Onlayn ictimai-siyasi qəzet
Oğuz rayonunun Calut kəndi yaxınlığındakı meşəlik ərazilər məişət tullantıları ilə çirkləndirilib.
Musavat.com-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, problemlə bağlı dəfələrlə bələdiyyəyə və rayon icra hakimiyyətinə müraciət olunsa da, indiyədək heç bir nəticə əldə edilməyib.
Sakinlər bildirirlər ki, bu laqeydlik nəticəsində ölkənin təbii sərvətlərindən biri olan meşələr iri zibilliklərə çevrilib.
"Təəssüf ki, hamımızın milli sərvəti olan bu meşələrdə böyük zibilliklər yaradılır və biz bunun qarşısını ala bilmirik. Kənddə nə zibil qabı, nə də məişət tullantılarının toplanması üçün texnika var", - deyə müraciətdə qeyd olunur.
Calut kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Teymur Abbasov isə Musavat.com-a açıqlamasında problemdən xəbərdar olduqlarını və ərazinin yaxın saatlarda təmizlənəcəyini bildirib.
Onun sözlərinə görə, söhbət Alban məbədinin yerləşdiyi tarixi ərazidən gedir:
"Bu ərazi qədim abidənin yerləşdiyi məkan olduğundan ora ağır texnikanın daxil olması mümkün deyil. Məhz buna görə də tullantıların təmizlənməsində çətinlik yaranır. Uzun illərdir həmin əraziyə məişət tullantıları atılır. Xüsusilə plastik və polietilen tullantılar vəziyyəti daha da ağırlaşdırıb. Yarım saat ərzində texnikanın köməyi ilə təmizləmə işlərinə başlanılacaq".
****
Polisin müşayiəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən Oğuz rayonu Calut kəndi ərazisindəki antisanitar vəziyyət aradan qaldırılıb.
Şahanə Rəhimli
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ