Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Nikolas Maduro ilə ötən ilin 12 dekabrda telefonla danışıb, ona ürək – dirək vermişdi.
Rəsmi məlumatda bildirilirdi ki, Putin həmkarına Venesuela xalqı ilə həmrəy olduğunu bildirib və artan xarici təzyiqlər qarşısında Maduro hökumətinin milli maraqların və suverenliyin qorunmasına yönəlmiş siyasətini dəstəklədiyini bir daha təsdiqləyib. Həmçinin hər iki tərəf ticarət, iqtisadiyyat, enerji, maliyyə, mədəniyyət, humanitar və digər sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə qarşılıqlı sadiq olduqlarını bir daha vurğulayıblar.
Bu da “həmrəylik”, bu da “sadiqlik”, “dəstək”. 16 illik hakimiyyətə 3 saatlıq əməliyyatla son verildi. Amerika xüsusi təyinatlıları, şair necə demişdi: “Gəldi, götürdü ovu, etdi fərar…” İndi Rusiya, Çin, Kuba…digərləri Maduronun arxasınca həsrət ilə baxırlar. Əslində Donald Trampın canlı şəkildə izlədiyi “Maduro əməliyyatı” Venesuela xalqından və dövlətindən çox, Putin Rusiyasına qarşı keçirilən əməliyyatdır. Rusiya bu ölkəni özünün təsir dairəsi hesab edirdi. Venesuela xalqının küçə və meydanlara axışıb, qaçırılma əməliyyatını bayram eləməsi, Uqa Çavesin heykəllərinin aşırılması ABŞ-nin zahirən bu xalqa çox böyük yaxşılıq etdiyi görüntüsünü yaradır. Bu mənada Trampın Venesuela prezidenti və həyat yoldaşının qaçırılması əməliyyatı birbaşa Putinə sürprizdir, böyük pislikdir. Venesuelada prezident Maduronun və həyat yoldaşının yataqda tutulması və Nyu-York küçələri ilə məhkəməyə aparılması Rusiyaya zərbə, həmçinin xəbərdarlıqdır. Putinin müttəfiqlərindən biri olan Maduronun müsibəti çətin ki, unudulsun. 2024-cü ildə Kreml Yaxın Şərqdə əsas müttəfiqi olan Suriya diktatoru Bəşər Əsədi itirdi, 2026-cı ilin ilk günlərində də Maduronu. Əsəd ailəsini qızılları ilə birgə qaçıran Rusiyanın heç olmasa təskinliyi var. Amma Maduro müsibəti bir başqadır. Qərblə müharibə şəraitində olan, Ukraynanın işğalını davam etdirən Rusiyanın faktiki nüfuz imkanları daralmaqdadır. Rusiya Venesuelaya milyardlarla dollar kredit ayırmışdı, batdı. Üstəlik, ölkənin ən müasir silah və hərbi texnikaları faktiki olaraq ABŞ-nin tabeçiliyinə keçəcək.
![]()
İllər öncə Venesuelada Rusiyanın hərbi mövcudluğu da geniş müzakirə mövzusu idi. Beynəlxalq media bildirirdi ki, strateji raketdaşıyıcıları ilə təchiz olunmuş, həmçinin nüvə başlıqlı qanadlı raketləri daşıya bilən Tu-160 təyyarələrinin yerləşdiyi hərbi baza ABŞ-ın Qərb yarımkürəsindəki materik hissəsinə ciddi təhdid yaradır. Hətta Karib dənizində yerləşən Orçila adasında Rusiyanın hərbi baza qura biləcəyi ehtimalından bəhs olunurdu. Rusiyanın “Nezavisimaya qazeta” qəzeti də hərbi-diplomatik mənbələrə istinadən rəsmi Moskvanın Venesuelada strateji təyyarələr yerləşdirmək istədiyini bildirmişdi. Hətta Rusiyanın iki strateji Tu-160, An-124 “Ruslan” ağır hərbi-nəqliyyat və “İl-62” uzun məsafəli təyyarələri 5 sutka ərzində Venesuelada olmuşdular. Keçən ilin noyabrdında isə Kolumbiya Universitetinin professoru Jeffrey Sachs Rusiyanın hərbi gəmilərinin Venesuela sularına gəlməsini regiondakı güc balansının dəyişməsi kimi izah etmişdi. Bu da son...

ABŞ-nin 150 helikopterlə keçirdiyi əməliyyatın qarşısını almağa Venesueladakı Rusiya istehsalı olan S-400 sisteminin yaramaması artıq lağ obyektinə çevrilib. Suriyadan sonra Rusiya daha bir plasdarmını itirdi, özü də biabırçı şəkildə. Maduro Trampın acığına qol götürüb oynayanda ağlına gəlməzdi ki, gecənin bir aləmi gəlib yatağından götürəcəklər. Venesuela prezidenti BRİKS sammitində Rusiya prezidenti ilə Kazanda görüşməkdən məmnunluğunu heyranlıqla söyləmişdi, “Bu, inanılmaz görüş idi, çünki əməkdaşlıq üçün güclü yol xəritəmiz var. Biz təsdiq etdik ki, Rusiya ilə Venesuela arasında dostluqdan əlavə, güclü müttəfiqlik var”, – deyərək. Bu da “yol xəritəsi”: Karakas-Nyu-York marşrutu.
Rusiya prezidentinin “Maduronun yanındayıq”, bəyanatı da sadəcə söz xatirinə deyilib. Putin və Maduro videokonfrans vasitəsilə danışarkən iki ölkə arasında, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunmuşdu. Putin “Strateji tərəfdaşlıq və əməkdaşlıq məsələsində tam razılığa gəldik. Bu anlaşma ikitərəfli əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradacaq”- demişdi.

Bir azdan Venesuela sərvətlərinin qamarlanması ilə bağlı yeni-yeni məlumatlar gələcək. Artıq start verilib. Rusiya və bir sıra digərləri həsədlə baxırlar. “Maduronu dərhal azad etməyə çağırırıq”, bəyanatından uzağa gedə bilmədilər.
Trampın Venesuelaya rəhbərlik edən Delsi Rodrigesə xəbərdarlığından sonra məlum olub ki, müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı nefti Birləşmiş Ştatlara təhvil verəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, bu neft bazar qiymətinə satılacaq. “Bu vəsaitin Venesuela və ABŞ xalqlarının mənafeyi naminə istifadə olunmasını Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi şəxsən mən təmin edəcəyəm. Mən energetika katibi Kris Raytdan bu planın dərhal həyata keçirilməsini xahiş etdim. O, saxlama gəmiləri ilə daşınacaq və birbaşa ABŞ-dəki boşaltma limanlarına çatdırılacaq”. Hələ qarşıda nələr olacaq...

“Dava yorğan davası idi”, demək də olar. Maduro və arvadını qartal caynağında quzu aparan kimi apardılar. “Tamaşa” bitəcəkmi? Təbii ki, yox. Bu, təkcə “narkomafiyaya qarşı mübarizə” də deyil. Eyni zamanda bu əməliyyat reytinqi enişə yol alan Trampın təkcə ABŞ daxilində “xal” toplamaq niyyətindən də irəli gəlmir. Hətta “prezidentqaçırma əməliyyatı” onun əleyhinə də işləyə bilər, Nyu York şəhərinin müsəlman meri Zohran Mamdaninin Tramp zəng etdikdən sonra “Mən prezident Trampa açıq şəkildə dedim ki, Venesuelaya qarşı hücum da, Maduro və onun ailəsinin həbsi də yanlış addımdır. Bu, nə beynəlxalq hüquqa, nə də ədalət anlayışına uyğundur”, deməsi də ictimai rəyə təsirsiz ötüşməyəcək.
“Madurolar əməliyyatı”nın təməlində təkcə 916,445 kvadrat kilometr əraziyə malik 30 milyonluq Venesuelanın dünyanın neft ehtiyatlarının 17 faizinə - 303 milyard barel neft ehtiyatına (dünyada 1-ci) malik olması da dayanmır. Təbii qaz ehtiyatları 5,6 trilyon kubmetrdən çox olmaqla Qərb yarımkürəsində yalnız ABŞ-dən geri qalaması da öz sözünü deyir. Venesuela 4,5 milyard ton dəmir filizi ehtiyatları ilə regionda Braziliyadan geridədir. Həmçinin alüminium istehsalında istifadə olunan boksit ehtiyatlarına görə bu ölkə dünyada 950 milyon tonluq “pay”a sahibdir. Həmçinin qızıl, almaz, hidroenergetika sarıdan zəngin bir ölkədən söhbət gedir. Təbii ehtiyatları 14,3 trilyon dollara çatan özü zəngin, əhalisi miskin ölkədən söhbət gedir. Belə bir ölkənin başına postmoduro dövründə çətin ki, tezliklə “xoşbəxtlik quşu” qonsun.

Yeri gəlmişkən, Maduronun əməliyyatı təkcə Rusiyaya yox, elə İrana da ağır zərbədir. İran hakimiyyəti Maduro rejiminin əsas dəstəkçilərindən biri idi...Şimal və cənub qonşularımız Suriyada olduğu kimi, Venesuelada da ağır, biabırçı məğlubiyyətə düçar oldular. Məhz buna görə də bir neçə gündür “Madurodan sonra növbə kimindir”- sualının cavabında konkret adlar çəkilir. ABŞ-nin Maduro əməliyyatı beynəlxalq hüquqa ziddir, bu, bir başqa mövzudur. Amma Maduro özü və komandası məgər beynəlxalq hüquqmu sayırdı? Eləcə də bu gün öz xalqına qarşı silah işlədən İran rejimi və Ukraynaya fəlakətlər yaşadan Rusiya beynəlxalq hüququ yadına salırmı? Özünü nəhəng hesab edən bəzilərinin yuxuları ərşə çəkilib. Üstəlik də sanksiyalar burulğanında çabaladıqları bir vaxtda “yağlı”, neft-qazlı, dəmirli, almazlı... Suriya “yarası” sağalmamış, Venesuela da əldən çıxdı... Beləcə, “Müsibəti Moduro” hadisəsi həm də 14,3 trilyon dollarlıq sərvətin arxasınca həsrət-həsrət baxan iki qonşumuzun Trampa biabırçı məğlubiyyətidir.
Elşad PAŞASOY,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ