Onlayn ictimai-siyasi qəzet
İkinci dünya savaşı bitəndə qalib dövlətlər Hitler rejimi üzərində məhkəmə qurmuşdular və həmin Nürnberq prosesinə SSRİ-dən göndərilən ittihamçılardan biri Roman Rudenko, biri də İona Nikitçenko idi. Onlar faşistləri insanlıq əleyhinə cinayətlərdə suçladılar, hökmlər kəsdilər, ancaq sonralar ortaya tragikomik faktlar çıxdı. Sən demə, Rudenko prokuror, baş prokuror işlədiyi 1937-ci il repressiyaları dövründə 13 min nəfəri ölüm cəzasına məhkum edibmiş. Minlərlə günahsızın güllələnməsində şəxsən iştirakçı olubmuş.
Nikitçenkonun həyatı isə ayrı absurd-qrotesk janrındadır. Təsəvvür edin, bu cəllad Ali Məhkəmənin hakimi olanda 102 nəfər sovet vətəndaşının cinayət işinə ümumiyyətlə baxmadan, məsafədən, teleqrafla ölüm cəzası kəsibmiş!
1829-cu ildə Tehranda qəzəblənmiş dindar kütlənin öldürdüyü rus diplomat-yazıçısı Qriboyedovun “Ağıldan bəla” əsərində işlənən və zərbül-məsələ çevrilmiş ifadə var: “Bəs hakimlər kimdir?” Hansısa şəxsi ittiham edən, suçlayan adam onun özündən də pis olanda işlədilir adətən. SSRİ cinayətkarlıqda, insan haqlarına qənim kəsilməkdə Hitler Almaniyasından çox da geri qalmırdı.
İrandakı molla rejiminin azğın repressiyalarına baxanda tarixi paralellər aparmaq mümkündür. Neçə gündür informasiya blokadasına alıb, interneti, teleqrafı kəsib xalqı əzirlər. Ən dəhşətlisi isə, sovet-faşist, “troyka”-gestapo məhkəmələrinə bənzər şəriət məhkəməsidir. Ölüm hökmlərini konveyer üsulu ilə kəsirlər, sanarsan insan yox, toyuq öldürülür.
Ölüm hökmü mahiyyətcə humanizmə ziddir, bunu qırağa qoyaq. Dünyada bu cəzanı kəsən ölkələr, təəssüf ki, hələ qalır. Ancaq, məsələn, ABŞ-da bu cəzanı heç olmazsa uzun prosedurlar, istintaq, apellyasiya, vəkillər, media, QHT və sairənin iştirakı, nəzarəti altında tətbiq edirlər. Ona görə bəzən şahid oluruq ki, ölüm cəzası çox uzun illər sonra həyata keçirilir. (“Ölüm cəzasını həyata keçirmək” kimi oksümoron yazacağım ağlıma gəlməzdi. Oxucular bağışlasın). Məsələn, ABŞ-da ən son ölüm cəzası 2021-ci ilin yanvarında tətbiq edilib, 3 nəfərin qətlində suçlanan Dastin Hiqqs adlı birini iynə ilə öldürüblər. Hiqqs cinayəti 1996-cı ildə törətmiş, 1997-ci ildə həbs edilmiş, 2000-ci ildə ölüm cəzasına məhkum olunmuşdu. Gördüyümüz kimi, bu cəza yalnız 21 il sonra icra olunmuşdur!
İranda isə hansısa bədbəxti bu gün tuturlar, sabah, 21 saat keçməmiş baxırsan krandan cansız cəsədi yellənir. Ən çox çəkən “məhkəmə prosesləri” 2-3 gün olur. İttihamlar da ənənəvidir: “Mossad agenti idi”, “Amerikaya işləyirdi”, nə bilim, “kəkilini çox açmışdı, Xomeyni ağanı bəyənmirdi” və sairə. Keçən il İsrail və ABŞ nüvə obyektlərini, hərbi rəhbərliyi bombardman edəndən sonrakı günlərdə də İran rejimi xeyli insanı bu cür, qısamüddətli məhkəmələrlə öldürmüşdü.
Qəribədir ki, bu qatı repressiv ideoloji sistem guya dini sistemdir. Adını belə qoyublar axı: İslam Respublikası. Əlbəttə. Şimali Koreya da “Xalq Demokratik Respublika”dır. Faşistlər “milli-sosialist”, SSRİ “şura hökuməti” olduğu qədər. Halbuki, guya pərəstiş elədikləri dinin özündə bu qədər qısa müddətli qərar və hökmlər yoxdur. Allah insanlara cəzanı yalnız Qiyamət baş verəndə kəsəcəkmiş. Ona qədər lap istəsən papağı yan qoy, gəz özün üçün. Min ilmi, milyon ilmi – heç kimə məlum deyil. İrandakı lotulara isə adamın üzünə baxan kimi agah olur ki, bu İsrailə işləyir, o mürtəddir, bu krana, o zindana, o biri üçün yerində təpəsinə güllə...
Bax, belə mənhus qonşumuz var.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ