İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə faciəsinin yeni görüntüləri yayıldı - ŞOK VİDEO

Amazon şirkətinə məxsus yük təyyarəsinin ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı avtomobillərə çırpılması ilə bağlı yeni görüntülər ortaya çıxıb. Qəza nəticəsində azı 5 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Musavat.com xəbər verir ki, yayılan yeni görüntülər qəzanın miqyasını ortaya qoyub. Kadrlarda təyyarənin uçuş-enmə zolağında sürükləndiyi, mühərrikinin zərbəyə tab gətirməyərək alovlandığı görünür.

Təyyarə daha sonra sürüklənərək ortadan iki yerə bölünüb. Nəticədə hava limanının dayanacağındakı avtomobillərə çırpılaraq ciddi dağıntıya və insan tələfatına səbəb olub.

ABŞ Federal Aviasiya Administrasiyası qəza törədən Boeing 767-300 tipli yük təyyarəsinin Puerto-Rikodakı Luis Munyoz Marin Beynəlxalq Hava Limanından havaya qalxdığını açıqlayıb.

Flightradar24 məlumatına görə, Amazon Air təyyarəsi havaya qalxdıqdan 2 saat 11 dəqiqə sonra, yerli vaxtla saat 13:53-də Mayamiyə eniş edib. Açıq uçuş məlumatları Boeing 767-nin uçuş-enmə zolağının istifadə edilə bilən hissəsindən çıxdığı zaman sürətinin 112 knot olduğunu göstərib.

Hadisəni araşdırmaq üçün Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) əməkdaşları əraziyə göndərilib. Qurumun rəhbəri Jennifer Homendy-nin qəza yerində araşdırma aparacağı və NTSB-nin bazar ertəsi Mayamidə məlumatlandırma toplantısı keçirəcəyi açıqlanıb. Amazon sözçüsü Kelly Nantel bildirib ki, Amazon Air təyyarəsi mərkəzi Mayamidə yerləşən, Şimali Karolina ştatında fəaliyyət göstərən 21 Air şirkəti tərəfindən idarə olunurdu. Şirkət qəzanın səbəbini müəyyənləşdirmək üçün yerli qurumlar və digər səlahiyyətli orqanlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Miami-Dade Yanğınsöndürmə və Xilasetmə Departamentinin rəhbəri Reyid Jadallah bildirib ki, təyyarə bir neçə avtomobilə çırpılıb və nəqliyyat vasitələrinin içərisində sıxışan insanlar xilasetmə qrupları tərəfindən çıxarılıb. Jadallah qəza yerində vəziyyətin olduqca mürəkkəb olduğunu bildirib.

Qəza səbəbindən yerli vaxtla təxminən saat 14:00-da hava limanında uçuşlar dayandırılıb. Bütün uçuş-enmə zolaqları və taksi yolları hava nəqliyyatının hərəkəti üçün bağlanıb. Günün sonrakı saatlarında Mayamidən həyata keçirilən uçuşlara və hava limanına enişlərə yenidən icazə verilib. Lakin qəza səbəbindən çoxsaylı reyslərdə ciddi gecikmələr yaşanıb.

ABŞ-nin nəqliyyat naziri Sean Duffy də sərnişinlərə xəbərdarlıq edərək bölgədə səyahət edənlərin ciddi gecikmələr və mümkün uçuş ləğvlərinə hazır olmalarını istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR