İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən SƏRT qərar – Azərbaycana pul köçürmələri BELƏ dəyişəcək

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ölkədən nağd rublun çıxarılması qaydalarını sərtləşdirib. Musavat.com xəbər verir ki, yeni məhdudiyyətlərə əsasən, fiziki şəxslər Avrasiya İqtisadi İttifaqı ölkələrinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul apara bilməyəcəklər.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün qaydalar daha da sərtləşdirilib. Belə ki, məbləğindən asılı olmayaraq, onlara bu ölkələrə nağd rubl çıxarmaq tamamilə qadağan edilir. Beləliklə, yeni tədbirlər məhdudiyyətləri yalnız Aİİ ölkələrinə deyil, həm də Azərbaycan, Tacikistan və Özbəkistana şamil edir.

Əyyub Kərimli: Fəaliyyəti, Nailiyyətləri, Rolu - 2026

İqtisadçı Eyyub Kərimli Musavat.com-a şərhində bildirib ki, Rusiyanın Azərbaycana nağd rubl çıxarılmasına yeni məhdudiyyət tətbiq etməsi ilk növbədə iki ölkə arasında qeyri-bank kanalları ilə həyata keçirilən nağd pul hərəkətinə təsir göstərəcək: “Burada vacib məqam odur ki, söhbət bütövlükdə Rusiyadan Azərbaycana pul köçürmələrinin dayandırılmasından deyil, əsasən nağd rublun ölkədən fiziki şəkildə çıxarılmasının məhdudlaşdırılmasından gedir. Fiziki şəxslər üçün 1 milyon rubl həddinin müəyyənləşdirilməsi böyük məbləğdə vəsaitlərin əlbəəl şəkildə Azərbaycana gətirilməsi imkanlarını azaldacaq. Bu isə Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının ailələrinə göndərdikləri vəsaitlərin müəyyən hissəsinin nağd daşınmadan bank və rəsmi pulköçürmə kanallarına keçməsinə səbəb ola bilər.

İkinci mühüm təsir biznes hesablaşmalarında görünə bilər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nağd rublun çıxarılmasına daha sərt məhdudiyyət biznesi bank hesablaşmalarına və sənədləşdirilmiş ödəniş mexanizmlərinə yönəldəcək. Bu baxımdan qərarın məqsədlərindən biri nağd pulun sərhədlərarası hərəkətini nəzarət altına almaq və maliyyə əməliyyatlarının şəffaflığını artırmaq kimi qiymətləndirilə bilər”.

Ekspertin fikrincə, qərarın Azərbaycanın valyuta bazarına təsirinin isə ciddi olacağını gözləmək üçün hələlik əsas yoxdur: “Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin hamısı nağd rubl formasında gətirilmir. Bank köçürmələri və digər rəsmi kanallar qalır. Ona görə də qərar pul axınının özündən daha çox, pulun Azərbaycana hansı kanalla daxil olmasına təsir göstərə bilər. Bununla belə, nağd rubl təklifinin müəyyən qədər azalması Azərbaycanda rublun nağd valyuta bazarında alış-satış şərtlərinə təsir edə bilər. Əgər nağd rublun ölkəyə fiziki gətirilməsində əhəmiyyətli azalma baş verərsə, ayrı-ayrı dövrlərdə bank və valyutadəyişmə məntəqələrində nağd rublun təklifində müəyyən daralma müşahidə oluna bilər. Ancaq bunun miqyası faktiki olaraq Azərbaycana nə qədər rublun məhz nağd şəkildə gətirilməsindən asılı olacaq. Digər tərəfdən, qərarın müsbət tərəfi odur ki, qeyri-rəsmi pul dövriyyəsinin payı azala, bank sistemi üzərindən aparılan əməliyyatların həcmi arta bilər. Bu isə maliyyə axınlarının daha şəffaf və izlənilə bilən olmasına şərait yaradır.

Ümumilikdə mən bu qərarın Azərbaycan-Rusiya iqtisadi əlaqələrində pul dövriyyəsini kəskin azaltmasından daha çox, onun strukturunu dəyişəcəyini düşünürəm. Yəni, nağd pul kanalının çəkisi azalacaq, bank və rəsmi köçürmə mexanizmlərinin rolu artacaq. Əsas məsələ bundan sonra bank köçürmələrinin əlçatanlığı, komissiya xərcləri və hesablaşmaların hansı valyutalarda aparılması olacaq”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR