Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Çin arasında son illərdə sürətlə dərinləşən münasibətlər Moskvanın xarici siyasətində Pekinin rolunu daha da artırıb. Vladimir Putinin Si Cinpinə ünvanladığı son mesajlar və Rusiya liderinin açıqlamaları iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın genişləndiyini göstərir.
Xüsusilə Qərbin sanksiyaları fonunda Çin Rusiyanın mühüm tərəfdaşlarından birinə çevrilib. İndi isə Putinin Çinə qarşıdakı səfəri yalnız Moskva-Pekin münasibətləri baxımından deyil, ABŞ Prezidenti Donald Trampla mümkün görüş ehtimalına görə də diqqət çəkir. Rusiya liderinin Pekindən nə gözlədiyi və Çinlə yaxınlaşmanın Moskvanın manevr imkanlarına necə təsir etdiyi müzakirə mövzusudur.

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: "Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib.
Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib”.
Politoloqa görə, Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur: “Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Moskvanın Pekindən asılılığı artıb. Məsələn, Putin deyib ki, Çinin Sibirin zəgniliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb".
Elxan Şahinoğlu hesab edir ki, bu proses Ukrayna müharibəsi fonunda Rusiyanın üzləşdiyi iqtisadi problemlərlə də əlaqəlidir. Onun fikrincə, Rusiya Ukraynaya qarşı müharibə aparmasaydı, Çindən bu qədər investisiyaya ehtiyac yaranmazdı: "Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir. Təsadüfi deyil ki, NATO baş katibi son açıqlamalarının birində Mark Rutte Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib. Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcək. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var".
Politoloq əsas gözləntilərindən birinin ABŞ Prezidenti Donald Trampla görüş olduğunu bildirib: "Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çindən Trampla həm də ona görə görüşməyə çalışır ki, böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir".
Xalidə Gəray,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ