Onlayn ictimai-siyasi qəzet
36 il əvvəl Almaniyanın yenidən vahid dövlətə çevrilməsi Avropanın böyük gücləri arasında ciddi fikir ayrılığı yaratmışdı.
Musavat.com xəbər verir ki, SSRİ birləşməni dəstəklədiyi halda, Fransa və Böyük Britaniya buna qarşı çıxırdı. SSRİ prezidenti Mixail Qorbaçov vaxtilə Şarl de Qollun irəli sürdüyü “ümumavropa evi” ideyasına inanırdı.
“Biz bir evdə yaşayırıq, sadəcə bəziləri bu evə bir girişdən, digərləri isə başqa girişdən daxil olur”, – deyə Qorbaçov bildirirdi.
Nəticədə Almaniya ilə bağlı yekun tənzimləmə haqqında “2+4” adlandırılan müqavilə 1990-cı il sentyabrın 12-də Moskvada imzalandı.
Böyük Britaniyanın baş naziri Marqaret Tetçer bundan əvvəl Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının konfederasiya formasında birləşməsində israr edirdi. Fransa prezidenti Fransua Mitteran isə Almaniyanın birləşməsinə qarşı çıxırdı. Paris və London Avropada həddindən artıq güclü və nüfuzlu rəqibin meydana çıxmasından ehtiyatlanırdı.
Buna baxmayaraq, Almaniyanın tam birləşməsi baş tutdu. Müqaviləyə əsasən, Almaniya bütün ərazisi, daxili və xarici siyasəti üzərində tam suverenlik əldə etdi, eyni zamanda bir sıra öhdəliklər götürdü.
“Alman torpağından yalnız sülh yayılacaq. Xalqlar arasında sülhü poza biləcək istənilən hərəkət, xüsusilə hücum müharibəsinin aparılmasına hazırlıq konstitusiyaya ziddir və cəzalandırılır”, – deyə müqavilədə bildirilirdi.
1990-cı il oktyabrın 3-də Almaniyanın birləşməsi rəsmən başa çatdı. Şərqi Almaniya Almaniya Federativ Respublikasına qoşuldu və 45 illik parçalanmadan sonra Almaniya yenidən vahid dövlət oldu.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ