Onlayn ictimai-siyasi qəzet
Moskvanın Kudrinsk meydanındakı Balzi Rossi restoranında baş vermiş partlayışdan sonra Rusiya hərbi elitası ilə bağlı yeni məlumatlar üzə çıxıb. Məlumata görə, partlayış baş verən gün Hərbi Hava-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun yaxın çevrəsinə aid edilən daha bir yüksək rütbəli hərbçi vəfat edib.
Musavat.com xəbər verir ki, Moskvadakı Troekurov qəbiristanlığında general-mayor, Cənub Hərbi Dairəsinin 49-cu Ordusunun keçmiş komandan müavini Valeri Ploxotnyukun dəfn mərasimi keçirilib.
Araşdırma müəlliflərinin məlumatına görə, generalın şəxsiyyət sənədlərindən biri 1 avqust – Balzi Rossi restoranındakı partlayışın baş verdiyi gün etibarsız sayılıb. Bununla belə, onun pasportunun hələ də qüvvədə olduğu bildirilir.
Çayko ilə hansı əlaqəsi var?
Araşdırmada qeyd olunur ki, sızdırılmış məlumat bazalarında Valeri Ploxotnyuk ilə HHKQ-nin baş komandanı Aleksandr Çayko qohum kimi göstərilir. Qohumluğun xarakteri açıqlanmasa da, hər iki hərbçinin 2000-ci illərin əvvəllərində Moskva vilayətinin Naro-Fominsk şəhəri yaxınlığında eyni mənzildə qeydiyyatda olduğu bildirilir.
Bundan başqa, telefon kitabçalarından birində Ploxotnyukun adı "Maşanın xaç atası Valera Ploxotnyuk" kimi qeyd edilib. "Maşa"nın isə Çaykonun qızı Mariya olduğu ehtimal edilir.
Araşdırma müəllifləri həmçinin bildirirlər ki, Ploxotnyukun həyat yoldaşı Marina Ploxotnyuk sosial şəbəkələrdə Aleksandr Çaykonun həyat yoldaşı Svetlana və qızı Mariya ilə əlaqə saxlayıb.
Hərbi karyerası və son işi
Məlumata görə, Valeri Ploxotnyuk 2021-ci ildə Cənub Hərbi Dairəsinin 49-cu Ordusunun komandan müavini olub və həmin vəzifədə "Ordu-2021" forumunun bağlanış mərasimində iştirak edib.
Sızdırılmış məlumatlara əsasən, o, 2022-ci ilin noyabrında akademik V.S. Semenixin adına Avtomatik Avadanlıqlar Elmi-Tədqiqat İnstitutunda işləməyə başlayıb. Müəssisə hərbi və mülki təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması ilə məşğuldur.
Bundan əlavə, 2023-cü ildə Ploxotnyuk Moskvada daşınmaz əmlakın idarə edilməsi və icarəsi ilə məşğul olan "Avtek" şirkətində pay sahibi olub.
Partlayışla bağlı əvvəlki məlumatlar
Xatırladaq ki, 1 avqust axşamı Moskvanın elit Balzi Rossi restoranının girişində partlayış baş verib. Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, naməlum qadın hədiyyə qismində gizlədilmiş əldəqayırma partlayıcı qurğunu restorana keçirməyə çalışarkən təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb və bundan sonra partlayış baş verib.
Rusiya mənbələrinin məlumatına görə, həmin gün restoranda Aleksandr Çaykonun 55 illik yubileyi qeyd olunurdu.
Partlayış nəticəsində Çaykonun kürəkəni Daniil Peredriy həlak olub, qızı Mariya isə yaralanıb. Rusiya rəsmiləri hadisədə ölən və yaralanan yüksək vəzifəli qonaqların tam siyahısını hələ də açıqlamayıblar.
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ