Onlayn ictimai-siyasi qəzet
Belçikada havanın temperaturunun 38 dərəcəyədək yüksəlməsi nəqliyyat sistemində ciddi problemlərə səbəb olub. Ölkənin böyük hissəsində “narıncı xəbərdarlıq” elan edilərkən, yüksək temperatur səbəbindən bir sıra qatar reysləri dayandırılıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Belçikanın milli dəmir yolu şirkəti SNCB təhlükəsizlik səbəbilə səhər və axşam saatlarında bəzi qatarların hərəkətini dayandırmaq qərarına gəlib.
Məlumata görə, xüsusilə kondisioneri olmayan köhnə qatarların vaqonlarında temperatur dözülməz həddə yüksəlib. Bu səbəbdən sərnişinlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək çətinləşib.
İsti hava dəmir yolu infrastrukturuna da təsir göstərib. Temperaturun yüksəlməsi relslərin genişlənərək deformasiyaya uğraması riskini artırır. Bundan başqa, qatarları elektrik enerjisi ilə təmin edən hava xətlərinin istidən sallanması da hərəkət üçün təhlükə yarada bilər.
Səlahiyyətlilər vətəndaşlara zərurət olmadıqca günün ən isti saatlarında çölə çıxmamağı tövsiyə edib. Mütəxəssislər isə isti havada kifayət qədər su içməyi, uzun müddət günəş altında qalmamağı və ağır fiziki fəaliyyətlərdən uzaq durmağı məsləhət görür.
Qatarla səfər etməyi planlaşdıran sərnişinlərə isə yola çıxmazdan əvvəl reyslərin vəziyyətini yoxlamaq tövsiyə olunur.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ