Onlayn ictimai-siyasi qəzet
“Rusiya prezidenti Vladimir Putin Ukraynanı 2027-ci ilin yazına qədər respublikaya qarşı genişmiqyaslı, sistemli hücumlar vasitəsilə kapitulyasiyaya məcbur etmək istəyir”.
Bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) araşdırmasında deyilir.
Bildirilir ki, Moskvanın Ukraynadakı münaqişədə qələbəsi Rusiya Silahlı Qüvvələrinin resursları imkan verdiyi müddətcə zərbələrini gücləndirməsi və sürətləndirə bilməsindən asılıdır. Bu, Rusiyanın yüksək nüfuzetmə qabiliyyətinə malik ucuz, reaktiv mühərrikli “Geran” dronlarını çox sayda buraxmaq qabiliyyəti sayəsindədir.
“Rusiyanın müxtəlif zərbə arsenalı və Ukraynanın hava hücumundan müdafiə vasitələrinin olmaması Rusiya qüvvələrinə hazırkı zərbə tempini qorumağa və hədəf diapazonunu genişləndirməyə imkan verir. Rusiyanın hazırkı zərbə strategiyası Ukraynaya ciddi iqtisadi itkilər verir”, - deyə bildirilir.
Məsələni Musavat.com üçün dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Əfrahim Təhməzov cəbhədəki hərbi-strateji reallıqları və hərbi analizin dərin qatlarını diqqətə çatdırıb.

Polkovnik bildirib ki, Rusiyanın “Geran” dronları və reaktiv sistemlərlə Ukraynanı kapitulyasiyaya məcbur etmək strategiyası yeni deyil:
“Rusiya tərəfi artıq uzun müddətdir ki, Ukraynanın mülki və kritik infrastrukturunu hədəf almaqla ölkəni daxildən sarsıtmağa, iqtisadi və psixoloji cəhətdən tükəndirməyə çalışır. Lakin hərb elminin dəyişməz bir qaydası var. Yalnız hava hücumları, dron və raket zərbələri ilə bir dövləti kapitulyasiya aktına imza atdırmaq qeyri-mümkündür. Piyada qoşunları hər hansı bir ərazidə möhkəmlənmədikcə və hərbi cəhətdən üstünlük təmin edilmədikcə, yalnız havadan təzyiqlə müharibənin taleyini həll etmək olmaz”.
Rusiya gələn yaza qədər Donbası tam ala bilərmi?
Əfrahim Təhməzovun sözlərinə görə, Kremlin Donbası ən qısa zamanda tam nəzarətə götürmək planı ciddi hərbi və logistik maneələrlə üz-üzədir:
“Ukrayna ordusu Donbasda inkişaf etmiş hərbi istehkamlar qurub. Xüsusilə Kramatorsk, Slovyansk və Çasiv Yar xəttində illərdir keçilməz müdafiə zolaqları yaradılıb. Bu mövqelərin yarılması böyük hərbi resurs tələb edir. Buna görə də Rusiya cəbhədə hər kiçik irəliləyiş üçün həddindən artıq böyük itkilər verir. Mövcud hücum sürəti ilə gələn yaza kimi Donbasın inzibati sərhədlərinə çıxmaq üçün Rusiyanın hücum intensivliyini bir neçə dəfə artırması lazımdır ki, hazırkı canlı qüvvə və sursat tempi ilə bu, hərbi baxımdan olduqca çətindir. Ukraynanın hava hücumundan müdafiə sistemlərində zaman-zaman yaranan çatışmazlıqlar isə keçici xarakter daşıyır. Qərb strateqləri Ukraynanın cəbhədə tam çökməsinə imkan verməyəcək, çünki bu, bütövlükdə Avropa təhlükəsizlik arxitekturasının böhranı deməkdir. Buna görə də Rusiyanın 2027-ci il üçün planı reallıqdan çox psixoloji təzyiqdir”.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, ISW-nin təqdim etdiyi “2027-ci il planı” daha çox təbliğat və psixoloji müharibə elementidir:
“Moskva uzunmüddətli müharibə anonsu verməklə həm Kiyev cəbhəsində ümidsizlik yaratmaq, həm də Qərb tərəfdaşlarını “müharibə uzanacaq, resurslarınızı hədər xərcləməyin” mesajı ilə yormaq istəyir. Lakin unutmaq olmaz ki, uzunmüddətli müharibə təkcə Ukraynanı deyil, ağır sanksiyalar altında olan Rusiya iqtisadiyyatını və hərbi potensialını da eyni dərəcədə tükəndirir”.
Əfrahim Təhməzov deyib ki, Rusiya cəbhənin bəzi istiqamətlərində yerli taktiki üstünlüklər əldə etsə də, gələn yaza qədər Donbası tamamilə işğal etmək və ya 2027-ci ilə qədər Ukraynanı tam kapitulyasiyaya məcbur etmək hərbi güc balansı baxımından real görünmür:
“Proseslərin taleyini tərəflərin yaxın aylarda nümayiş etdirəcəyi resurs dözümlülüyü və hərbi-siyasi iradə müəyyən edəcək”.
E.Məmmədəliyev,
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ