İnsanlara hürriyət, millətlərə istiqlal!

Övlad götürmək istəyənlərin DİQQƏTİNƏ – Prosedur asanlaşır?

Himayədar ailə olmaq istəyənlər üçün yeni qaydalar tətbiq edilir – təlimlər onlayn keçiriləcək, uşaq seçimi üçün gözləmə müddəti azaldılacaq. Bəs sürətləndirilən prosedur uşağın maraqlarına nə dərəcədə uyğundur?

Bir uşağın həyatında ailə sözünün çəkisi bəzən bir evdən, bir süfrədən, hətta bir soyaddan da böyük olur. Valideyn himayəsindən məhrum qalan uşaqlar üçün isə ailə mühiti sadəcə rahatlıq deyil, onların gələcək şəxsiyyətinin formalaşmasına təsir edən mühüm amildir. Məhz bu səbəbdən Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrdə deyil, ailə mühitində böyüməsini təmin etmək məqsədilə himayədar ailə modeli tətbiq edilir. Son dəyişikliklər isə bu prosesin daha da sürətləndirilməsinə hesablanıb.

Himayədar ailə olmaq istəyənlər üçün prosedur necə dəyişir?

Anz.az - Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə  bilər?

Hazırda himayədar valideyn olmaq istəyən şəxslər qeydiyyata alındıqdan sonra 10 iş günü ərzində müsahibəyə cəlb olunur, həmçinin onların yaşayış şəraitinin uşaq üçün uyğunluğu yoxlanılır. Bu mərhələni uğurla keçən namizədlər ən azı üç günlük təlimlərdə iştirak etməlidirlər. Yenilik ondan ibarətdir ki, vətəndaşların rahatlığını təmin etmək məqsədilə həmin təlimlərin onlayn formatda da keçirilməsi nəzərdə tutulur. Digər mühüm dəyişiklik isə uyğun uşağın seçilməsi müddətinə aiddir. Əvvəllər bu proses üçün 7 iş günü nəzərdə tutulurdusa, müddət 5 iş gününə endirilib. Beləliklə, yeni mexanizmlə himayədar ailənin müəyyənləşdirilməsi və uşağın ailəyə verilməsi prosesinin təxminən iki həftə ərzində başa çatdırılması mümkün olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ötən dövr ərzində 87 uşaq himayədar ailələrə verilib.

Bəs prosedurun sürətləndirilməsi nə dərəcədə effektiv olacaq? Üç günlük təlim və bir neçə mərhələdən ibarət qiymətləndirmə ailənin uşağa hazır olduğunu müəyyən etmək üçün kifayət edirmi? Ən əsası isə – sürətli prosedur uşağın maraqlarına hər hansı risk yarada bilərmi?

Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Musavat.com-a bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilmə proqramı həyata keçirilir. O, bu modelin kifayət qədər uğurlu olduğunu hesab edir: “Düşünürəm ki, ən uğurlu modellərdən biri də elə onların yaratdığı modeldir. Çünki bu proqrama qoşulan neçə-neçə ailə tanıyıram ki, bu gün övlad sahibi olmaqla yanaşı, həm də cəmiyyətə nümunəvi bir ailə modeli təqdim edə biliblər. İstər qanunvericilik, istər davranış, istərsə də uşaqların sosiallaşmasında ailələrin yanaşması baxımından övladlığa verilmə proqramı çox təqdirəlayiqdir. Himayədar ailə modeli nisbətən yeni olduğundan onun hüquqi və praktiki mexanizmlərinin tam formalaşması üçün zaman lazımdır. Bu, yeni bir proqram olduğu üçün özlüyündə hüquqi xarakter daşıyır və onun sadələşdirilməsi məsələsi diqqətdədir. Zamanla bunun necə effekt verəcəyini görəcəyik. Qanunvericilik və mexanizmlər təkmilləşdikcə sistem də tam formalaşacaq. Bu gün qanunun praktiki tətbiqi üçün real zəmin məhz ailələr və uşaqlardır. Himayədar ailə modelində ən həssas məqamlardan biri uşağın psixoloji vəziyyətinin nəzərə alınmasıdır. Uşaqların himayədar ailələrə verilməsi azyaşlılar üçün o qədər də böyük problemlər yaratmaya bilər – bu, mənim praktiki fəaliyyətimdə müşahidə etdiyim məqamdır. Lakin müəyyən qədər özünü dərk edən, davranışı formalaşmış və ya vaxtilə ailədə şiddət görmüş, baxımsız qalıb müəssisələrə yerləşdirilmiş uşaqların adaptasiyası fərqli olur”.

✓ Kəmalə Ağazadə ( Kamalya Aqazade Kamalya Aqazade ) – Qoruyan, Qucaqlayan,  Yol Göstərən İşıq Uşaqların, gənclərin, həyatın sınağından keçən talelərin,  unudulmuşların və susanların səsinə çevrilən bir ad var: Kəmalə Ağazadə.  Yalnız

Kəmalə Ağazadənin sözlərinə görə, belə uşaqların ailə mühitinə uyğunlaşması müəyyən zaman tələb edir: “Onların xasiyyətini və vərdişlərini nəzərə alsaq, ailələrin bu uşaqlarla işləməsi üçün zaman lazım gələcək. Burada himayədar ailənin böyük səbir və tolerantlıq nümayiş etdirməsi vacibdir”.

Bəs üç günlük təlim kifayətdirmi?

Qurum sədri hesab edir ki, himayədar ailələrin hazırlanması yalnız təlim keçməklə məhdudlaşmamalıdır: “Himayədar ailə modeli bütün dünyada mövcuddur. Bunun həm qısamüddətli, həm də uzunmüddətli formaları var. Bu proqramın məqsədi uşağı sadəcə kiməsə vermək deyil, böhran vəziyyətində olan uşağın uşaq evinə və ya sığınacağa deyil, ailə mühitinə düşməsini təmin etməkdir. Əsas məsələ ailələrin psixoloji hazırlığının düzgün qiymətləndirilməsidir.
Burada əsas məsələ iki həftəlik və ya üç günlük təlim proqramlarına qatılacaq ailələrin psixoloji durumunun hansı testlərlə yoxlanılacağıdır. Çünki bu, yalnız təlim prosesi deyil. Burada ciddi psixoloji dəstəyə, ailə dəyərlərinin və ailə institutunun necə formalaşdığına diqqət yetirilməlidir”.

Kəmalə Ağazadə himayədar ailə ilə övladlığa götürmənin əsas fərqindən də danışıb: "Cəmiyyətdə bəzən himayədar ailə ilə övladlığa götürmə eyni anlayış kimi qəbul edilir. Halbuki hüquqi baxımdan bunlar tamamilə fərqli mexanizmlərdir. Himayədar ailə uşağın müvəqqəti himayəyə götürülməsini nəzərdə tutur. Müddət qısa və ya uzun ola bilər. Bu, dünya praktikasında illərdir tətbiq olunan və özünü doğrultmuş bir modeldir. Əlbəttə, insan faktoru olduğuna görə müəyyən çətinliklər də ortaya çıxa bilər”. “Övladlığa götürmə zamanı da uyğunlaşma problemləri yaşana bilir. Ötən ilin statistikasında uyğunlaşma problemlərinə görə 6 uşağın yenidən müəssisələrə və ya bioloji ailələrinə qaytarıldığı qeyd olunur. Hesab edirəm ki, himayədar ailə proqramı gedərək daha da təkmilləşəcək və uğurlu bir modelə çevriləcək”, – deyə K.Ağazadə vurğulayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR