İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoruqların turizm imkanları nümayiş etdirilib

Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Mediatur zamanı ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsi ziyarət olunub. Məlumat verilib ki, Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Bu ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir. Hazırda türbə ətrafında abadlıq işləri, qədim qəbiristanlıqda arxeoloji qazıntılar, “Diri Baba” türbəsində isə bərpa işləri həyata keçirilir. Bu türbə il ərzində xeyli sayda xarici və yerli turist qəbul edir. 2026-cı ilin yanvar-sentyabr aylarında “Diri Baba” türbəsini 12 175 xarici turist bilet alaraq ziyarət edib. Həmin müddətdə ödənişsiz qaydada memarlıq abidəsini 16 040 nəfər ziyarət edib.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. Həyata keçirilən işlər nəticəsində Basqalda küçələr tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, Basqalın turizm məkanı kimi inkişaf etdirilməsi, yeni iş imkanlarının yaradılması yaşayış məntəqəsini vaxtilə tərk etmiş sakinlərin geri qayıtması ilə də nəticələnib. İndiyə qədər 20-yə yaxın ailə Basqala qayıdıb. Həyata keçirilən tədbirlərin davamı olaraq, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri yekunlaşmaq üzrədir.

Qoruqla tanışlıq çərçivəsində Dövlət Turizm Agentliyinin Mədəni irsin idarə olunması sektorunun müdiri Rüstəm Mehtizadə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda yer alan dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyasının əhəmiyyəti, bu çərçivədə görüləcək işlər barədə məlumat verib.

Mediaturda iştirak edən jurnalistlər Basqala özəl turizm məhsulları ilə də tanış olublar. Halvaçı Cahid Əliyev Basqal mətbəxinin incisi sayılan Basqal halvasının, Məlahət Talıbova isə Basqalın məşhur pip dolması nın hazırlanması qaydasını jurnalistlərə nümayiş etdirib. Media mənsubları basqallı Tanrıverdi Talıbovun qoruq ərazisində özünə məxsus evdə yaratdığı sahibkarlıq obyekti ilə də tanış olublar. Daha sonra jurnalistlər kəlağayı ustası Ələsgər Xəlilovun emalatxanasına baş çəkiblər. Burada onlara ipəyin boyanması, kəlağayının qəliblənməsi prosesləri əyani nümayiş etdirilib. Bildirilib ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına Qoruq ərazisində həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Jurnalistlər Lahıcın qədim daş küçələrini, Bədöyün məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qoruqla tanışlıq zamanı media mənsubları misgər Kəbləmi Əliyevin emalatxanasında olublar. Burada onlar sənətkarın hazırladığı məhsullara baxış keçirib, həmçinin misgərlik məmulatlarının hazırlanma qaydası və sair barədə məlumatlar əldə ediblər. Vurğulanıb ki, 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mediatur zamanı jurnalistlər Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında da olublar. O, balın ərsəyə gəlməsi, hazır məhsulun çeşidləri, keyfiyyəti və satış qiyməti barədə məlumatları diqqətə çatdırıb.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR