İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdəki qapalı görüş - Bakı şərh vermir

Sərhədlərin müəyyənləşməsi prosesi daha çox vaxt tələb edəcək və bu səbəbdən nə zaman başa çatacağını proqnozlaşdırmaq son dərəcə çətin olacaq

Azərbaycan və Ermənistanın baş nazirin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyaları arasında Qəbələdə mediaya qapalı keçirilən görüşdə əldə edilən razılaşmaların bəzi təfərrüatları bəlli olub. Məlum olub ki, Qəbələdə delimitasiya və demarkasiya komissiyalarının növbəti iclasının Ermənistanda keçirilməsi razılaşdırılıb. 

Sərhədlərin müəyyənləşməsi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişməsindən başlayacaq və şərti sərhədin bütün uzunluğu boyunca Zəngilana qədər davam edəcək. Zəngəzur dəhlizi ilə kommunikasiyaların tikintisinə gələn il başlanması nəzərdə tutulduğundan, infrastrukturun layihələndirilməsi və sərhəd-keçid məntəqələrinin yerləşdirilməsi üçün ilkin dəqiqləşdirmələr sərhədin cənub hissəsində aparılmalıdır. Bunu nəzərə alaraq Mustafayev-Qriqoryan komissiyaları artıq cənubda iclas keçirərək, dəhlizin Naxçıvan və Zəngilandan mümkün giriş-çıxış məntəqələrinə baş çəkiblər. Bu səfər nəqliyyat dəhlizinin infrastrukturunun yerləşdirilməsi ilə əlaqədar fövqəladə demarkasiya tələb oluna bilən ərazilərin qiymətləndirilməsi ilə birbaşa bağlı olub. Hələ noyabrın ortalarında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da TRIPP layihəsinin həyata keçirilməsinə hazırlıq çərçivəsində delimitasiya və demarkasiya üçün “fövqəladə tədbirlər”in mümkünlüyünü istisna etmirdi. Lazımi razılaşmalar əldə olunarsa, tikintiyə gələn ilin əvvəlində başlanılacaq və iki il ərzində başa çatdırıla bilər. Bu müddət ərzində Zəngəzur dəhlizinin potensial giriş-çıxış məntəqələrində cənubda şərti Ermənistan-Azərbaycan sərhədinin bütün hissələrinin delimitasiyası və demarkasiyasını başa çatdırmaq nəzəri cəhətdən mümkündür. Bununla belə, ümumi şimal-cənub demarkasiyası prosesi əhəmiyyətli dərəcədə daha çox vaxt tələb edəcək, bu da onun başa çatacağını proqnozlaşdırmaqda son dərəcə çətin olacaq.

Sahib Məmmədov: Donald Trampın dedikləri hüquqi nonsensdir » Reyting.az

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, kiçik, amma çox vacib bir hissədə sərhədlər müəyyənləşdirilib: “Amma düşünmürəm ki, bu iş Zəngəzur dəhlizi üzrə yollar istismara verilənə qədər başa çatmış olsun. Bu, uzun danışıqlar, razılaşmalar tələb edən prosesdir və prosesin həm diplomatik, həm texniki tərəfləri var. Yəni razılaşmalar planlar, xəritələr, ölçmələr və s. proseslərlə müşayiət olunacaq və mühəndis-texniki qurğuların inşası ilə başa çatacaq. Əsas məsələ delimitasiya prosesləridir. Demarkasiya işləri razılaşdırılan sahələrdə qısa müddətdə təmin olunacaq”. 

Zəngəzur dəhlizi və ya Tramp marşrutu məsələsinə gəldikdə, STM təmsilçisi qeyd etdi ki, bu istiqamətdə də real fəaliyyətlər görünməkdədir: “Ermənistan tərəfi ilə ABŞ təmsilçiləri artıq görüşüblər. Məsələnin əvvəlcə hüquqi tərəfləri, sonra layihələndirmə, tikintini kimin aparması, kimin istismar edəcəyi məsələləri həll olunmalıdır. Bu, Ermənistan və ABŞ-yə aid işlərdir. Bizdə isə hər iki tərəfdən, həm Zəngilan, həm Naxçıvan tərəfdən infrastruktur, demək olar ki, hazırdır. Yəni biz tərəfdə işlər daha tez başa çatacaq. Hələlik Ermənistan tərəfdə də müəyyən hərəkətlər müşahidə olunur. Ermənistanda bu məsələ, bizdən fərqli olaraq, yalnız tikinti məsələsi deyil. Daxili və xarici qüvvələrin Ermənistan hakimiyyətinə basqıları davam edir. Ona görə də biz tam əminliklə deyə bilmirik ki, yollar nə vaxt hazır olacaq. Ehtimal olunan vaxt 2028-ci ildir, əgər Ermənistan hakimiyyətinin siyasi iradəsi maneələri dəf edə bilərsə...”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycan və Ermənistanın baş nazirin müavinləri mövcud məsələlərin konkret həlləri ilə məşğuldurlar: “Birincisi, bu sərhədlərin delimitasiya və demarkasiyasının davam etdirilməsidir. İkincisi, ”Tramp yolu"nun reallaşması üçün zəruri addımların atılmasıdır. Sərhədlərin müəyyənləşməsi iki ölkənin şimal sərhədlərindən başlamışdı. Bunu Zəngəzur dəhlizinin keçdiyi istiqamətdə davam etdirməyə ehtiyac var. Çünki dəhliz boyu giriş və çıxış məntəqələri müəyyənləşdirilməlidir. Bunu dəhlizin tikintisi ilə paralel həyata keçirmək mümkündür". 

E.Şahinoğlu qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan bütün diqqətini gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəldib: “Paşinyan ölkəsində müxtəlif qüvvələrlə mübarizə aparır. Ermənistan hökumətinin Azərbaycanla həllini gözləyən məsələlərdə ləngliyi bununla əlaqədardır. Halbuki Ermənistan ərazisində ”Tramp yolu"nun tikintisinə başlanılması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya prosesinin davamı seçkiöncəsi Paşinyanın mövqelərini gücləndirə bilər".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub. Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar. Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İstisna deyil ki, nazirlərin görüşündə sərhəd mövzusu da müzakirə edilib. Bu yerdə xatırladaq ki, H.Fidan bir müddət əvvəl sülh müqaviləsi imzalandıqdan sonra sərhəd qapılarının açılacağını bildirmişdi.

Bakı və İrəvan arasında artan təmaslar fonunda Ankara ilə də intensiv əməkdaşlıq sülh prosesini irəli aparmaq üçün əlavə imkanlar yaradır. Xüsusilə də sərhədlərin açılması məsələsində Bakı və Ankaranın mütəmadi məsləhətləşmələr apardığı şübhə doğurmur. E.Şahinoğlu qeyd etdi ki, “Bloomberg” Agentliyinin adı çəkilməyən məlumatlı mənbəyə istinadən Türkiyənin növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirəcəyi xəbərinin yayılması Paşinyanın xeyrinədir: “Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması baş nazir Nikol Paşinyana iyun seçkilərində kömək edə bilər. Azərbaycan Türkiyənin Ermənistanla sərhədin açılmasının əleyhinə deyil. Buna baxmayaraq, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra sərhədin açılmasını mümkün hesab etdiyini deyib. ”Bloomberg" agentliyinin məlumatı da Ermənistan hökumətinin Azərbaycanla dialoqda fəallığını artırmasının əhəmiyyətini göstərir".

Bu məsələlərlə bağlı Azərbaycan XİN-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən məsələlərlə bağlı şərh verilmir.

E.Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR