İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin buna görə tələsir - “Ukrayna daha 3 il döyüşə bilər...” 

Kreml liderinin Yeni ilədək Donbas arzusu reallaşa bilərmi - təhlil 

Ukrayna Müdafiə Qüvvələrindəki mənbələrin RBC-Ukraynaya verdiyi məlumata görə, Rusiya ordusu yaxın həftələrdə iki mühüm şəhəri ələ keçirməyi planlaşdırır - Pokrovsk və Kupyansk. Ukrayna kəşfiyyatının məlumatına görə, bu bölgədə təxminən 70 min rus hərbçisi cəmləşib. Mənbələr bildirir ki, Rusiya ilin sonunadək Donbas cəbhəsində strateji üstünlük qazanmaq niyyətindədir.

Bu arada Qərb nəşrlərindən olan “Foreign Affairs”in yazıb ki, Rusiya Ukraynanı üç mərhələdə özünə tabe etməyi planlaşdırır. Variantlardan yalnız birincisi hərbi əməliyyatları əhatə edir. Portala görə, Moskva Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini işğal etməyi və ya hətta məhv etməyi planlaşdırır. Bu, guya onun iqtisadi zonasını genişləndirməsinə kömək edəcək.

Ardınca qeyd olunur ki, artıq ələ keçirilmiş bölgələri saxlamaqla və Xarkov, Nikolayev, Odessa vilayətlərini işğal etməklə buna nail olmaq olar. Bildirilir ki, bu şəraitdə Moskva atəşkəs əldə etməyə çalışa, sonra da ikinci mərhələyə keçə bilər. Üçüncü mərhələdə Moskva Belarus kimi Ukraynanı öz orbitinə qaytaracaq. Təbii ki, bir forpost, vassal olaraq.

Ukrayna Prezidenti Zelenski isə “Bloomberg”ə müsahibəsində bildirib ki, Putin son aylarda Avropanı psixoloji təzyiq altında saxlamaq üçün məqsədyönlü qorxutma kampaniyasına start verib. Zelenskiyə görə, NATO hava məkanına PUA-ların və hərbi təyyarələrin son müdaxilələri bunun açıq sübutudur. Bu addımlar nəticəsində bəzi Avropa ölkələrinin liderləri Ukraynaya əlavə Hava Hücumundan Müdafiə sistemləri göndərməkdə tərəddüd etməyə başlayıb.

Prezidentin sözlərinə görə, Putin məhz bunu hədəfləyirdi: “Düşünürəm ki, o, onları qorxutdu. Bu, onun məqsədi idi və buna nail oldu. Bu, psixoloji qorxutma idi, buna heç bir şübhə yoxdur,” - deyə Zelenski vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Kreml Avropadakı siyasi zəiflikləri maksimum dərəcədə istifadə etməyə çalışır.

Öz növbəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukraynadakı müharibə daha üç il davam edə və Rusiyanın tükənməsi ilə başa çata bilər. Onun sözlərinə görə, Ukrayna uzunmüddətli münaqişəyə hazırlaşır və Rusiya 2014-cü ildən bəri Donbası ələ keçirə bilməyib.

Sikorski Rusiyanın döyüş meydanındakı zəif göstəricilərini qeyd edərək, ABŞ və Polşadan sursat, hava hücumundan müdafiə sistemləri və Starlink terminalları da daxil olmaqla davamlı dəstəyə ümid etdiyini söyləyib. O, həmçinin Aİ-ni sülh danışıqlarında daha fəal iştirak etməyə çağırıb.

Putinin Yeni ilədək arzu-istəkləri nə dərəcədə reallaşa bilər?

 Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında deyib ki, Ukrayna savaşı əslində çoxdan dalana dirənib: “Az qala il yarımdır ki, Rusiya Pokrovsk uğrunda mübarizə aparır. İndiyə qədər isə onun ətrafdakı bir neçə balaca qəsəbədən başqa heç nəyi ələ keçirə bilməyib. Hazırda bu kiçik şəhər uğrunda ağır döyüşlər gedir. Bəzi mütəxəssislərə görə, bu amansız toqquşmalar nəticəsində Rusiya tezliklə Pokrovskini ələ keçirə bilər və bu, onun 2023-cü ildə ələ keçirdiyi Baxmutun süqutundan sonra ən böyük qazancı olacaq. Bununla belə, sözügedən yavaş irəliləmə və qanlı döyüşlər böyük bədəllərə başa gələcək”. 

Bəs gözlənilən bu bahalı qələbə Rusiyaya nə qazandıracaq? 

Heydər Oğuza görə, “Pirr qələbəsi”ndən başqa heç nə: “Pokrovsk müharibədən əvvəl 60 min insanın yaşadığı kiçik bir şəhər idi. Ukraynanın qərbi ilə şərqini birləşdirən kommunikasiya əlaqələri bu şəhərdən keçirdi. Bu da ona çox böyük strateji əhəmiyyət qazandırırdı. İndi isə şəhərin bu əhəmiyyəti qalmayıb. Əvvəla, ona görə ki, Pokrovsk hazırda Ukraynanın ən şərqində yerləşən bölgəyə çevrilib. Ondan şərqdə işğal olunmuş ərazilər var və bu ərazilər rusların nəzarəti altındadır. İkinci ona görə ki, vaxtilə Pokrovskdan keçən dəmir və magistral yolları darmadağın olub, artıq bu yollar işləməz hala düşüb. Şəhər müharibə meydanına çevrildiyindən binalar da dağılıb, bir yaşayış məntəqəsi kimi sıradan çıxıb. O indi boş ərazidən daha yararsız hala düşüb. Ruslar oranı işğal etməyi bacarsalar belə, yenidən qurmaq, insanları məskunlaşdırmaq üçün xeyli vəsait xərcləyəcək, əziyyət çəkəcəklər. Boş bir ərazidə şəhər salmaq darmadağın olunmuş şəhəri bərpa etməkdən daha asandır. Ən azı o səbəbdən ki, darmadağın olunmuş binaları sökmək, dağıntılar altında qalan su-kanalizasiya sistemini yenisi ilə əvəzləmək kimi problemlərlə üzləşmirsən. Pokrovskın əvvəlki iqtisadi əhəmiyyəti də mövcud deyil. Əvvəl bu qəsəbənin ətrafında kömür mədənləri var idi və Ukrayna bu mədənlərdən kömür çıxarırdı. İfrat istismar və hasilat sayəsində bu mədənlər də öz rentabelliyini itirdi. Artıq o mədənlərdən çıxarılan kömürün yanıcılıq potensialı da yox kimidir. Bir sözlə, Pokrovskinin faktiki olaraq boş bir ərazi qədər dəyəri qalıb”.

 Onun fikrincə, rusların “Foreign Affairs”in qeyd etdiyi 3 mərhələli savaş strategiyası isə nağıldan başqa bir şey deyil. 

Siyasi şərhçi onu da bildirib ki, ABŞ və Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri ağır sanksiyalardan sonra rus ordusunun xəyallarını qurduğu hədəflərə çatması mümkün görünmür.

Heydər Oğuz hesab edir ki, Putin administrasiyası Avropaya göz dağı vermək üçün onun üzərindən dronlar, raketlər uçura bilər: “Amma Avropanın bu cür hədə-qorxulardan təsirləndiyi üçün Ukraynaya yardımı axsatması barədə Zelenskinin irəli sürdüyü ittihamlar inandırıcı deyil. Əksinə, Rusiyanın aqressiv hərəkətləri artdıqca Avropa ölkələri onu daha çox sıxışdırmağa çalışırlar. Zənnimcə, Avropa liderlərinin Ukraynadan bəzi gözləntilər var və bu gözləntilər elə gözlənti olaraq qaldığı üçün onlar Ukraynanı əvvəlki kimi təchiz etmirlər. Onların əsas gözləntisi isə Ukraynadakı hakimiyyət orqanlarını bürüyən korrupsiya rejiminin sıradan çıxarılmasıdır. Avropa mediasında çıxan məlumatlara inansaq, bir çox Qərb ölkələrinin liderləri Zelenski ilə danışıqlarda bu tələblərini açıq şəkildə dilə gətirirlər.  Bildirildiyinə görə, Almaniyanın kansleri Merzin Ukrayna liderindən əsasən iki xahişi olub. Birincisi Ukraynadan gənclərin mühacirətinin qarşısını almaq və onları ölkələrinin müdafiəsinə cəlb etmək, ikincisi isə korrupsioner məmurlarla daha aktiv mübarizə. ”Bild" nəşrinin məlumatına görə, Berlində Almaniya-Ukrayna Ticarət Konqresində çıxış edən Merz açıq şəkildə bildirib ki, o, Ukraynadan olan gənclərin Almaniyaya getməkdənsə, “öz ölkələrində orduda xidmət etmələrini” istəyir. Merzin sözlərinə görə, o, “prezident Zelenskidən bunu təmin etməyi dəfələrlə xahiş edib”. 

Məlumatda o da vurğulanır ki, Merzin daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdığı, kanslerin Ukrayna liderini “korrupsiyaya qarşı mübarizəni və xüsusən də qanunun aliliyi sahəsində daha çox islahatları ciddi şəkildə irəlilətməyə” çağırdığı bildirilir. Məncə, Avropa liderlərinin Ukraynadan bu tələbləri kifayət qədər ədalətlidir. Əvvəla, korrupsiya rejiminin hökm sürdüyü ölkələr dibsiz quyu kimidir. Ona nə qədər su töksən, dolmaz. İkincisi, bizim ölkədəki məmurlar sinifindən də bəllidir ki, korrupsioner məmurların böyük əksəriyyəti Rusiyaya bağlıdır". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR