Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkianın ABŞ səfərindən yayılan görüntülər sosial şəbəkələrdə maraq doğurub.
Musavat.com xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin prezidentin Nyu-Yorkdakı kadrlarını məşhur Azərbaycan mahnısı “Dağlar oğlu, dağlar”ın sədaları altında təqdim etməsi xüsusi diqqət çəkib.
Pezeşkian Nyu-Yorka BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün gedib.
Videoda Pezeşkianın avtomobildən düşərək nümayəndə heyətinin müşayiəti ilə irəlilədiyi anlar əks olunub. “Tasnim” həmin görüntülərin fonunda Azərbaycan türkcəsində səslənən məşhur “Dağlar oğlu, dağlar” mahnısından istifadə edib.
Paylaşım qısa müddətdə böyük maraq doğurub. Xüsusilə Azərbaycanda, Türkiyədə və İranda yaşayan azərbaycanlılar arasında İranın tanınmış xəbər agentliyinin Pezeşkianın görüntülərini Azərbaycan mahnısı ilə təqdim etməsi diqqətçəkən detal kimi qarşılanıb.
“Tasnim” İranın SEPAH-a yaxın media qurumlarından biri kimi tanınır.
Pezeşkian özü də İranın azərbaycanlı siyasi xadimlərindəndir və Azərbaycan türkcəsində danışması ilə tanınır. Bu baxımdan onun Nyu-York səfərindən görüntülərin məhz Azərbaycan mahnısının müşayiəti ilə təqdim edilməsi ayrıca maraq yaradıb.
Videonun üzərində farsca “Pezeşkianın Amerika səfərində özünəməxsus yerişi dünya mediasının diqqətini çəkdi” sözləri yazılıb.
“Tasnim” bu videoçarxı Pezeşkianın BMT tribunasından İranın mövqelərini sərt şəkildə səsləndirdiyi Nyu-York səfəri fonunda yayıb. Pezeşkian səfərə çıxmazdan əvvəl də BMT-də İranın mövqelərini güclü şəkildə müdafiə edəcəyini bildirmişdi.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ