İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli futbol ferması

Norveç futbol yığmasının oyunçusu Erlinq Haaland barədə maraqlı informasiyalar çox yayıldı, onun gah oxşarını tapdılar, gah yeniyetmə vaxtı oxuduğu rep gündəmə gəldi. Ümumilikdə, Haaland əksər norveçlilər kimi pozitiv enerjisi, hətta uduzanda belə ruhdan düşməməyi, rəqibi təbrik edərək meydançadan üzügülər çıxmağı ilə yadda qaldı. Onunla bağlı növbəti xəbər kənd təsərrüfatına meylli olmağı, haçansa idmanı tərk edəndə ferma açıb inək saxlamaq istəməyi haqqında idi.

Bunu oxuyanda fikirləşdim ki, kaş bizim futbolçular da mal-heyvan saxlamaqla məşğul olardı, özü də karyeranı dərhal bitirərək. Gözləməyin nə mənası var, əgər Malta adasına da uduzursansa? Ümumiyyətlə, bütün federasiya, rəhbərlik və texniki işçilər içində olmaqla, fermerlik etsə xalqımıza, o cümlədən özlərinə daha böyük xeyir verər. Stadionlarda qoyun otarsalar, ətin qiyməti düşər.

Hərçənd, dəli şeytan dinc durmadı, məni qıdıqladı və pıç-pıç elədi ki, səncə bunlara heyvan etibar eləmək olarmı? O danalar dabaq olub ölməzmi? Qoyunlar qayadan uçmazmı? Çəpişləri canavar yeməzmi?

Bir az düşündüm, gördüm şeytan da olsa, haqlıdır. Bizdə “quzuları canavara qapdıranlar” bir çox sferalarda vardır. Məsələn, hal-hazırda Ağır Cinayət Məhkəməsində bir gülməşəkər “investisiya şirkətimizin” məhkəməsi keçirilir. Ona görə dırnaqda yazdım ki, bu lotuların investisiyası əsasən ordan-burdan pul atmaq, dələduzluq yolu ilə varlanmaq istiqamətində imiş, ortada başqa hər hansı fəaliyyət yoxdur. Uzun sözün qısası, milli dələduzlarımızın torba tikdiyi yoldaşlardan biri də oliqarx-nazirlərdən birinin dost-doğma oğludur. Övladın 16 milyon manatını qapazlayıblar, guya bu pulla polad şirkətinin səhmləri alınacaqmış.

Buyur. Necə deyərlər, yaxşı oğul neylər ata malını, pis oğul da həmçinin, neylər ata malını. Yazıq valideyn gecə-gündüz yatmayıb, 16 milyon əkişdirib, verib uşağa, bu da pulu batırıb, oğrulara qapdırıb.

Diqqətli oxucu “ad çək” soruşsa, cavabım hazırdır: nazirin, oğlunun adını məhkəmə bitmədiyi üçün yazmıram. Çünki hələ dəqiq bilinmir kim kimə atıbdır. Bəlkə istintaqın, araşdırmanın sonunda məlum olacaq ki, dələduzlar nazirin oğlunu yox, nazirin oğlu dələduzları aldatmışdır. Mümkün deyilmi? Mümkündür. Fövqəladə hadisə deyildir.  Hətta bəzən fırıldaq qururlar, çirkli pulları bu yolla aradan çıxarırlar. Guya oğurlanıbdır. Guya kimsə aldanmışdır. Bizdə belə “investisiya lahiyələri” azmı olmuşdur? Çay axan yerdə körpünü nənəm də tikər, oğul ona deyərik çay axmayan yerdə körpü tiksin, milyonları basıb yesin. Xalqımız arasında belə oğrulara həmişə böyük hörmət qoyulmuşdur. Bunun mahnısı da var idi: “Yeyib-içən oğlan yaman olmaz”. Meyxanaçı Bayram müəllim oxuyurdu, Kürdəxanıda yolu keçəndə maşın vurdu, öldürdü.

Sözgəlişi, dələduzluqda ittiham edilən yoldaşın axırda aydan arı, sudan duru çıxmaq ehtimalını havadan yazmadığımı bir fakt da isbat edir: onu əvvəlcə tutmuşdular, lakin sonra, məhkəmə başlayanda ev dustaqlığına buraxmışlar. Bu da bizim hüquq sisteminin reallığıdır: hansısa əcnəbidən 16 manat (məsəl üçün) qrant alan jurnalisti, ictimai fəalı ev dustaqlığı cəhənnəm, hətta məhkəməyə də qandalla gətirib-aparırlar, 16 milyonu əkişdirən isə evdə sərin kondisionerin altında ev dustağı şəklində xurma ilə çay içir.

Baxmayaraq hörmətli bir nazir oğluna kələk gəlmişdir! 16 milyon kimdən çıxıb, hansı mənbədən yağmalanıb, bunu nəzərə alıblar yəqin. Xalqın pulu dənizdir, onu yeməyən donuzdur – bu məsələ əsaslanaraq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR