İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Qəzzada türk hərbçisi olmayacaq” - İsraildən provokativ açıqlama

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün yaradılması planlaşdırılan çoxmillətli qüvvələrin tərkibinə dair sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Netanyahu bəyan edib ki, Türkiyə hərbçilərinin bu missiyada iştirakı mümkün deyil və İsrail bunun qarşısını qəti şəkildə alacaq.

Onun sözlərinə görə, Qəzzada təhlükəsizliyin bərpası yalnız İsrailin nəzarəti altında həyata keçirilməlidir:

“Qəzzada türk çəkməsi olmayacaq. Biz buna icazə verməyəcəyik. Qəzzada təhlükəsizlik israillilərin məsuliyyəti altında qalmalıdır”.

Bu açıqlama Ankara-Təl-Əviv xəttində gərginliyin davam etdiyini bir daha təsdiqləyir. Türkiyə Qəzzada sülh missiyasında iştirak etməyə hazır olduğunu bəyan etmiş, lakin İsrail tərəfi bu ideyaya kəskin şəkildə qarşı çıxmışdı.

Musavat.com xatırladır ki, bundan əvvəl ABŞ-ın təşəbbüsü ilə Qəzzada kollektiv təhlükəsizlik qüvvəsi yaradılması müzakirə olunurdu. ABŞ həmin qüvvədə Azərbaycan, Pakistan və İndoneziya daxil olmaqla bir neçə müsəlman ölkəsinin iştirakını mümkün hesab etmişdi. Lakin Azərbaycan rəsmən bəyan edib ki, döyüş əməliyyatları bitmədiyi və risk yüksək olduğu müddətdə hərbi kontingent göndərməyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi:

“Biz Qəzzaya hərbi personal göndərməyəcəyik. Hələ müharibə səngiməyib və toqquşma riski yüksəkdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR