İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşi silaha çevirmək - nasist Almaniyasının “Sonnengewehr” layihəsi

XX əsrin birinci yarısı elm və texnologiyanın sürətlə inkişaf etdiyi, eyni zamanda elmi nailiyyətlərin hərbi məqsədlərlə geniş şəkildə istifadə olunmağa başladığı bir dövr olub. Xüsusilə II dünya müharibəsi zamanı Almaniyada raketlər, reaktiv təyyarələr və digər qabaqcıl silah sistemləri üzərində aparılan tədqiqatlar sonrakı kosmik texnologiyaların inkişafına da təsir göstərib. Bu dövrdə ortaya çıxan ən qeyri-adi ideyalardan biri isə Sonnengewehr, yəni “Günəş silahı” adlandırılan nəzəri orbital silah konsepsiyası olub.

Sonnengewehr-in əsas ideyası olduqca sadə, lakin texniki baxımdan son dərəcə mürəkkəb olub: kosmosda nəhəng konkav güzgü yerləşdirmək və Günəş şüalarını həmin güzgü vasitəsilə Yer səthində müəyyən bir nöqtəyə cəmləşdirmək. Beləliklə, Günəş enerjisindən istifadə etməklə düşmən şəhərlərinə və ya strateji obyektlərə böyük istilik təsiri göstərilməsi nəzərdə tutulub. İdeyanın əsası alman-rumın kosmik tədqiqatçısı Hermann Oberf tərəfindən irəli sürülüb.

Hermann Oberf və ideyanın yaranması

04e75677-ff10-4a7d-b63b-152543dcf2fa.jpeg (24 KB)

Sonnengewehr konsepsiyasının tarixi 1920-ci illərə gedib çıxıb. Hermann Oberf kosmik uçuşun nəzəri əsaslarını araşdıran qabaqcıl alimlərdən biri olub. Onun 1923-cü ildə nəşr olunan “Die Rakete zu den Planetenräumen” (“Planetlərarası kosmosa raket”) əsəri raket texnologiyasının və kosmik uçuşun nəzəri əsaslarının inkişafında mühüm rol oynayıb. 1929-cu ildə Oberfin genişləndirilmiş Wege zur Raumschiffahrt (“Kosmik uçuşa aparan yollar”) əsərində kosmik stansiyalarla bağlı daha ciddi fikirlər yer alıb. Burada kosmosda yerləşdirilə biləcək böyük reflektorların, yəni güzgülərin istifadəsi haqqında düşüncələr də mövcud olub.

NASA-nın erkən kosmik stansiyalarla bağlı tarixi materialında Oberfin orbital stansiya konsepsiyalarında kosmosda hazırlana bilən böyük reflektor güzgülərdən bəhs etdiyi qeyd edilib. Bu stansiyaların elmi müşahidələrdən tutmuş hərbi məqsədlərə qədər müxtəlif funksiyalara malik ola biləcəyi düşünülüb.
Həmin mərhələdə məqsəd mütləq şəkildə şəhərləri məhv etmək olmayıb. Kosmik güzgülərdən enerji toplamaq, müşahidə aparmaq və müxtəlif elmi məqsədlər üçün istifadə etmək kimi ideyalar da mövcud olub. Sonradan bu texnologiyanın hərbi potensialı daha çox diqqət çəkməyə başlayıb.

İdeyanın hərbi layihəyə çevrilməsi

16011339-fe8f-40b6-87c2-221f630f3006.jpeg (36 KB)

II dünya müharibəsi illərində Almaniya rəhbərliyi müharibənin gedişatını dəyişə biləcək texnologiyalara böyük maraq göstərib. V-1 və xüsusilə V-2 raketləri bu siyasətin ən tanınmış nümunələrindəndir. Almaniyada raket tədqiqatlarının inkişafı 1930-cu illərdə hərbi strukturların diqqətini cəlb edib. Almaniyanın müasir aerokosmik mərkəzinin (DLR) tarixi məlumatlarına görə, 1932-ci ildə Almaniya ordu silahlar idarəsi Kummersdorfda müstəqil raket tədqiqat proqramına başlayıb və gənc Vernher von Braunu bu işə cəlb edib.

Məhz bu raket texnologiyası gələcəkdə kosmosa çıxmaq ideyasının nəzəri olaraq daha ciddi qəbul edilməsinə səbəb olub. Müharibənin sonrakı mərhələsində Oberfin kosmik stansiya və nəhəng güzgü ideyalarının hərbi tətbiqi haqqında düşüncələr meydana gəlib. Sonnengewehr konsepsiyasının müharibə dövründə Almaniyanın Hillersleben ərazisindəki hərbi tədqiqatlarla əlaqələndirildiyi mənbələr mövcuddur. Konsepsiyanın daha sonrakı təsvirlərində Yer səthindən minlərlə kilometr yüksəklikdə yerləşən kosmik stansiyadan istifadə edilməsi və böyük metal reflektor vasitəsilə günəş işığının hədəfə yönəldilməsi nəzərdə tutulub. Bəzi tarixi mənbələr reflektorun bir neçə kvadrat kilometr sahəyə malik ola biləcəyini qeyd edib. Sonnengewehr-in iş prinsipi konkav güzgü prinsipinə əsaslanıb. Adi böyüdücü şüşənin günəş işığını kiçik bir nöqtəyə toplaması kimi, nəhəng orbital güzgü də günəş şüalarını Yer səthində müəyyən bir sahəyə cəmləşdirə bilib. Nəzəri olaraq belə bir sistem üç əsas hissədən ibarət olmalı olub:
1. Kosmik stansiya və ya orbital platforma – güzgünün yerləşdirilməsi və idarə olunması üçün;
2. Nəhəng reflektor – günəş işığını toplamaq və istiqamətləndirmək üçün;
3. Yönləndirmə sistemi – güzgünün Yer üzərində seçilmiş hədəfə doğru dəqiq istiqamətləndirilməsi üçün.

c7698c04-2d52-4501-832b-678e35ee6578.jpeg (60 KB)

Oberfin əvvəlki konsepsiyalarında təxminən 100 metrlik güzgüdən bəhs edilib. Daha sonrakı hərbi təsvirlərdə isə bundan qat-qat böyük reflektorlar haqqında danışılıb. Elmi tarixçi Mişel J. Neufeldin araşdırmasına görə, Oberfin erkən kosmik stansiya ideyalarında hətta çox böyük güzgülərin Yer səthində istilik yaratmaq və müxtəlif hərbi obyektlərə təsir göstərmək üçün istifadə olunması ehtimalı nəzərdən keçirilib.

Nəzəri olaraq, güzgünün ölçüsü nə qədər böyük olarsa, daha çox günəş enerjisi toplamaq mümkün olub. Lakin burada mühüm problem yaranıb: günəş işığını böyük məsafədən Yer üzərində kiçik bir nöqtəyə dəqiq fokuslamaq son dərəcə mürəkkəb optik və mühəndislik məsələsidir. Sonnengewehr-in qarşısındakı ən böyük problem ideyanın nəzəri olaraq düşünülməsi deyil, onu reallaşdırmaq üçün lazım olan texnologiyanın olmaması idi. 1940-cı illərdə insanlığın Yer orbitinə böyük konstruksiyalar göndərmək imkanları son dərəcə məhdud olub. Bundan əlavə, güzgünün kosmosda hazırlanması, idarə edilməsi, Günəşə və Yerə münasibətdə düzgün istiqamətləndirilməsi, orbital sabitliyin qorunması və nəhəng konstruksiyanın temperatur dəyişikliklərinə davam gətirməsi kimi problemlər yaranıb.

Sonnengewehr həqiqətən mümkün idimi?

f41e61e9-aadd-4973-84ba-55c2ef723f72.jpeg (121 KB)

Burada “mümkün” sözünü iki fərqli mənada ayırmaq lazımdır. Birinci mənada — günəş işığını güzgü ilə fokuslamaq — bu, fiziki cəhətdən tamamilə real hadisədir. günəş şüalarının konkav güzgü vasitəsilə bir nöqtəyə toplanması adi optik prinsipdir.

Lakin ikinci məsələ — bu prinsipi kosmosda nəhəng silaha çevirmək — tamam başqa səviyyədə mühəndislik tələb edib. Güzgünün ölçüsü böyüdükcə onun hazırlanması, orbitə çıxarılması, idarə olunması və dəqiq fokuslanması problemləri də böyüyüb. Bu səbəbdən Sonnengewehr-i “tamamilə fantastik” adlandırmaq da düzgün deyil. Onun əsas fiziki prinsipi realdır, lakin 1940-cı illərin texnologiyası ilə belə nəhəng orbital sistemin yaradılması praktik olaraq mümkün deyildi.

Sonnengewehr XX əsrin texnoloji tarixində elm, kosmik tədqiqat və hərbi strategiyanın necə bir-birinə qarışa bildiyini göstərən maraqlı nümunələrdən biri olub. İkinci dünya müharibəsi bu elmi ideyanın hərbi potensialının nəzərdən keçirilməsinə səbəb olub. Lakin texniki imkanların məhdudluğu, böyük maliyyə və resurs tələbatı, raket texnologiyasının yetərincə inkişaf etməməsi və müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatması nəticəsində Sonnengewehr heç vaxt real silaha çevrilməyib.

4dfdbd8c-0051-40b5-8c36-beb018eb1a8c.jpeg (27 KB)

Bununla belə, bu layihənin tarixi əhəmiyyəti qalıb. Sonnengewehr göstərir ki, kosmik texnologiyanın inkişafı yalnız elmi kəşflərlə deyil, həm də hərbi strategiya və siyasi məqsədlərlə əlaqəli olub. Bu gün orbital güzgülər, günəş enerjisindən kosmosda istifadə və yönləndirilmiş enerji sistemləri haqqında aparılan elmi müzakirələrə baxdıqda, 1920–1940-cı illərin bəzi ideyalarının nə qədər uzaqgörən, eyni zamanda öz dövrü üçün nə qədər qeyri-real olduğu daha aydın görünür. Əsas nəticə: Sonnengewehr təkcə hazır vəziyyətdə mövcud olmuş “gizli nasist silahı” deyil, kosmik tədqiqat kontekstində yaranmış, daha sonra hərbi məqsədlərlə genişləndirilmiş nəzəri orbital silah konsepsiyası olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR