İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanuni oğrular”a qarşı yeni dalğa - Moskva kriminal iyerarxiyanın üst qatına zərbə vurur

 

“Torçik”in həbsi, “Şamxorski”nin saxlanılması və kriminal aləmin “ümumi kassası”na qarşı mübarizə – Rusiya xüsusi xidmət və polisinin əməliyyatları nə göstərir?

Rusiyada kriminal aləmin ənənəvi iyerarxiyasına qarşı mübarizənin yeni mərhələsi müşahidə olunur. Son aylarda Moskva və digər regionlarda keçirilən əməliyyatlar göstərir ki, Rusiya hüquq-mühafizə orqanları yalnız sıravi cinayətkarları deyil, kriminal mühitdə yüksək status daşıyan şəxsləri və onların mümkün əlaqələrini hədəfə almağa çalışır.

Musavat.com xəbər verir ki, bu əsnada Moskvada 65 yaşlı Nüqzar Torçinavanın – kriminal aləmdə “Torçik” kimi tanınan şəxsin saxlanılması diqqət çəkir. “Prime Crime” agentliyinin yaydığı məlumata görə, Torçik Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Moskva Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən 450 min rubl məbləğində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək tutulub.

Söhbət adi küçə cinayətindən deyil, Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi ilə – mütəşəkkil qrup tərəfindən törədilən hədə-qorxu ilə tələb etmə ilə bağlı araşdırmadan gedir. Bu maddənin həmin hissəsi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

 Nüqzar Torçinava 1980-ci ildə kriminal iyerarxiyada yüksək status əldə edib və uzun illər Qafqaz kriminal mühitinin fəal nümayəndələrindən biri kimi tanınıb. Nəşr onun adının hələ 1980-ci illərin sonlarında SSRİ-nin müxtəlif regionlarında kriminal təsirin genişlənməsi ilə bağlı materiallarda çəkildiyini bildirir. Torçinavanın saxlanılmasından sonra Moskva kriminal mühitində “Suxumi” qrupundan azadlıqda qalan əsas fiqurlardan biri kimi “Kimo”nun adı çəkilir. Lakin bunlar kriminal aləmin öz daxili təsnifatları və “Prime Crime”ın məlumatlarıdır; hüquqi baxımdan Torçinavanın təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Bundqn öncə, Rusiyada  tanınmış kriminal fiqurların – Vaqif Süleymanov (“Diplomat”) və Suren Tavadovun (“Surik Andicanski”)  də tutulublar.

Bu faktlar Rusiya hüquq-mühafizə orqanlarının kriminal mühitdəki şəxsləri ayrı-ayrı epizodlar üzrə deyil, daha geniş əlaqələr şəbəkəsi çərçivəsində izləməsi barədə sual yaradır.

Məsələnin Azərbaycan üçün ayrıca maraqlı tərəfi də var.

2026-cı il iyunun 9-da Sankt-Peterburqda Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları kriminal aləmdə “Yusif Şamxorski” kimi tanınan Yusif Nurəddin oğlu Əliyevi saxlayıblar. Onun barəsində Azərbaycan DİN-in axtarışı olub və saxlanıldıqdan sonra Sankt-Peterburqdakı “Krestı” istintaq təcridxanasına yerləşdirilib.

Beləliklə, 2026-cı ilin iyun-iyul aylarında Rusiya ərazisində keçirilən əməliyyatların coğrafiyasına baxdıqda Moskva və Sankt-Peterburq xüsusilə ön plana çıxır.

Rusiyanın hüquq-mühafizə təcrübəsində son illərdə kriminal aləmin yuxarı pillələrində dayanan şəxslərə qarşı ayrıca yanaşma formalaşıb. Məsələn, Rusiya DİN-in rəsmi məlumatlarında əvvəllər “kriminal avtoritet” kimi təqdim olunan şəxslərin yüksək kriminal statusdan istifadə edərək mütəşəkkil cinayətkarlığa rəhbərlik etməsi, “ümumi kassa”ya nəzarət etməsi və aşağı səviyyəli şəxsləri öz göstərişlərinə tabe etdirməsi barədə çoxsaylı işlər açıqlanıb.

2024-cü ildə Vladimir vilayətində polis “fəaliyyətdə olan kriminal avtoritet”i saxladığını açıqlamışdı. DİN-in məlumatına görə, həmin şəxs kriminal mühitdə münaqişələrin həllində iştirak edir, kriminal iyerarxiyada aşağı mövqedə olan şəxslərə nəzarət edir və “ümumi kassaya” daxil olan vəsaitlərin bölüşdürülməsində rol oynayırdı.

Bu yanaşma təsadüfi deyil. Rusiya hüquq-mühafizə orqanları üçün kriminal iyerarxiyanın əsas fiqurlarından birinin sıradan çıxarılması bütöv bir qrupun fəaliyyətinə zərbə vurmaq vasitəsi kimi qiymətləndirilir.

Kriminal mühitdə “obşak” adlandırılan ümumi fond uzun illər təşkilatlanmış cinayətkar qrupların əsas maliyyə mexanizmlərindən biri kimi təqdim olunub.

Rusiya DİN-in əvvəlki araşdırmalarında kriminal avtoritetlərin həbsxanalardakı şəxslərə maddi dəstək göstərmək, yeni üzvlər cəlb etmək, kriminal mühitdə mübahisələri həll etmək və ümumi maliyyə fonduna vəsait toplamaq funksiyalarını yerinə yetirdiyi açıqlanıb.

Başqa bir iş üzrə isə Rusiya DİN kriminal avtoritetin uzun müddət ərzində cinayətkar iyerarxiyada yüksək mövqedə dayanaraq kriminal mühitin fəaliyyətini təşkil etdiyini və sahibkarlardan hədə-qorxu ilə pul tələb etdiyini bildirib. Həmin şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib.

Deməli, mübarizənin mahiyyəti yalnız bir şəxsin həbsindən ibarət deyil. Məqsəd kriminal təsirin maliyyə, idarəetmə və əlaqələr sistemini zəiflətməkdir.

Torçinava ilə bağlı işdə 450 min rubl məbləğinin tələb olunması ittihamın diqqət çəkən tərəfidir. Burada əsas məsələ məbləğin böyüklüyündən daha çox, pul tələb etmənin kriminal status və qrup imkanlarından istifadə etməklə həyata keçirildiyi iddiasıdır.

Rusiya DİN-in 2026-cı ildə yaydığı məlumatlar göstərir ki, hədə-qorxu ilə pul tələb etmə halları müxtəlif regionlarda təşkilatlanmış cinayətkarlıqla mübarizənin əsas istiqamətlərindən biri olaraq qalır.

Məsələn, may ayında Xantı-Mansi Muxtar Dairəsində polis sahibkardan 6 milyon rubl tələb etməkdə şübhəli bilinən cinayətkar qrupun fəaliyyətinin qarşısını aldığını açıqlayıb.

Stavropol diyarında isə sahibkardan 3 milyon rubl tələb etməkdə ittiham olunan şəxsin işi məhkəməyə göndərilib.

İyulun 13-də Kurskda isə Rosqvardiyanın xüsusi təyinatlıları cinayət axtarışı əməkdaşlarına hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərin saxlanılması zamanı dəstək verib.

Başqa sözlə, Torçik işi tək hadisə deyil. 2026-cı ilin kriminal xronikası Rusiyada hədə-qorxu ilə pul tələb etməyə qarşı genişmiqyaslı əməliyyatların davam etdiyini göstərir.

Moskva Rusiya kriminal aləmi üçün ən böyük iqtisadi və logistika mərkəzlərindən biridir. Burada böyük biznes dövriyyəsi, müxtəlif regionlardan gələn kriminal qruplar və çoxsaylı əlaqələr şəbəkəsi mövcuddur.

Bu səbəbdən paytaxtda kriminal iyerarxiyanın yüksək səviyyəli nümayəndəsinin saxlanılması sıradan əməliyyat kimi qiymətləndirilə bilməz.

2026-cı ilin əvvəlində də Moskva polisi və GУУР bir neçə hədə-qorxu ilə pul tələb etmə işi üzrə əməliyyatlar keçirib. Yanvar ayında GУУР və Moskvanın Cənub-Şərq İnzibati Dairəsi üzrə polis əməkdaşları böyük məbləğdə pul tələb etməkdə şübhəli bilinən qrupun üzvlərini saxlamışdı.

Bu mənzərə onu göstərir ki, Rusiya hüquq-mühafizə orqanlarının yanaşması getdikcə daha çox kriminal şəbəkənin rəhbərliyinə, maliyyə mənbələrinə və təşkilati mexanizmlərinə yönəlir.

Rusiyada kriminal iyerarxiyanın yüksək pilləsində olmaq bir vaxtlar müəyyən dairələr üçün toxunulmazlıq simvolu hesab edilirdi. Lakin son illərin hüquq-mühafizə praktikasında bunun əksi müşahidə olunur.

Kriminal status şəxsin üzərinə əlavə hüquqi risk də gətirə bilər. Rusiya qanunvericiliyində kriminal iyerarxiyada yüksək mövqe tutmaqla bağlı ayrıca cinayət-hüquqi mexanizmlər mövcuddur.

DİN-in açıqladığı əvvəlki işlərdə kriminal avtoritetlərin yalnız konkret cinayətlərə görə deyil, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaları və həmin statusdan kriminal fəaliyyətin təşkili üçün istifadə etmələri də araşdırılıb.

2025-ci ildə İvanovo vilayətində yüksək kriminal statusa malik şəxsin sahibkarlardan pul tələb etməsi, zorakı basqın və digər cinayətlərlə bağlı iş üzrə 15 il müddətinə azadlıqdan məhrum edilməsi də bu yanaşmanın göstəricilərindəndir. Torçinavanın saxlanılması “Suxumi” kriminal qruplaşması üçün iyulun isti keçməsi kimi xarakterizə edir. Həqiqətən də həmin dövrdə Rusiya və Abxaziya məkanında kriminal aləmin tanınmış simalarına qarşı ardıcıl saxlanılmalar barədə məlumatlar yayılıb.  Abxaziyada bir neçə “qanuni oğru”nun saxlanılması, eləcə də Moskvada Torçikin tutulması barədə məlumatlar yer alır. Bu, kriminal aləmdə bir dövrün dəyişdiyini göstərən əlamət kimi də qiymətləndirilə bilər. Çünki söhbət artıq ayrı-ayrı quldurluq və ya xuliqanlıq hadisələrindən getmir. Hədəf kriminal dünyanın rəhbərlik mexanizmi, nüfuz sistemi, maliyyə fondu və regional əlaqələridir.

Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycan mənşəli kriminal fiqurların da bu prosesdən kənarda qalmadığı görünür.

Yusif Əliyevin – “Yusif Şamxorski”nin – Sankt-Peterburqda saxlanılması bunun ən aktual nümunələrindəndir. Üstəlik, həmin şəxsin Azərbaycan DİN-in axtarışında olması iki ölkənin hüquq-mühafizə orqanlarının kriminal şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməkdaşlığının əhəmiyyətini göstərir.

Burada vacib məqam odur ki, kriminal aləmin milli mənsubiyyəti yoxdur. Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və digər ölkələrdən olan şəxslərin keçmiş SSRİ məkanında formalaşmış kriminal şəbəkələr daxilində əlaqələri uzun illər mövcud olub.

Ona görə də Rusiyanın kriminal iyerarxiyaya qarşı apardığı əməliyyatlar Azərbaycan üçün də əhəmiyyətlidir. Xüsusilə Rusiyada saxlanılan Azərbaycan vətəndaşları və ya Azərbaycan hüquq-mühafizə orqanlarının axtarışında olan şəxslərlə bağlı proseslər diqqətlə izlənilməlidir.

Nüqzar Torçinavanın saxlanılması bir şəxsin kriminal bioqrafiyasının növbəti səhifəsi deyil. Bu hadisə Rusiyada kriminal iyerarxiyanın ən yuxarı təbəqəsinə qarşı mübarizənin davam etdiyini göstərən daha bir nümunədir.

450 min rubl tələb edilməsi ilə bağlı cinayət işi üzrə saxlanılan 65 yaşlı “Torçik”in taleyini indi məhkəmə müəyyən edəcək. Lakin onun həbsi ilə bağlı məlumatların fonunda daha böyük mənzərə görünür: Rusiya hüquq-mühafizə sistemi kriminal aləmin “adlarını” deyil, onun sistemini dağıtmağa çalışır.

Moskva və Sankt-Peterburqda ardıcıl əməliyyatlar, kriminal avtoritetlərin saxlanılması, “ümumi kassa”nın maliyyələşdirilməsinə qarşı tədbirlər və hədə-qorxu ilə pul tələb etmə işləri göstərir ki, kriminal iyerarxiyanın əvvəlki kimi rahat fəaliyyət göstərməsi getdikcə çətinləşir.

Və bu prosesin ən maraqlı tərəfi də budur: “qanuni oğru” adı artıq hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq üçün üstünlük deyil – əksinə, həmin şəxsin daha ciddi şəkildə izlənilməsinə səbəb ola bilər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR