Onlayn ictimai-siyasi qəzet
Pekin may ayında iki fərqli qonağını qəbul etməyə hazırlaşır. Belə ki, bu ay Çinə həm Rusiya, həm də ABŞ Prezidentləri səfər edəcəklər. Bəs Tramp və Putin Çində üz-üzə gələcək?
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"ABŞ Prezidenti Donald Tramp Çinə mart ayının sonlarında səfər etməli idi. Ancaq Ağ Ev sahibi İran müharibəsinə görə səfəri may ayının ortalarına təxirə salmaq məcburiyyətində qaldı. Rusiya Prezidenti Vladimir Putinin isə may ayında Çinə səfəri isə ilin əvvəlindən planlaşdırılıb. Putin və Tramp eyni vaxtda Pekinə səfər etsələr Çinin paytaxtında görüşə bilərlərmi? Bu sual ətrafında müzakirələr gedir. Bu görüşün baş tutması üçün Trampın razılığı lazımdır. İki lideri sonuncu dəfə Alyaskada görüşmüşdü. Putin Trampla hər fürsətdə görüşə can atır. Ancaq Trampın ABŞ-a rəqib olan Çində rusiyalı həmkarıyla görüş ehtimalı azdır".

Politoloq qeyd edib ki, ABŞ-Çin münasibətlərinə mənfi təsir edəcək daha bir hadisə baş verib:
"“The New York Times” qəzetinin məlumatına görə, ABŞ Latın Amerikasında bir neçə Çin astronomiya layihəsinin hərbi məqsədlər üçün istifadəsindən ehtiyat edərək yerli hökumətdən dayandırılmasını təmin edib. Qəzetin məlumatına görə, Argentina hakimiyyəti Vaşinqtonun tələbi ilə San Juan əyalətində böyük teleskopun tikintisini dayandırıb. Təxminən 32 milyon dollarlıq layihə Çin Milli Astronomiya Rəsədxanası tərəfindən həyata keçirilirdi. ABŞ rəsmiləri 2021-ci ildən bəri Argentina rəhbərliyini Pekinlə kosmik sənayedə əməkdaşlığı yenidən nəzərdən keçirməyə çağırır. Vaşinqton hesab edir ki, bu cür qurğular yalnız elmi məqsədlər üçün deyil, həm də Amerika peyklərini izləmək və Çin kosmik gəmiləri ilə rabitəni təmin etmək üçün istifadə edilə bilər. “The New York Times” qəzetinin məlumatına görə, Çilidə də oxşar vəziyyət yaranıb. Oradakı hakimiyyət də Amerika tərəfi ilə məsləhətləşmələrdən sonra Atakama səhrasında Çin rəsədxanasının tikintisini dayandırıb.
Aydındır ki, Vaşinqtonun bu addımları Pekinin narazılığına səbəb olub. Çinin Buenos Ayresdəki səfirliyi ABŞ-ın hərəkətlərini “Çini cilovlamaq və təzyiq göstərmək cəhdi” adlandırıb. Pekin Latın Amerikasındakı bütün layihələrin sırf elmi və mülki məqsədlər üçün olduğunu vurğulayıb. Ancaq bu açıqlamalar Vaşinqtonu inandırmayıb. ABŞ-da hesab edirlər ki, Çinin müxtəlif ölkələrdəki elmi fəaliyyətinin arxasında Qərb ölkələrinin texnoloji imkanlarına yiyələnmək dayanır".
Elxan Şahinoğlu sonda vurğulayıb ki, bu hadisə Trampın Çinə səfərini təxirə salmaya da bilər, ancaq Vaşinqtonun Çini Latın Amerikası ölkələrində sıxışdırmağa çalışması ikitərəfli münasibətlərə mənfi təsir edir.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ