İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Nyu-Yorkdan “açın qapını, gələk sizi öldürək” ÇAĞIRIŞI

Nikol Paşinyan BMT Baş Assambleyasında yenə də sülh bəyanatları verdiyi bu günlərdə İrəvanda Qarabağdan öz xoşları ilə gedən, amma sonradan ənənəvi erməni saxtakarlıqlarına uyğun olaraq adlarının qarşısına “zorla köçürülmüş” yazılan şəxslərin problemləri müzakirə olunub. Erməni mediası yazıb ki, Ermənistan parlamentinin Əmək və Sosial Rifah Məsələləri üzrə Daimi Komissiyasının sədr müavini, ölkədə hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Mariam Poqosyan və hökuməti təmsil edən bir neçə vəzifəli şəxs sentyabrın 23-də keçirilən toplantıda müzakirə zalını tərk ediblər.

Müzakirələrin mövzusu “Qarabağ ermənilərinin sosial-iqtisadi və hüquqi problemləri, eləcə də onların həlli yolları” imiş. Özü də tədbiri müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyası təşkil edibmiş.

resize.jpg (99 KB)

Belə bir ərəfədə radikalların Qarabağ erməniləri ilə bağlı qaşınmayan yerdən qan çıxartmasına şərait yaratmaqda məqsəd nədir? Necə olur ki, hakim komanda əl-ayağına dolaşan istədiyi şəxsi “dam”a basır, ən azı onları ev dustağı edir, amma nədənsə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə geniş müzakirələr üçün tribuna ayırır, iclas zalı verir? Və sonra da hakim partiyanın təmsilçiləri guya özlərinin sülhpərvər olduqlarını nümayiş etdirmək üçün müzakirələri tərk edirlər? Məgər onlar bilmirdilərmi revanşistlərin müzakirəsində hansı notlar işə salınacaq?

Özü də müzakirələrdə Poqosyan və hökumət üzvləri ilə yanaşı, hüquq müdafiəçiləri, qondarma qurumun keçmiş “vəzifəli şəxsləri”, müxtəlif QHT-lərin nümayəndələri və müxalifət deputatları iştirak ediblər.

Yəni geniş bir tərkibdə diqqəti Qarabağdan gedən ermənilərə cəlb etməyə çalışıblar. Vaxtaşırı xaricdəki havadarları da 130 min erməni barədə nağıllar uydurur, Azərbaycana təzyiq etməyə cəhd göstərir. Deməli, rollar bölüşdürülüb, Nikol Paşinyan “daha yaxşı erməni” olduğunu nümayiş etdirməkdən ötrü radikallara da anti-Azərbaycan mövqeyi sərgiləmək üçün meydan verib. Əks təqdirdə nəinki belə bir müzakirədə iştirak qərarı verilməz, İrəvandakı separatçıların şər yuvası da qıfıllanar, sülhü pozanların səsləri kəsilərdi.

Ermənistandakı “Sülh körpüsü”nün təmsilçiləri də revanşistlərdən geri qalmadı bu günlərdə. Guya bunlar vətəndaş cəmiyyəti olaraq xalqları sülhə hazırlayacaqdılar, amma xislətlərini göstərdilər, durub iddia etdilər ki, Qarabağdakı alban məbədləri guya haylara məxsusdur. Cavabları verilib və bundan sonra da veriləcək. Prezidentin köməkçisi Hikmət Hacıyevin Gəncəsər məbədində diplomatlara “erməni tarixi” barədə hələ yazılmamış kitabı göstərib. Hay saxtakarlıqlarını ifşa etməsi bunlara yaman yer eləyib, tüstüləri ərşə dirənib, yenbəyerdən baş qaldırırlar, revanşizm xəstəliyi bu ölkədə tüğyan edir.

media-WhatsApp-Image-2026-09-22-at-12.28.20-p2zc1n.jpg (39 KB)

Nikol Paşinyan isə Nyu-Yorkda iddia edib ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir. Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində bəyan edib ki, hazırda İrəvan TRIPP layihəsinin reallaşdırılmasına diqqət yetirib. Baş nazirin iddiasına baxın: deyib ki, layihənin həyata keçirilməsi nəticəsində Ermənistan faktiki olaraq 1990-cı illərin əvvəllərindən bəri davam edən blokadadan çıxacaq:

“İlkin mərhələdə biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Eyni zamanda, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Ümumi kontekstdə bu, beynəlxalq logistikanı köklü şəkildə dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut qazanacaq”.

Bu adam Ermənistanın yox, Azərbaycanın Naxçıvan bölgəsinin 34 ildir blokadada olduğunu etiraf edib, üzr istəməli olduğu halda, yenə də erməniləri “məzlum” göstərməyə çalışıb. Zəngəzur dəhlizinin reallaşması nəticəsində Bəsrə körfəzi ölkələrini Qara dəniz regionu ilə birləşdirən dəmir yolunun da istifadəyə veriləcəyini deyən Paşinyandan kimsə soruşmur ki, bəs niyə 42 km-lik məsafədə daş-daş üstə qoyulmayıb?

fa38dd037c8c51fddd1a6a6f6e64d4c9.jpg (367 KB)

TRIPP layihəsinin Ermənistan və ölkə iqtisadiyyatı üçün “yeni era açacağını” deyən Paşinyan yenə də Azərbaycan Prezidentinin dediyi kimi, 2 qəpiklik “sülh kəsişməsi”ndən danışıb. Diqqət edin, Zəngəzur dəhlizi ilə bağlı ayaqlarını sürüyən ölkənin baş naziri Ermənistanla ABŞ arasında informasiya texnologiyaları və xüsusilə də süni intellekt sahəsində əməkdaşlıqdan danışıb. Bildirib ki, ötən il avqustun 8-də ABŞ ilə imzalanmış Anlaşma Memorandumu nəticəsində Ermənistanda bir il ərzində üç süni intellekt mərkəzi yaradılıb, bunlardan ikisi irimiqyaslı investisiya proqramıdır. Həmçinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərdən danışan Nikol Paşinyan qeyd edib ki, hər iki istiqamətdə strateji tərəfdaşlıq qurulub və o, Ermənistan Respublikası Hökumətinin öz balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasətini dərinləşdirməyə davam edəcəyini vurğulayıb. Beləliklə, Paşinyan və ölkəsindəki qüvvələr bütün imkanlardan istifadə edirlər ki, Azərbaycanın irəli sürdüyü ev tapşırıqlarının icrasını gecikdirsinlər!

VASİN.jpg (128 KB)

Təkcə bir faktı xatırlatmaq da kifayət edərdi: Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyir. Həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu konstitusiyanı dəyişdirmək əvəzinə BMT sessiyasında Bakı və Ankaraya sərhədləri açmaq çağırışı edir. Adamın üzündə həya yaxşı şeydir, həmçinin hayın! Sən qonşu ölkəyə qarşı saysız cinayətlər törət, sərvətlərini darmadağın et, əsas qanununda ərazi iddialarını saxla, sonra da de ki, sərhədləri aç, mən sülh tərəfdarıyam! Paşinyanın davranışı məşhur filmimizdəki “Aç qapını, gələk səni öldürək!” çağırışını xatırladır. Özü belə oynayır, ölkəsindəkilər də elə...Sərhədlərin demarkasiyasını da dondurublar…

203f42ea-6c4a-3bd5-94d9-6ca75badaa6f_1200.jpg (60 KB)

Belələrinə etibar etmək olarmı?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR