıkovanlı faktiki olaraq Ruben Vardanyanın heç də qibtə olunası olmayan tarixinə onun prizmasından baxmağı təklif etdi. Bu məsələnin maliyyə qatı çox ciddidir”.
Bu fikirləri Musavat.com-a politoloq Elmira Talıbzadə bildirib.

Politoloq qeyd edib ki, Vardanyan onilliklər ərzində Rusiya maliyyə bazarının nəzərəçarpan simalarından biri olub, onun karyerası ilk növbədə Rusiya maliyyə sektorunda qurulub:
“1992-ci ildən o, sonradan 2012-ci ildə Sberbanka satılan “Troika Dialog”a rəhbərlik edib. Hətta 2019-cu ildə OCCRP-nin bank məlumatlarının sızması əsasında apardığı araşdırma “Troika Laundromat” adlandırılan sxemi üzə çıxardı və burada söhbət ən azı 76 ofşor şirkətdən gedirdi ki, onların vasitəsilə 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar keçib, şəbəkə daxilindəki daxili tranzaksiyaların ümumi həcmi isə 8,8 milyard dollara çatıb! Belə fırıldaqların həyata keçirilməsi üçün yeganə “maket”, bir növ “reputasiya qalxanı” rolunu oynayan və həmin uydurulmuş imicin qorunmasına xidmət edən layihələr, Corc Kluni və başqaları da daxil olmaqla, tanınmış Qərb simaları ilə sıx əməkdaşlıq idi. Lakin əgər söhbət ictimai xadimdən gedirsə, onun həyatının və siyasi fəaliyyətinin digər istiqamətlərini də qiymətləndirmək lazımdır. Və burada biz Qarabağa gəlib çıxırıq…2022-ci ilin sonunda Vardanyan Qarabağda peyda olur, separatçı strukturun qondarma “rəhbərliyində” vəzifə tutur, son dərəcə sərt siyasi bəyanatlar verir və obyektiv olaraq mütəşəkkil terrorizmə çağırış kimi qiymətləndirilən mövqedən çıxış edir və təbii ki, bu, atəşkəsin münaqişədən sonrakı mərhələsinin irəliləməsinə xidmət etmirdi. Bildiyimiz kimi, Vardanyan Qarabağdakı erməni qanunsuz silahlı birləşmələrinin yenidən silahlandırılmasında iştirak edib, onların müasir silahlarla təmin edilməsinə, hətta pilotsuz uçuş aparatlarının alınmasına və döyüşçülər üçün təlim infrastrukturunun yaradılmasına maliyyə və təşkilati dəstək göstərib! Lakin 2023-cü ildə Azərbaycan ordusunun parlaq antiterror əməliyyatından sonra o, Azərbaycan ərazisini tərk etməyə cəhd göstərərkən saxlanılıb. Bundan sonra isə artıq siyasi diskussiya deyil, sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır əməllərlə bağlı ittihamların haqlı olaraq araşdırıldığı məhkəmə müstəvisi başlayır. Proses zamanı onun qanunsuz silahlı birləşmələrin fəaliyyətinin təmin edilməsində, separatçı strukturun maliyyələşdirilməsində və təşkilati dəstəyində rolu araşdırıldığı üçün bu gün onu “humanitar xadim” kimi təqdim etmək cəhdi son dərəcə gülünc görünür. Fikrimcə, burada məsələ hətta Kırlıkovalının məktubunda da deyil, nüfuzlu insanların beynəlxalq reputasiyasının necə formalaşdırılmasındadır. “Ruben Vardanyan kimi bir cinayətkar azad edilməyənədək, “mən Azərbaycanda mühazirə oxumayacağam”,-deyən Nassim Nikolas Taleb tanınmış amerikalı esseist, tədqiqatçı və Nyu-York Universitetinin professoru, “qara qu quşu” konsepsiyasının müəllifidir. Bununla yanaşı, onun erməni mövzusuna münasibəti və Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı birtərəfli xarakter daşıyan ictimai bəyanatları çoxdan sirr deyil! Bəs Taleb öz arqumenti ilə faktiki olaraq məhz kimi müdafiə edir? Qarşımızda fəaliyyəti cinayət hökmü ilə başa çatmış bir insan var. Artıq başa düşdüyümüz kimi, müasir dünyada pul çox effektiv reputasiya infrastrukturu yaratmağa imkan verir. Lakin reputasiya sağlam düşüncəni və obyektiv təhlili əvəz etməməlidir. Əlbəttə ki, Talebin öz mövqeyinə sahib olmaq hüququ var, amma intellektual dürüstlük bütün tərəflərə eyni səviyyədə skeptisizm tətbiq etməyi və məlum faktları qəbul etməyi tələb edir. Əgər kimsə “humanizmdən” danışırsa, o zaman ondan Vardanyanın sponsorlarından biri olduğu münaqişənin qurbanları barədə soruşmaq lazımdır. Əgər kimsə insan hüquqlarından danışırsa-öz evlərindən qovulmuş minlərlə azərbaycanlını xatırlamaq lazımdır. Əgər konkret bir şəxsi müdafiə edirsə, motivlərin obyektivliyinə baxmaq lazımdır!”
E.Talıbzadə vurğulayıb ki, Azərbaycan öz ərazisinə sahib olmaq hüququnu kiməsə sübut etməli və ya suverenliyini bərpa etmək üçün kənardan icazə gözləməli olan dövlət vəziyyətində deyil:
“Dünya Azərbaycan Ordusunun və peşəkar diplomatiyasının kimi məğlub etdiyini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində mövcud olmuş qanunsuz qurumun nəyi təmsil etdiyini gördü. Talebin özünə gəldikdə isə mən belə deyərdim: Azərbaycanda çıxış etmək üçün dəvət onun intellektual statusuna hörmətin ifadəsi idi, Azərbaycana siyasi xidmət göstərmək xahişi deyildi. Əgər o, imtina etmək qərarına gəlibsə, bu, onun seçimidir. Lakin mühazirədən imtinanı Azərbaycana qarşı mənəvi nəsihətə çevirmək tamamilə əsassızdır. Nəticə etibarilə, öz ərazi bütövlüyünü bərpa etmiş ölkə bunu yenidən separatizmin irsini əsaslandırmağa çalışan şəxslərdən qiymət almaq üçün etməyib”.
Qeyd edək ki, türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq onu Ruben Vardanyanla bağlı mövqeyinə yenidən baxmağa çağırıb. Belə ki, Kırlıkovalı məktubunda Nassim Nikolas Talebin Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsi ilə bağlı “X” sosial şəbəkəsində verdiyi son ictimai bəyanatı tənqid edib.
Nigar Həsənli
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ