Onlayn ictimai-siyasi qəzet
Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misir arasında yeni siyasi təmas xətti yaranır. Dörd ölkənin xarici işlər nazirləri avqustun sonunda İstanbulda bir araya gələcək. Bu da regionda baş verən proseslər fonunda xüsusi diqqət çəkir. Görüşün gündəliyində regional təhlükəsizlik, Qəzza və Yaxın Şərqdə artan gərginlik kimi məsələlərin ön plana çıxması gözlənilir. Bu görüşü daha maraqlı edən əsas məqam isə onun Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişindən dərhal sonraya təsadüf etməsidir. Razılaşmaya əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər tərəflərə də edilmiş hücum kimi qəbul olunacaq. Saziş qarşılıqlı müdafiə və regional çəkindirmə mexanizminin gücləndirilməsini nəzərdə tutur.
İndi isə bu mexanizmə Misirin mümkün qoşulması məsələsi gündəmə gəlib. Qahirə artıq sazişə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb və bununla bağlı dövlət qurumlarında geniş qiymətləndirmə aparılır.

İstanbul görüşü məhz bu baxımdan sıradan diplomatik toplantıdan daha böyük məna daşıyacaq. Əgər Misir "Məkkə Sazişi"nə qoşularsa, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan formatı daha geniş regional təhlükəsizlik platformasına çevriləcək. Bu isə Yaxın Şərqdə təhlükəsizlik balansına, xüsusilə İsrail, İran və ABŞ-la münasibətlərə təsirsiz ötüşməyəcək.
İstanbul görüşündən hansı nəticələr gözlənilir? Misirin Məkkə Sazişinə qoşulması artıq real siyasi gündəmə çevrilir? Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin yaratdığı yeni format Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi? Məkkə Sazişi regional müdafiə ittifaqına çevriləcəkmi?
Politoloq Əli Orucov Musavat.com-da öncəliklə qeyd etdi ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın imzaladığı birgə müdafiə sazişi ciddi hadisədir və pərakəndə düşən, hətta bir-birlərinə qarşı cəbhələrdə yer alan islam coğrafiyasının birgə təhlükəsizlik arxitekturasının qurulması yolunda atılmış cəsarətli addımdır:
“Bəzən bu strateji hərbi paktı müsəlman NATO-su adlandırırlar. Müdafiə məsələlərində ən effektiv, etibarlı format sayılır. Məlum olduğu kimi Səudiyyə Ərəbistanın maliyyə imkanları, Türkiyənin sürətlə inkişaf edən hərbi sənayesi və güclü ordusu, Pakistanın nüvə arsenalına malik olması həmin sazişin gücünün əyani göstəricisidir. Hər üç dövlət dünya siyasətində fəal rol oynayır və aparıcı qabiliyyətə malikdirlər. Məkkə Birgə Müdafiə Sazişinə Misirin və Qətərin də ilkin mərhələdə qoşulacağı barədə məlumatlar səsləndirilir və ehtimal olunur ki, hər iki ölkə tərəddüdlər içərisində olsalar da, sonunda qətiyyətli qərar verəcəklər. Qətərlə Türkiyə hərbi-strateji müttəfiqdir. Türkiyənin bu ölkədə hərbi bazası mövcuddur. Misirə gəldikdə isə, ərəb dünyasında liderlik iddasındadır və bu yükü tam anlamı ilə üzərinə götürməyə çalışır. Sisi ilə Ərdoğan arasında bir müddət əvvəl xoş olmayan münasibətlər var idi və son dövrlərdə bu gərginliklər demək olar ki, tam şəkildə aradan qaldırılıb”.

Politoloqun sözlərinə görə, İran-ABŞ müharibəsi bir reallığı çılpaqlığı ilə üzə çıxardı ki, astronomik hərbi xərclər, Birləşmiş Ştatların hərbi mövcudluğu Körfəz ölkələrinin təhlükəsizliyini xarici müdaxilələrdən və hücumlardan qoruya bilmədi:
“Əksinə ABŞ-ın varlığı regionda təhlükə mənbəyinə çevrilir. Hələ onu da demək lazımdır ki, bütün bu hərbi bazalar və obyektlərin saxlanılması da məhz Körfəz ölkələrinin hesabına təmin olunur. Digər tərəfdən Tramp hakimiyyətinin hər cür dəstəyini alan İsrailin hazırkı radikal iqtidarı Yaxın Şərqdə vahid hegemon güc olmaq və yeni ərazilərin işğalı istiqamətində təcavüzkar siyasətini həyata keçirməkdədir. Heç bir ölkə özünü İsrail təhlükəsindən sığortalı hiss etmir. Misirin özünün də yenidən İsraillə toqquşması istisna edilmir. İran rejiminin dəstəklədiyi proksi qüvvələrin və məzhəbçiliyin ixracı bölgə dövlətləri üçün təhlükə mənbələrindən biri olaraq qalır. Ona görə də həm region, həm də regionda maraqları olan ölkələrinin yeni bir konsalidasiyaya, təhlükəsizlik çətirinə ciddi şəkildə ehtiyac yarandı. Həmin ölkələr nəhayətdə kənara-ABŞ-a arxayın olmayaraq öz təhlükəsizliklərinin və maraqlarının təmini məsuliyyətlərini öz üzərlərinə götürmək məcburiyyətində qaldılar. Misirin xarici işlər nazirinin də iştirakı ilə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan xarici işlər nazirləri ilə keçiriləcək müzakirələrdə Qahirənin bu sazişə qoşulması üçün inandırılması məncə mümkün olacaq. Ola bilər ki, bu müzakirələr bir necə dəfə aparılsın. Qeyri-sabit və mürəkkəb dünyada birgə müdafiə zərurət doğurur və bunsuz heç bir ölkə özünü güvəndə hiss etmir. Fikrimcə, Məkkə Birgə Müdafiə Sazişi həm İsrailə, həm də onun dəstəkvericisi ABŞ-a mesaj ötürdü ki, region ölkələrinin, Yaxın Şərqin təhlükəsizliyinin gələcəyi və qeyri-sabitliyinin dayandırılmasının açarı məhz regionun öz əlində olacaq. Ondan sonra isə, İsrail "özünü müdafiə" bəhanəsi ilə istədiyi vaxt istənilən dövləti bombarduman edə bilməyəcək. Bu baş verərsə, ciddi fəsadlar doğurar. Hesab edirəm ki, Misirlə bərabər digər islam ölkələri də bu sazişə qoşularaq, beynəlxalq sülhə və təhlükəsizliyə töhvə verərək, balansı bərpa edə biləcəklər”.
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ