Onlayn ictimai-siyasi qəzet
Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı araşdırmalar davam edir. Qəza zamanı gəmidə çalışan və istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşı Valeh Hümbətovun yaxınları onun hadisədən sonra taleyindən xəbər ala bilmədiklərini bildirirlər.
Saxlanılan şəxsin əmisi oğlu Firuz Hümbətov Musavat.com-a deyib ki, Valeh hadisə baş verən zaman anasına zəng edib. Xaçmaz rayonunun Palçıqoba kənd sakini olan Firuz Hümbətovun sözlərinə görə, Valeh gəminin batdığını anasına bildirərək sonuncu dəfə onunla danışıb: “Valeh 6 ay idi ki, Türkiyədə gəmidə matros işləyirdi. Hadisə zamanı anasına zəng edib deyib ki, “Vəssalam, gəmi batır, nə olacağını bilmirik. Hər ehtimala qarşı sənə zəng elədim”. Sonra nişanlısına da zəng edib. Bundan sonra onunla əlaqə kəsilib”.
Firuz Hümbətov bildirib ki, ailə hazırda Valehin taleyi ilə bağlı yalnız sosial şəbəkələrdə yayılan məlumatları izləyə bilir:
“İndi anasıgil TikTok-da paylaşımlara baxırlar. Onu Türkiyədə saxlayıblar. Ailənin vəziyyəti elədir ki, onun dalınca gedə biləcək imkanları yoxdur. Çarəsiz vəziyyətdə qalıblar”.
O qeyd edib ki, ailə Valehin gəmidə sərnişinlərə kömək etməyə çalışdığı qənaətindədir. Yaxınlarının sözlərinə görə, yayılan görüntülərdə onun xilasedici jileti olmadan görünməsi də bununla bağlı ola bilər: “Valideynləri fikirləşirlər ki, Valehi tutacaqlar. Amma bir şeylə təsəlli tapırlar. Orada yayılan şəkillərdə 20-50 nəfərin içində jiletsiz olanlar görünür. Düşünürlər ki, Valeh öz jiletini kiməsə verib. İndi isə heç bir dəqiq məlumat yoxdur”.
Valehin hadisədə məsuliyyət daşımasının mümkünlüyünə də münasibət bildirən Firuz Hümbətov onun gəmidə yeni işlədiyini və matros köməkçisi olduğunu vurğulayıb:
“Fikirləşirik ki, o günahsızdır. Həm təzə işçidir, həm də matros köməkçisidir. Təxminən 5-6 aydır işləyir. Onun gəminin idarə olunması ilə bağlı hər hansı səlahiyyəti olmayıb. 10, 15, 20 illik təcrübəsi olan işçi deyil ki, məsuliyyət götürsün, göstəriş versin”.
Onun sözlərinə görə, qəza ilə bağlı gəminin geri qayıtmalı olduğu, lakin qayıtmadığı barədə iddialar səslənir. Lakin Valehin belə qərar qəbul etmək səlahiyyətinin olmadığını deyən qohumu məsuliyyətin gəminin idarə heyətində olduğunu düşünür:“Gəminin geri qayıtması məsələsi kapitanın işi idi. Valehin gəmini geri qaytarmaq səlahiyyəti olmayıb. İndi gəminin niyə qayıtmadığını, ümumiyyətlə nə baş verdiyini biz dəqiq bilmirik. Məlumatları əsasən sosial şəbəkələrdən əldə edirik”.
Qeyd edək ki, Valeh Hümbətovla yanaşı, batan gəmidə çalışan digər iki Azərbaycan vətəndaşı – əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayon sakini Qədir Quliyev də istintaq çərçivəsində saxlanılıblar. Avqustun 30-da Şimali Kiprin Girnə sahillərində 260 sərnişin daşıyan gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, hadisə nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. 19 sərnişinin axtarış-xilasetmə işləri isə davam etdirilir.
Şahanə Rəhimli
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ