Onlayn ictimai-siyasi qəzet
Özünü indi “neytral” qurum kimi təqdim edib Vardanyanın arvadına canıyananlıq edən BQXK, unudur ki, işğal dövründə Xankəndidə Ermənistandakı struktura tabe fəaliyyət göstərib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanda saxlanılan ermənilərə, xüsusilə də Ruben Vardanyana mümkün səfər məsələsində “neytral vasitəçi” kimi çıxış etməyə hazır olduğunu açıqlaması ilk baxışdan “humanitar təşəbbüs” təsiri bağışlaya bilər. Lakin bu təklifə yalnız “humanitar missiya” prizmasından baxmaq doğru olmaz. Çünki söhbət Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verən şəxslərdən gedir və onların ətrafında beynəlxalq ictimai rəy formalaşdırılması cəhdləri artıq uzun müddətdir davam edir.
Musavat.com xəbər verir ki, BQXK-nın Ermənistan nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni “Sputnik-Ermənistan”a bildirib ki, tərəflərin müraciəti və razılığı olacağı təqdirdə qurum neytral vasitəçi kimi çıxış edə bilər. Bu açıqlama məhz Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonanbendin Bakıya gəlmək təşəbbüsünün gündəmdə olduğu bir vaxtda səslənir. Zonanbend artıq Ermənistan hakimiyyəti ilə görüşüb, onun Bakıya beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində səfər etmək niyyəti də məlumdur.
Aydındır ki, bu cür “vasitəçilik” təklifi sadəcə bir ailənin Vardanyanla görüşmək istəməsindən ibarət deyil. Burada beynəlxalq humanitar mexanizmlərdən istifadə etməklə əsas məqsəd Bakıya təzyiq göstərilməsi və Vardanyan məsələsinin yenidən beynəlxalq gündəmə daşınmasıdır.
Xatırladaq ki, BQXK 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərib. Lakin Qarabağ işğal altında olduğu dövrdə “neytral” qurumun Xankəndidə ayrıca missiyası fəaliyyət göstərib və Bakıdakı nümayəndəliyə deyil, İrəvandakı struktura tabe olub. Prezident İlham Əliyev də 2023-cü ildə “Euronews”a müsahibəsində məhz bu məsələni açıq şəkildə gündəmə gətirmişdi. Zamanında Laçın yolunda BQXK avtomobillərindən istifadə etməklə Azərbaycana bəyan edilməmiş yüklərin keçirilməsi faktı da ciddi qalmaqal yaratmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi həmin hadisəni ölkənin suverenliyinə qarşı qanunsuz fəaliyyətlər kimi qiymətləndirmişdi. Nəhayət, 2025-ci ildə Azərbaycan hökumətinin qərarı ilə BQXK-nın ölkədəki fəaliyyəti dayandırıldı. Təşkilatın özünün açıqlamasına görə, nümayəndəlik 3 sentyabr 2025-ci ildə bağlanıb. BQXK bu qərarın Azərbaycan hakimiyyətinin qərarı olduğunu təsdiqləyib, lakin qərarın konkret səbəbləri barədə Azərbaycanla məxfi dialoqa görə açıqlama verməyib. Lakin bu bağlanma o demək deyil ki, BQXK Azərbaycanla əlaqələri tam kəsib. Əksinə, təşkilatın Cenevrədəki qərargahı Bakı ilə dialoqu davam etdirir. Hətta 2025-ci ilin dekabrında Cenevrədən gələn nümayəndələr Azərbaycanda münaqişə ilə bağlı saxlanılan şəxslərə baş çəkiblər. BQXK-nın öz məlumatına görə, belə səfərlər yalnız Azərbaycan hakimiyyətinin razılığı əsasında mümkündür.
İndi isə təşkilatın Vardanyana görə “humanitar jesti” nə inanmaq sadəlövhlük olardı. Çünki Vardanyan Qarabağdakı separatçı strukturlarda yüksək vəzifə tutmuş, Azərbaycan tərəfindən ağır cinayətlərdə ittiham olunan şəxsdir. Onun həyat yoldaşının beynəlxalq nümayəndə heyəti ilə Bakıya gəlmək niyyəti, ardınca BQXK-nın “vasitəçilik” təklifi məsələnin humanitar çərçivədən siyasi müstəviyə keçirilməsi cəhdinə çevrilə bilər.
Daha bir məqam da var: BQXK-nın Azərbaycandakı nümayəndəliyi artıq yoxdur. Buna baxmayaraq, təşkilat Vardanyan məsələsində Ermənistan tərəfinin gündəliyinə uyğun bir platformaya çevrilmək riskini özü artırır. Xüsusilə də Ermənistanın müxtəlif beynəlxalq hüquq və insan haqları strukturları vasitəsilə Bakıdakı məhkəmə proseslərini siyasiləşdirməyə çalışdığı bir vaxtda bu cür təşəbbüslər təsadüfi görünmür.
Azərbaycan bu məsələdə humanitar prinsiplərə sadiqliyini nümayiş etdirə bilər, amma eyni zamanda qırmızı xəttini dəqiq çəkməlidir: humanitar missiya adı altında Azərbaycanın məhkəmə prosesinə müdaxilə, saxlanılan şəxslərə siyasi status qazandırmaq və Vardanyan məsələsini beynəlxalq təzyiq alətinə çevirmək qəbuledilməzdir...
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ