Onlayn ictimai-siyasi qəzet
Ukraynalı jurnalist Dmitri Qordon Rusiya ilə Qərb arasında qarşıdurmada əvvəllər mövcud olduğu düşünülən “qırmızı xətlərin” artıq qalmadığını bildirib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Qordon bu fikirləri jurnalist İrina Uzlova ilə söhbəti zamanı səsləndirib.
Söhbət İsveçin Rusiyanın mümkün hücumu halında onun ərazisinin dərinliklərinə zərbə endirməyə hazır olması barədə bəyanatından başlayıb. Uzlova Rusiyanın Avropaya qarşı hibrid müharibəsinin artıq davam etdiyini bildirib.
Qordon isə qarşıdurmanın bundan sonra daha da genişlənəcəyini iddia edib.
“Qırmızı xətlər mövcud deyil. Əgər Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) direktorunun kabinetinə reaktiv dron uçub gəlirsə, deməli, qırmızı xətlər yoxdur. Əgər ABŞ ərazisində Harri Kasparov və İlya Ponomaryova qarşı sui-qəsdlər hazırlanırsa, qırmızı xətlər yoxdur”, – Qordon deyib.
Jurnalist iddia edib ki, əvvəllər Rusiya xüsusi xidmətləri ABŞ ərazisində Kremlin əleyhdarlarına qarşı bu cür əməliyyatlara əl atmayıblar.
“Əgər bunu indi edirlərsə, deməli, qırmızı xətlər yoxdur. Onlar deyirlər: ‘Heç yerdə gizlənə bilməyəcəksiniz, hər yerdə sizə çatmağa çalışacağıq’”, – Qordon bildirib.
Qordonun sözlərinə görə, baş verənlər Rusiya ilə Qərb arasındakı qarşıdurmanın artıq yalnız Ukrayna cəbhəsi və klassik hibrid müharibə üsulları ilə məhdudlaşmadığını göstərir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ