Onlayn ictimai-siyasi qəzet
Qeyri-adi hadisə ilə üzləşmişik: keçmiş məmurun qızının xaricdə mal-mülkləri tapılmışdır. Əslində elə çox məbləğ də eləmir. Hardasa 7-8 milyon dollarlıq. Necə deyərlər, biz daha çox gözləyirdik, ona görə təəccüblənmişik.
Burada ikinci heyrət doğuran cəhət mülklərin məhz xaricdə, deyəsən Nyu York tərəflərdə tapılmağıdır. Ümumiyyətlə, bizim hörmətli dövlət qulluqçuları o şəhəri sevirlər. Keçmiş xarici işlər nazirimiz Elmaryarovun (ana dilimizdə danışdığı formada soyadını yazmalıyıq), məsələn. Bu da dövlət qulluqçularımızın necə vətənpərvər insan olduğunu göstərir. Axı çirkli pullarla ana vətəni niyə batırıb, bulayasan? Ən yaxşısı bu qara pulları xarici qara qüvvələrin məskəninə, indiki halda lap episentrinə tullamaq məsləhətdir. Halal olsun. Mən kövrəldim bir qədər. İnşallah, gələn Novruzda Manhettendə viski içərik!
Ancaq bu əziz bazar gününü, əlbəttə, çirkli temalarla zibilləmək, sayın oxucuların qanını qaraltmaq istəmirəm. Xoş xəbərlər vaxtıdır. Lakin ilin-günün bu vaxtında xoş xəbəri hardan tapasan? Boliviyadan!
Bəli, orada yeni bir pişikkimilər növü aşkara çıxarılmışdır. Belə qanlı-qadalı dövrümüzdə, müharibələrin, qırğınların zəmanəsində yeni pişiyin tapılması nə qədər gözəldir... Elmə məlum olmayan pişik imiş. Hərçənd, dəli şeytan deyir, guya bundan qabaqkı pişiklər elmə nə qədər məlum idi ki...
Yeni pişiyin kəşfi temasında yazıya qəzetdə olduqca maraqlı başlıq qoymuşdular: “Nə yediyi və necə yaşadığı bilinməyən yeni heyvan”. Mənə elə gəlir ki, bu pişik Güney Amerika cəngəlliklərində aşkar edilsə də, ata yurdu Qafqaz, hardasa bizim tərəflər olmalıdır.
Niyə bu qənaətə gəlmişəm? Biz də təxminən o pişik kimi yaşadığımız üçün! Guya bizim nə yediyimiz və necə yaşadığımız hökumətə, elmə, ən əsası, elə özümüzə məlumdurmu? Qətiyyən.
Məsələn, eşşək ətindən kabab, sementdən qaymaq, nə bilim, ağcaqanad budundan kolbasa yeyirik, bütün bunları isə bizə dövlət standartıyla satırlar. Nə yeməyimiz, nə suyumuz, nə tozlu-paslı havamız elmə məlumdur. Ən əsası isə büdcəmizdir. Heç kim başa düşmür ki, orta statistik azərbaycanlının maaşı, pensiyası, təqaüdü 300-500 manat arası dəyişdiyi halda, həmin bu yoldaşın xərcləri ayın sonunda 1500 manatı necə keçir? O şadlıq sarayına 100 manat, bu sünnətə 200, cərimələrə 300, kommunala 200, “Ayfon” kreditinə 300, canım sənə desin, uşağın məlliminə 250, mal həkiminə 50, can həkiminə 150, arvadın saçı 100, ərin domino xərcləri 50, zibil pulu, bələdiyyə vergisi, uzunqulaq böyürtkəni yediyi üçün ekologiyaya ödəmələr və sairə və ilaxır – hesablayanda bəzən 1500 manatdan çox olur. Amerikalı iqtisadiyyat üzrə Nobel mükafatı alan yoldaşlara bu məsələnin həllini tapşırıblar, biri özünü bizim məmurun binasının damından atmaq istəmişdir. Çünki elm buna cavab tapmaqda acizdir.
“Burger King” adlı restoranlar şəbəkəsi var, dünyada bu cür işlərin qabaqda gedənlərindən biridir. Keçən həftə bizim mediada xəbər getdi ki, şəbəkənin Azərbaycan bölümündə 35 nəfər işçiyə əmək haqqı verilmir. 5-10-15 min manatlıq müxtəlif məbləğdə borclar yaranıbmış. Həmin bu restoranlar şəbəkəsinin dünyada illik dövriyyəsi 2 milyard dollardan çox olur. Ancaq bizə çatanda yazıq işçilərin “1 abbasını verməyə” can çəkirlər. Təsəvvür elə. “Xaşalqarın” at dönəri salonu da işçiyə maaş ödəmir, dünya şöhrətli “Burger King” də.
Boliviyadakı pişik nə yeyib-içir, alimlər gec-tez bunu öyrənəcəklər. Bizim “Burger Kinq”in işçiləri aylardır hansı qida ilə yaşayır, təəssüf ki, bu axıracan qaranlıq qalacaq.
Yəqin müvəqqəti tədbir olaraq Nyu Yorkdakı əmlakı satıb işçilərə ödəmək lazımdır.
Sonda bir tapmaca: “Ovun alsan mırıldar,
Sığallasan xoruldar”. Buna düzgün cavab verən ilk oxucuya Nyu Yorkda halal zəhmətlə əldə olunmuş siçan deşiyi hədiyyə ediləcəkdir.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ