Onlayn ictimai-siyasi qəzet
Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Valideynlər məktəb ləvazimatları, forma və digər hazırlıqlarla yanaşı, uşaqların hər gün daşıyacağı məktəb çantasına da diqqət yetirməlidirlər. Çünki həddindən artıq ağır çanta uşağın bel, boyun və çiyin nahiyəsinə əlavə yük yarada, xüsusilə düzgün olmayan çanta istifadəsi zamanı dayaq-hərəkət sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər.

Son illər skolioz, kifoz və lordoz kimi onurğa problemlərinin uşaqlar arasında artması məsələnin əhəmiyyətini daha da artırır. Bəs məktəbli çantasının çəkisi uşağın çəkisinin neçə faizindən çox olmamalıdır? Ağır çanta skolioz və lordoza səbəb ola, yaxud mövcud problemi ağırlaşdıra bilərmi? Çantanın düzgün seçilməsi və daşınması necə olmalıdır? Valideynlər uşağın onurğasının sağlamlığını qorumaq üçün nələrə diqqət etməlidirlər?
Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Məktəbli uşaqların, xüsusən də aşağı sinif şagirdlərinin çantalarının ağır olması günümüzün əsas problemlərindən biridir. Muayinəyə gələn uşaqların əksəriyyətində — istər ibtidai sinifdə, istərsə də 5-ci, 6-cı və hətta daha yuxarı siniflərdə — onurğa əyrilikləri, ən azı birinci dərəcəli skolioz, bəzilərində isə kifoz və lardoz müşahidə edirik. Demək olar ki, uşaqların böyük bir hissəsində onurğa əyriliyi var.
Məsələnin əsas səbəblərindən biri günümüzdə uşaqların oturaq həyat tərzi sürməsi, yəni telefona çox vaxt ayırmalarıdırsa, digər vacib səbəb çantaların həddindən artıq ağır olmasıdır. Mənim öz uşaqlarım da məktəblidir və onların çantasına nəzər salanda görürəm ki, bir fənn üzrə uşaq həm kitab, həm dəftər, həm də iş dəftəri daşımalı olur. Gün ərzində təxminən beş dərs olduqda və hər dərsdən bir neçə kitab-dəftər götürüldükdə çantanın çəkisi həddindən artıq ağırlaşır. Nəticədə uşaq o yükü qaldırmaqda çətinlik çəkir, hətta valideynlər də o çantanı böyük əziyyətlə daşıyırlar. Bu da, təbii ki, uşağın sağlamlığına mənfi təsir göstərir, yəni təsirsiz ötüşmür. Bəzən məktəbə gəlib-gedərkən çantaları valideynlər daşısa da, əsas yük yenə uşaqların üzərinə düşür. Çünki məktəb daxilində həmin çantanı daşımaq, sinifdən-sinfə aparıb-gətirmək birbaşa uşaqların öhdəsinə qalır. Çıxış yolu kimi bir ara təklif olunmuşdu ki, dərsliklər birinci və ikinci yarımillik üzrə iki hissəyə bölünsün — sanıram ki, bu qayda artıq tətbiq olunur. Lakin buna baxmayaraq, əlavə dərs vəsaitləri, köməkçi materiallar və iş dəftərləri yenə də çantanın ağır olmasına gətirib çıxarır”.
Həkim hesab edir ki, problemin həlli üçün dərslərə aid materialların yükü azaldılmalı, ya elektron formata keçilməli, ya da ümumilikdə istifadə olunan dərslik və vəsaitlərin sayı azaldılmalıdır: “Uşaqlarda skoliozun artmaması və inkişaf etməməsi üçün fiziki aktivlik böyük əhəmiyyət kəsb edir. Məktəblərdə bədən tərbiyəsi dərslərinin keçirilməsi mütləqdir. Bəzən bu dərslərin əvəzinə digər fənlərin keçirilməsi yanlış yanaşmadır. Dərslərarası fasilələrdə, heç olmasa gündə iki dəfə uşaqlar məktəbdə gimnastika hərəkətləri etməlidirlər. Bundan əlavə, uşaqların məktəbdən kənar vaxtlarda hər hansı idman növü ilə məşğul olmaları, axşamlar interaktiv və hərəkətli həyət oyunları oynamaları məqsədəuyğundur. Bir sözlə, fiziki aktivlik skoliozun qarşısını almaqda kəsərli rol oynayır”.
Gülşən Əliyeva onu da bildirib ki, qış aylarında D vitamininin qəbul edilməsi, süd məhsullarının kifayət qədər rasiona daxil olunması və uşaqlarda həzm sisteminin yaxşı formalaşması kalsium ilə D vitamininin bədənə sorulmasına və skoliozun qarşısının alınmasına kömək edir: “Bir sözlə, süd məhsullarının və D vitamininin kifayət qədər qəbul edilməsi, yay aylarında uşaqların günəş vannası qəbul etməsi və lazımi miqdarda günəş işığı alması, həmçinin digər sağlamlıq problemlərinin həll olunması və dərs yükünün — daha doğrusu, ağır çantaların yükünün azaldılması skoliozun qarşısını alar və onun inkişaf etməsinə, artmasına mane olar”.
Afaq Mirayiq,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ