Onlayn ictimai-siyasi qəzet
"Brussels Signal" nəşri yazır ki, Rusiya Ermənistana Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək üçün təzyiq göstərir.
Moskva hesab edir ki, Avropanın Ermənistanda daha güclü iştirakı onun ölkə daxilində iqtisadi və siyasi təsirini, eləcə də təhlükəsizlik sahəsindəki nüfuzunu təhdid edir.
“Rusiya Ermənistandan hər iki yolu eyni anda davam etdirmək cəhdindən əl çəkməsi üçün getdikcə daha çox təzyiq göstərir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin avqustun 11-də Ermənistanın dekabr ayına qədər Aİ-yə qoşulmaq və ya AİB-də qalmaqla bağlı ümumxalq referendumunun keçirilməsi barədə qərar verməli olduğunu bildirib.
O, əlavə edib ki, məsələ dekabr ayında Ali Avrasiya İqtisadi Şurasının gündəliyinə yenidən çıxarılacaq və AİB müqaviləsinin dayandırılmasının Ermənistan üçün nəticələri barədə hesabat təqdim olunacaq.
Qaluzin qeyd edib ki, "Əgər referendum çağırışı o vaxta qədər eşidilməsə, liderlər gələcəkdə müvafiq birgə addımlar atmaq barədə qərar verərkən bu faktı nəzərə alacaqlar".

Nəşrin yazdığına görə, o, mayın 29-da Astanada keçirilən AİB sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin qəbul etdiyi birgə bəyanata istinad edib. Bəyanatda Ermənistanın bu məsələni ümumxalq səsverməsinə çıxarması tələb olunub.
Moskvanın İrəvan üçün əhəmiyyəti ticarətdən daha da irəli gedir. Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşı və əsas enerji təchizatçısı olaraq qalır və iki ölkə ənənəvi olaraq sıx hərbi və təhlükəsizlik əlaqələri saxlayır. İrəvan 2024-cü ilin fevralından etibarən alyansın siyasi fəaliyyətində iştirakını dayandırsa da, Ermənistan rəsmi olaraq Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır.
Eyni zamanda, Ermənistanın Aİ ilə münasibətləri də dərinləşib.

Mayın 22-də Rusiyanın kənd təsərrüfatına nəzarət orqanı Rosselxoznadzor Ermənistan güllərinin idxalını məhdudlaşdırıb, daha sonra qadağanı tərəvəz, üzüm, çəyirdəkli meyvə və quru meyvələrə də şamil edib. İyunun 12-də isə fitosanitar pozuntuları əsas gətirərək karantin nəzarətinə alınan bütün Ermənistan məhsullarının idxalını dayandırıb. İrəvan Avrasiya İqtisadi Komissiyasına şikayət ərizəsi ilə müraciət edib.
Brüssel siyasi dəyişiklikləri maliyyə yardımı ilə dəstəkləyib. İyunun əvvəlində Avropa Komissiyasının prezidenti fon der Leyen 52 milyon avroluq paket elan edib və bununla da Aİ-nin Ermənistana göstərdiyi ümumi yardımın məbləği 288 milyon avroya çatıb.
İyulun 2-də, iki ay ərzində İrəvana ikinci səfəri zamanı fon der Leyen qalan 18 milyon avronun Ermənistana "ticarətini gücləndirməyə və şaxələndirməyə" kömək edəcəyini açıqlayıb. Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizini liberallaşdıracaq muxtar ticarət tədbirləri təklif edilib. Bu tədbirlərin Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 1 aprel 2026-cı ildə Kremldə Paşinyanla görüşündə bu məsələyə birbaşa toxunub. Moskvanın Ermənistanla Aİ arasında münasibətlərin inkişafına sakit yanaşdığını bildirən Putin xəbərdarlıq edib: “Avropa İttifaqı ilə gömrük ittifaqında və AİB-də eyni vaxtda olmaq mümkün deyil. Bu, sadəcə mümkün deyil”.
O, əlavə edib ki, məsələ "hətta siyasi deyil, sırf iqtisadi xarakter daşıyır" və gömrük qaydaları, bazara çıxış və fitosanitar standartlardakı fərqlərə toxunub.
Paşinyan bu ziddiyyəti etiraf edərək bildirib ki, Ermənistan "hər iki ittifaqda üzvlüyün uyğunsuz olduğunu" başa düşür, lakin ölkənin hələlik iki gündəmi uzlaşdırmağa davam edə biləcəyini israr edib. O bildirib ki, proses nəticədə seçim edilməli olan bir nöqtəyə çatarsa, bu qərarı Ermənistan vətəndaşları verəcək.
"O vaxtdan bəri o, Moskvanın təklif etdiyi cədvəli rədd edib. Avqustun 13-də Ermənistan rəsmi olaraq Aİ üzvlüyü üçün ərizə təqdim etdikdən sonra səsvermənin mütləq keçiriləcəyini bildirib”, - deyə nəşr qeyd edir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, ilin sonuna qədər Moskva İrəvana təzyiqləri gücləndirməyə davam edəcək.

Onun sözlərinə görə, dekabrda Ermənistanla bağlı qərar verilməyə və ertələnə bilər. Çingiz Qənizadənin fikrincə, buna kimi oktyabrda MDB sammitində Putinlə Paşinyan bəzi məsələləri müzakirə edəcək: "Zənnimcə, erməni hökumət başçısı Kreml liderindən möhlət istəyəcək. Hətta bəzi razılaşmalar əsasında bəzi güzəştlər, yumşalmalar mümkündür. Odur ki, dekabrdan əvvəl oktyabrda erməni mallarına qoyulan qadağa probleminə aydınlıq gətiriləcək. Ancaq o demək deyil ki, Rusiyanın Ermənistanla münasibətləri normallaşacaq".
Hüquq müdafiəçisi qeyd edib ki, Paşinyan ölkəsinin Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir və bu siyasi kursu yürüdəcək: "Onun Avrasiya İqtisadi Birliyindən çıxması indi risklidir, asılılıq böyükdür. Əgər adekvat təminat olarsa, üzvlükdən dərhal çıxar. Sadəcə, Paşinyan vaxt udmağa çalışır. O baxımdan, dekabrda referendum gözləmirəm".
Emil Salamoğlu
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ