Onlayn ictimai-siyasi qəzet
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İranda böyük etirazlara gətirən dollar böhranına onun nazirliyi səbəb olub.
Nazir bu barədə Senatın İqtisadiyyat Komitəsi qarşısında ifadə verərkən danışıb:
"Maliyyə Nazirliyi və biz ölkədə (İranda - red.) dollar çatışmazlığı yaratdıq. Mən bu strategiyanı ötən ilin mart ayında Nyu-York İqtisadi Klubunda çıxışımda açıqladım. Bu, dekabr ayında sürətli və deyərdim ki, möhtəşəm bir sonluğa gətirib çıxardı".

Bessent qeyd edib ki, bu tədbirlər İranın ən böyük banklarından birinin iflasına, İran valyutasının çökməsinə və inflyasiyanın artmasına səbəb olub. O, insanların küçələrə çıxmasının səbəbinin iqtisadi nəticələr olduğunu aydınlaşdırıb.

Politoloq Azad Məsiyev Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ maliyyə nazirinin sözləri əslində minlərlə insanın ölümünü möhtəşəm nəticə adlandırmaqdır:
"Təəssüf ki, onlar siyasi və iqtisadi maraqları naminə minlərlə, on minlərlə günahsız insanın ölümünə sanki sevinirlər. Bu, çirkin bir siyasətdir və bütün humanizm normalarının pozulmasıdır. Bu bəyanat bütün dünya ölkələrinə və xalqlarına əslində "ayılın və inanmayın" mesajı verir. ABŞ başda olmaqla İran əleyhinə Qərb koalisiyası uzun müddətdir yaradılıb.
Bu koalisiya uzun illərdir İran iqtisadiyyatını çökdürmək və nəticədə xalqın etirazlara başlamasına nail olmaq üçün İrana qarşı çoxsaylı sanksiyalar tətbiq edir. İran iqtisadiyyatını çökdürüb sosial vəziyyəti gərginləşdirmək və inqilab situasiyası yetişdirmək qarşıya məqsəd qoyulub. ABŞ-nin maliyyə naziri həmin bəyanatla da bunu təsdiq etmiş oldu. Yəni məqsəd İran xalqını mövcud hakimiyyətdən xilas edib güzəranını yaxşılaşdırmaq deyil. Məqsəd İranda qarşıdurma, xaos vəziyyəti yaratmaq və bu vəziyyətdən öz strateji planlarını həyata keçirmək üçün yararlanmaqdır. İranda son genişmiqyaslı etirazların meydana gəlməsində bu ölkədəki ABŞ casus şəbəkəsi də rol oynadı".
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ