Onlayn ictimai-siyasi qəzet
Bakıda 27 iyul-2 avqust tarixlərində 17 yaşadək şəxslər arasında güləş üzrə dünya çempionatı keçirildi. Yarış klassik (yunan-Roma) və sərbəst güləş növləri üzrə idi və Azərbaycan idmançılarından heç kəs 1-ci yeri tuta bilmədi.
Necə deyərlər, doğma divarlar gənclərimizə kömək etmədi. Səhv etmirəmsə, 4 nəfər gümüş, 3 nəfər bürünc qazandı, qadınlar arasında ümumiyyətlə medal alan olmadı. Qadın komandamızın baş məşqçisi, tanınmış idmançımız Mariya Stadnik deyib ki, bütün uğursuzluğa görə məsuliyyəti öz üzərimə götürürəm. Sərbəst güləşçilərin məşqçisi Hacı Əliyev isə bu idman növündə ABŞ, İran, Yaponiya idmançılarının güclü olduğunu söyləyib. Bununla da söhbət bağlanıb. Yəqin ki, daha heç kəsi güləşimizin tənəzzülü narahat etməyəcəkdir.
Halbuki, ortada başqa statistikanın olduğu vaxtlar qədim keçmişdə deyil. 2025-ci ilin U-17 dünya çempionatında idmançılarımız 2 qızıl, 1 gümüş, 4 bürünc medal almışdılar. 2024-də 2 qızıl, 1 gümüş, 7 bürüncümüz vardı. 2023-də qızılların sayı hətta 3 idi, o biriləri yazmağa həvəsim yoxdur. Ümumiyyətlə, statistikaya baxanda güləşdə, mənim fikrimcə, tənəzzül görünür. Nəticədə belə getsə, milli güləş komandamız tamamilə dağıstanlı, iranlı və gürcüstanlı legionerlərdən düzəldiləcək.
Halbuki, o biri idman növlərinə baxanda güləş bizdə həmişə populyar və uğurlu olub, yəqin bunun milli-tarixi kökləri də var idi. Biz adətən “komanda idman növlərini bacarmırıq, çünki birliyimiz zəifdir, əvəzində yaxşı güləşirik” deyə təsəlli tapırıq. U-17 futbol komandamız Avropa və dünya çempionatlarının təsnifat turnirlərində biabırçı hesablarla uduzanda bu heç vecimizə deyil, bir-iki sahə mütəxəssisindən başqa bunu görən olmurdu. İndi bu uğursuzluq zolağına U-17 güləşçilərin düşməsi pis xəbərdir.
Yenə xüsusi qeyd edirəm ki, belə baxırsan hər yerdə uşaqları güləşə yazdıran valideynlər var. Zirzəmilər, çardaqlar, tin-bucaq güləş seksiyaları ilə doludur. Federasiyanın sədri isə sayın iqtisadiyyat nazirimizdir. Bəs uğur niyə yoxdur? İqtisadiyyatda qazanılan uğurlar idmanın bu növündə niyə özünü göstərmir? Hesab edirəm ki, bu istiqamətdə düşünməyə dəyər.
Bəlkə həyəcan təbili çalmaq hələ tezdir, ancaq düşüncələrimi də yazmağı borc bildim. Hər bir halda, yəqin hamımız istəyirdik ki, Bakıda keçirilən dünya çempionatında Ermənistanın himni kimi (onlar 1 qızıl qazandılar) bizim himn də səslənsin. İndi söz əlaqədar təşkilatlarındır.
Əlbəttə, oxucular yanlış anlamasın, əslində güləş idman növü olaraq şəxsən mənim maraq dairəmə daxil deyil. Bəlkə yetmiş yeddinci dərəcədə... Ancaq, necə deyərlər, qayğanaq haqqında fikir yürütmək üçün mütləq yumurtlamaq lazım deyil. (Hərçənd, bizdə adətən camaat və hökumət bu cür fikirləşir). Sadəcə, hökumətin idmana yüksək səviyyədə diqqətinə baxmayaraq - az qala hər kənddə olimpiya mərkəzləri açılıb – xalqımız idman eləmək istəmir. Lap o kinodakı vəziyyətdir: “Niyə oynamırsınız, ayə!?” Məsələn, olimpiadalarda ən uğurlu vaxtlarımız səhv etmirəmsə, 2010-cu illərin ortalarında qalıb. (İnternetdə baxdım, səhv etməmişəm, ən çox medal qazanılan olimpiadalar London-2012 və Rio-2016-dır).
Əvəzində idmançıların adları əlləm-qəlləm işlərdən çıxır. Gah kimisə tutub döyürlər, gah dələduzluq edirlər. Ən son bir qaydasız döyüş idmançısı haqda xəbər var idi, dövlət torpağını çəpərləyib, xətləyib ona-buna kefi istəyən qiymətə satırmış. Ta bu qədər də qaydasız yox da!
05 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ