İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşevlər Rusiyanın zibilini ələ keçirdi

Rusiyada keçmiş FTX rəhbəri, Vladimir Putinin köməkçisi Nikolay Patruşevin ailəsinin yaxın illərdə büdcədən yüz milyardlarla rubl ayrılması nəzərdə tutulan tullantıların idarə edilməsi sektorunda təsir imkanlarının artdığı bildirilir. Söhbət Rusiyada milyardlarla rublluq “zibil islahatı”nın əsas operatorlarından birindən gedir.

Musavat.com xəbər verir ki, kommunal tullantıların kompleks idarə edilməsi ilə məşğul olan “Rusiya Ekoloji Operatoru”nun (REO) yeni baş direktoru vəzifəsinə üç il müddətinə Pavel Kosov təyin edilib.

Kosov Patruşev ailəsinə yaxın kadr hesab olunur. O, 2018-ci ildə “Rosagrolizinq” şirkətinin rəhbəri təyin edilmişdi. Həmin təyinatı o vaxt kənd təsərrüfatı naziri olan, hazırda isə baş nazirin müavini vəzifəsini tutan Dmitri Patruşev – Nikolay Patruşevin oğlu həyata keçirib.

REO ətrafındakı kadr dəyişiklikləri bununla məhdudlaşmır. Mayın sonunda “zibil islahatı”nın yeni kuratoru vəzifəsinə – Təbii Sərvətlər Nazirliyi rəhbərinin birinci müavini postuna Cəmbulat Xatuov gətirilib. O, bundan əvvəl Dmitri Patruşevin katibliyinin rəhbər müavini olub. Xatuovun REO-nun müşahidə şurasına da rəhbərlik edəcəyi gözlənilir.

Beləliklə, Rusiyanın tullantıların idarə edilməsi sektorundakı əsas dövlət operatorunun həm icraçı rəhbərliyində, həm də ona nəzarət edən strukturlarda Dmitri Patruşevlə əvvəllər işləmiş şəxslər ön plana çıxıb.

Maraqlıdır ki, bu dəyişikliklər REO ətrafında böyük cinayət işləri və həbslər fonunda baş verir.

Şirkətin keçmiş baş direktoru Denis Butsayev dələduzluq işi üzrə təqsirləndirilən şəxsə çevrilib və 2026-cı ilin martında Rusiyanı tərk edib. Məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb və beynəlxalq axtarış elan olunub.

İstintaqın başlanmasına Hesablama Palatasının tullantıların idarə edilməsi layihəsində dövlət vəsaitlərinin səmərəsiz istifadəsi barədə materialları səbəb olub. Təkcə 2024-cü ildə REO dövlət büdcəsindən 5,5 milyard rubl subsidiya alıb, lakin planlaşdırılmış səkkiz təkrar emal zavodundan heç biri tikilməyib.

İş çərçivəsində REO-nun keçmiş üç yüksək vəzifəli meneceri – Yuri Valdayev, Yekaterina Stepkina və Maksim Şerbakov da saxlanılıb. Onların təqsirlərini etiraf etdikləri və Butsayev əleyhinə ifadə verdikləri bildirilir.

İyulun 17-də Butsayevin keçmiş müşaviri Pavel Besşapov da həbs olunub. O, Dağıstanda tullantı emalı zavodlarının tikintisi zamanı vəsaitlərin mənimsənilməsində ittiham edilir.

Patruşevlərə yaxın kadrların sektorda mövqelərinin güclənməsi xüsusilə ona görə diqqət çəkir ki, Rusiya hökuməti qarşıdakı illərdə ekoloji layihələrə ayrılan vəsaiti kəskin artırmağa hazırlaşır.

“Ekoloji rifah” milli layihəsinin maliyyələşdirilməsinin 2025-ci ildə 60 milyard rubldan 2026-cı ildə 89,6 milyarda, 2027-ci ildə 124 milyarda, 2028-ci ildə isə 202,5 milyard rubla çatdırılması nəzərdə tutulur.

Beləliklə, əvvəlki rəhbərliyinin bir hissəsi cinayət işləri və həbslərlə üzləşən REO-da əsas postların Patruşevlərə yaxın kadrların əlinə keçməsi dövlətin bu sahəyə yüz milyardlarla rubl yönəltməyə hazırlaşdığı dövrə təsadüf edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR