İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç NATO dövlətindən Bakıya MÜHÜM jest - Bu ayın sonu...

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX-in tarixində ilk dəfə olaraq, ABŞ-nin aparıcı müdafiə sənayesi şirkətləri iştirak edəcək. Belə ki, 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçiriləcək sərginin təşkilatçılarının məlumatına görə, artıq 20-dən çox ölkədən 200-dən çox şirkət ADEX 2026 sərgisində iştirakını təsdiqləyib. Sərgidə ilk dəfə olaraq Amerikanın SIG SAUER və Lockheed Martin şirkətləri öz məhsullarını və texnoloji həllərini təqdim edəcəklər. Bundan əlavə, Böyük Britaniya və Almaniya şirkətləri də ilk dəfə olaraq ADEX 2026 sərgisində iştirak edəcək. Almaniyanı Avropanın ən böyük müdafiə avadanlığı istehsalçılarından biri olan Rheinmetall təmsil edəcək.

Dünyanın silah baronları Bakıya gələcək

Təşkilatçılar qeyd edirlər ki, iştirakçı bazasının genişlənməsi ADEX-ə artan beynəlxalq marağın və sərginin hərbi-texniki əməkdaşlıq platforması kimi güclənən rolunun göstəricisidir. Ümumilikdə, 26 ölkədən 32 rəsmi nümayəndə heyəti sərgidə iştirakını təsdiqləyib.  ADEX 2026 sərgisində təyyarələr və pilotsuz uçuş sistemləri, elektron müharibə sistemləri, C4ISR texnologiyaları, müasir silahlar, sursat və hərbi texnika nümayiş olunacaq.

Qərbin üç aparıcı dövlətinin - ABŞ, İngiltərə və Almaniya şirkətlərinin sərgidə ilk dəfə iştirakının önəmi, əhəmiyyəti nələrdir?

Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan son illərdə müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq sahəsində çoxşaxəli siyasət həyata keçirir: ”Türkiyə və İsraillə mövcud əməkdaşlıq bu siyasətin əsas istiqamətlərindən biridir. Bununla yanaşı, Avropa və ABŞ-nin aparıcı müdafiə sənayesi şirkətlərinin Azərbaycan bazarına və ADEX platformasına maraq göstərməsi əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Burada mühüm məqam odur ki, ADEX artıq yalnız silah və hərbi texnika nümayiş etdirilən sərgi deyil. Təşkilatçıların məlumatına görə, tədbir çərçivəsində müdafiə sənayesi sahəsində yeni əlaqələrin yaradılması, ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün imkanlar formalaşır. Bu baxımdan ABŞ, Böyük Britaniya və Almaniyanın iştirakı Azərbaycanın hərbi-texniki diplomatiyasının genişləndiyini göstərən mühüm göstəricilərdən biri hesab oluna bilər”.

6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

Polkovnik deyib ki, ABŞ şirkətlərinin ADEX-də ilk dəfə iştirak etməsi xüsusilə əhəmiyyətlidir: “Çünki “Lockheed Martin” sıradan müdafiə şirkəti deyil. Şirkət aviasiya, raket və müdafiə sistemləri, kosmik texnologiyalar, radar və digər yüksək texnologiyalı hərbi həllər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Bu səbəbdən onun Bakıda ADEX-də iştirakını Azərbaycan üçün ABŞ-ın yüksək texnologiyalı müdafiə sənayesi ilə daha yaxından təmas qurmaq baxımından yeni imkan kimi qiymətləndirmək olar. Əlbəttə, şirkətin sərgidə iştirak etməsi avtomatik olaraq konkret silah sistemlərinin alınacağı və ya hər hansı müqavilənin imzalanacağı anlamına gəlmir. Lakin belə platformalar potensial tərəfdaşlıq, texnologiyaların təqdimatı, bazar araşdırması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm əhəmiyyət daşıyır. ABŞ-nin “SIG SAUER” şirkətinin iştirakı da diqqət çəkir. Beləliklə, ABŞ tərəfinin ADEX-də təmsilçiliyi həm yüksək texnologiyalı müdafiə sistemlərini, həm də fərdi silah və avadanlıq istiqamətini əhatə edir”.

Onun fikrincə, Almaniyanın ilk dəfə ADEX-də iştirak etməsi və ölkənin “Rheinmetall” tərəfindən təmsil olunması da mühüm hadisədir: “Rheinmetall” Avropanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Onun iştirakı Azərbaycan üçün Avropa müdafiə sənayesinin imkanlarını daha yaxından öyrənmək və potensial əməkdaşlıq istiqamətlərini qiymətləndirmək baxımından əhəmiyyətlidir. Birgə istehsal, texnologiya transferi, servis, modernləşdirmə, sursat istehsalı və digər sahələrdə əməkdaşlıq perspektivləri də nəzərdən keçirilə bilər”.

Ekspert qeyd edib ki, Böyük Britaniya şirkətlərinin ADEX platformasına daxil olması bu münasibətlərin yeni bir sahədə genişlənməsi üçün əlavə imkan yarada bilər: “Azərbaycan öz müdafiə sənayesinin inkişafı prosesində yalnız ənənəvi tərəfdaşlarla kifayətlənmir. Ölkə müxtəlif texnologiya mərkəzləri ilə əlaqələri genişləndirərək seçim imkanlarını artırmağa çalışır. ADEX-2026-nın Azərbaycan üçün digər mühüm tərəfi odur ki, sərgidə yalnız xarici şirkətlər nümayiş keçirməyəcək. Azərbaycan özü də müdafiə, texnologiya, kosmik və mühəndislik sektorlarını geniş şəkildə təqdim edəcək. Bu isə Azərbaycanın qarşısında iki istiqamətli imkan yaradır. Bir tərəfdən dünyanın qabaqcıl müdafiə texnologiyalarını öyrənmək və potensial tərəfdaşlarla əlaqələr qurmaq, digər tərəfdən isə özünün istehsal etdiyi hərbi məhsulları xarici bazarlara çıxarmaq imkanları əldə edilir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR