Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi münasibətlərdə yaranmış problemlərə görə Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətini kəskin tənqid edib. O, Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmamasının bütövlükdə təşkilatın gələcəyini sual altına qoyduğunu bəyan edib.
Jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edən Paşinyan bildirib ki, hazırkı vəziyyətdə Aİİ öz əsas funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir və faktiki olaraq normal işləmir. Baş nazirin sözlərinə görə, bu problem yalnız Ermənistanı deyil, təşkilata üzv olan bütün ölkələri narahat etməlidir.
Paşinyan vurğulayıb ki, İrəvanın hazırda Avrasiya İqtisadi İttifaqını tərk etmək planı yoxdur. Bununla belə, Ermənistanın milli maraqlarını nəzərə alaraq alternativ iqtisadi və siyasi istiqamətlər formalaşdırmaq hüququna malik olduğunu qeyd edib.
Baş nazir bildirib ki, bu mövqeyini Rusiya prezidenti Vladimir Putinə də açıq şəkildə çatdırıb. Onun sözlərinə görə, Ermənistan gələcəkdə heç bir istiqamətdən asılı vəziyyətdə qalmaq istəmir və alternativ seçim imkanlarını genişləndirmək niyyətindədir. Paşinyan xatırladıb ki, seçkiqabağı kampaniya dövründə də ölkənin alternativsiz vəziyyətə düşməsinin yolverilməz olduğunu bəyan etmişdi. O hesab edir ki, artıq Ermənistan üçün yalnız bir geosiyasi və ya iqtisadi mərkəzə bağlı qalmaq dövrü arxada qalıb.
Paşinyanın bu açıqlamaları Moskva-İrəvan münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı sayıla bilərmi? Rusiya erməni mallarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaqmı? Ermənistanın "alternativ kurs" siyasəti Avrasiya İqtisadi İttifaqının gələcəyinə necə təsir göstərəcək?
Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a söylədi ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqının fəaliyyəti ilə bağlı səsləndirdiyi son fikirlər Moskva–İrəvan münasibətlərində yaranan gərginliyin növbəti təzahürüdür: "Paşinyan hazırkı şəraitdə Aİİ-ni öz əsas funksiyalarını yerinə yetirə bilməməkdə və təşkilatı faktiki olaraq normal fəaliyyət göstərməməkdə ittiham edir. Bununla belə, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqını tərk etmək niyyətində deyil. Ümumiyyətlə, Ermənistan hökumətinin son illərdə Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi, Qərb tərəfdaşları ilə siyasi dialoqu intensivləşdirməsi fonunda Paşinyanın bu açıqlamaları İrəvanın xarici siyasətdə balansı dəyişmək niyyətini bir daha nümayiş etdirir. Baş nazir seçkiqabağı kampaniya dövründə də Ermənistanın hər hansı bir geosiyasi mərkəzdən tam asılı vəziyyətə düşməsinin yolverilməz olduğunu bəyan edərək müxtəlif ziddiyyətli açıqlamalar vermişdi. Əslində Paşinyanın bəyanatları Moskva ilə İrəvan arasında son illər müşahidə olunan fikir ayrılıqlarının davamıdır. 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan üzv olduğu, amma heç bir nüfuz sahibi olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında da qalmaqal yaratmışdı. Bu gün isə iqtisadi münasibətlərdə ortaya çıxan problemlər Moskva ilə İrəvan arasında etimadın zəiflədiyini göstərir. Amma məsələ burasındadır ki, Rusiya üçün Ermənistan forpostdur və bu reallıq dəyişməz olaraq qalır. Bu xüsusda Paşinyanın bəyanatlarının üzv dövlətlərin mövqeyinə təsir etməsi inandırıcı görünmür".
Deputat onu da qeyd etdi ki, hazırkı mərhələdə Ermənistanın Aİİ-ni tərk etmək niyyətində olmadığını açıq şəkildə bəyan etməsi İrəvanın hələlik daha çox təzyiq və balans siyasətinə üstünlük verdiyini göstərir: "Bu yanaşma bir tərəfdən Rusiya ilə iqtisadi əlaqələri qorumağa, digər tərəfdən isə Qərblə münasibətləri genişləndirməyə hesablanıb. Amma növbəti reallıq ondan ibarətdir ki, Ermənistan Qərb üçün də forpostdur və ona bərabərhüquqlu tərəfdaş kimi yanaşılmır. Belə olan halda yaxın perspektivdə Ermənistanın Rusiyadan tam uzaqlaşması real görünmür. Ölkənin enerji, ticarət və logistika sahələrində Rusiyadan asılılığı qalmaqda davam edir. Bu səbəbdən görünən budur ki, İrəvanın qarşıdakı dövrdə əsas məqsədi geosiyasi seçim etməkdən daha çox, müxtəlif istiqamətlər arasında tarazlığı qorumaq olacaq".
Cavanşir Abbaslı
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ