Onlayn ictimai-siyasi qəzet
ABŞ-də məşhur olan İtalyan mətbəxi konsepti ilə fəaliyyət göstərən Fazoli's restoran şəbəkəsi sahibi "FAT Brands" şirkətinin iflas prosesindən sonra son 9 ay ərzində 50 restoranını bağlayıb.
Şirkətin rəsmi restoran siyahısına görə, 17 avqust 2026-cı il tarixinə ABŞ ərazisində 142 Fazoli's restoranı fəaliyyət göstərir. 5 noyabr 2025-ci ildə isə şəbəkənin 192 restoranı fəaliyyət göstərirdi.
Musavat.com CNBC-yə istinadən xəbər verir ki, şirkət təxminən 9 aylıq müddətdə restoranlarının 26 faizini bağlamış olub.
Fazoli's bu müddət ərzində Alabama ştatından da tamamilə çıxıb. 2025-ci ilin noyabrında ştatda 2 restoranı olan şəbəkənin hazırda burada heç bir filialı qalmayıb.
"The Street"in əldə etdiyi məlumatlara görə, şəbəkə son dövrdə ABŞ-ın müxtəlif ştatlarında filiallarını bağlamaqda davam edib.
Miçiqan ştatının Battle Creek şəhərindəki restoranın bağlanması ilə Fazoli's Qərbi Miçiqan bazarından tamamilə çıxıb. Şirkətin ştatdakı restoranlarının sayı 2025-ci ilin noyabrında 7 olduğu halda, hazırda 2-yə düşüb.
Miçiqanda fəaliyyət göstərən iki restoran Jackson və Lansing şəhərlərində yerləşir.
Nebraska ştatında da iyul ayında Lincoln şəhərindəki restoranlardan biri bağlanıb. Bununla da ştatdakı restoranların sayı 5-dən 3-ə düşüb.
Kentukkidə isə Central Kentucky bölgəsindəki iki restoranın bağlanmasından sonra şirkətin ştatda 26 restoranı qalıb. Kentukki hazırda Fazoli's-in ən çox restorana sahib olduğu ştatdır.
Son 9 aylıq dövrdə Fazoli's-in ən çox restoran itirdiyi ştat Indiana olub. Ştatdakı restoranların sayı 29-dan 18-ə düşüb və 11 restoran bağlanıb. Kentukkidə 7, Miçiqanda 5, Missuridə isə 6 restoran fəaliyyətini dayandırıb.
Fazoli's-in restoranlarının sayı Florida, Corciya və Ayovada 2-dək, Tennessi və Viskonsində isə 3-dək azalıb.
Arizona isə restoran sayının artdığı yeganə ştat olub. Buradakı Fazoli's restoranlarının sayı 2-dən 3-ə yüksəlib.
1988-ci ildə Kentukki ştatının Lexington şəhərində yaradılan Fazoli's sürətli xidmət modeli ilə makaron, pizza, sendviç, salat və desertlər təqdim edir.
Şəbəkə xüsusilə sürətli xidmət modeli və münasib qiymətləri sayəsində böyüyərək bir vaxtlar 28 ştatda 208 restorana qədər çatıb.
Fazoli's Olive Garden və Domino's kimi böyük şəbəkələrdən fərqli olaraq sürətli xidmət və paket servisə yönəlmiş model tətbiq edir.
Lakin şirkət son illərdə artan işçi qüvvəsi, ərzaq, enerji, sığorta və ödəniş sistemi xərcləri ilə yanaşı, istehlakçı xərclərinə olan təzyiqdən də təsirlənib.
ABŞ Milli Restoran Assosiasiyasının məlumatlarına görə, restoran sahiblərinin 90 faizindən çoxu ərzaq, işçi qüvvəsi, sığorta, enerji və ödəniş əməliyyatı haqlarını sektorun ən böyük problemləri sırasında göstərir. Restoran sahiblərinin 42 faizi isə 2025-ci ildə bizneslərinin gəlir gətirmədiyini bildirib.
Fazoli's-in sahibi "FAT Brands" 2026-cı ilin yanvarında ABŞ-ın Texas Cənub Bölgəsi üzrə İflas Məhkəməsinə könüllü olaraq Chapter 11 iflasdan müdafiə üçün müraciət edib.
Şirkətin iflas müraciətinin əsas səbəbi satınalmalar və maliyyələşdirmə strategiyaları ilə əlaqəli yüksək borclanma olub.
"FAT Brands"in ümumi borcunun təxminən 1,5 milyard–1,58 milyard dollar arasında olduğu təxmin edilirdi.
Şirkət Chapter 11 prosesi çərçivəsində balansındakı borc yükünü azaltmağı, maraqlı tərəflər üçün dəyəri qorumağı və restoran brendlərinin fəaliyyətini davam etdirməsini təmin etməyi qarşısına məqsəd qoyub.
İflas üçün müraciət etməzdən əvvəl də 32 restoranını bağlayan "FAT Brands" proses zamanı Fazoli's ilə yanaşı, Fatburger və Smokey Bones kimi digər brendlərinə məxsus bəzi restoranları da bağlayıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ