İnsanlara hürriyət, millətlərə istiqlal!

Qumara görə SƏRT cəzalar – YENİLİK nə vəd edir?

Azərbaycanda qumar oyunlarının təşkili və keçirilməsinə görə cəzaların sərtləşdirilməsi təklif olunur. Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, xüsusilə internet və sosial şəbəkələr üzərindən təşkil olunan qumar fəaliyyətlərinə, eləcə də yetkinlik yaşına çatmayanların bu prosesə cəlb edilməsinə görə daha ağır sanksiyalar tətbiq ediləcək.

Yeni yanaşma qanunsuz qumar biznesindən əldə olunan gəlirlərin artması və rəqəmsal platformalar vasitəsilə bu fəaliyyətlərin genişlənməsi fonunda dövlətin nəzarət mexanizmlərini gücləndirmək məqsədi daşıyır.

Bəs təklif edilən dəyişikliklər nə dərəcədə effektiv olacaq və qumar oyunlarının qarşısının alınmasına necə təsir göstərəcək? Cərimələrin əldə olunan gəlirin iki mislinədək artırılması nə dərəcədə çəkindirici təsir göstərə bilər? Yeni dəyişikliklərin qəbulundan sonra hüquq-mühafizə orqanlarının fəaliyyətində hansı yeniliklər gözlənilir?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən, qumar oyunları uduşun qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olduğu digər nemət uduşlu oyunlar, o cümlədən mərc oyunları kimi müəyyən edilir: “Qeyd etmək lazımdır ki, qanunla tənzimlənən lotereyalar və idman mərc oyunları bu maddənin tətbiq dairəsinə daxil deyil. Son dövrlərdə həyata keçirilən islahatlar bu növ oyunların müxtəlif platformalar, internet resursları və sosial şəbəkələr vasitəsilə təşkil olunmasını hədəf alır.

Bu tendensiya mövcud vəziyyəti dəyişir və dövlət tərəfindən müəyyən zəruri, preventiv (profilaktik) tədbirlərin görülməsini tələb edir. Bu baxımdan qanunvericilik layihəsinin müasir tələblərə uyğunlaşdırılması mütləqdir. Digər mühüm məqam isə cinayətin kateqoriyası ilə bağlıdır. Edilən dəyişikliklərə əsasən, bu əməllər az ağır cinayətlər kateqoriyasından ağır cinayətlər kateqoriyasına aid ediləcək”.

Vəkil əlavə edib ki, təcrübədə bu maddə tətbiq edilərkən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) halları da geniş yayılıb: “Bu isə birbaşa Cinayət Məcəlləsinin 193-1-ci maddəsi (və onun ağırlaşdırıcı halları nəzərdə tutan müvafiq bəndləri) ilə tənzimlənir. Belə vəziyyətlərdə istintaq və məhkəmə orqanları sözügedən maddələrə əsasən şəxsi təqsirli bilir və onu cinayət məsuliyyətinə cəlb edir. Odur ki, qanunvericilikdə bu cür yeniliklərin edilməsi və hüquq normasının daha da konkretləşdirilməsi həm istintaq, həm də məhkəmə təcrübəsi üçün olduqca əhəmiyyətlidir. Çünki konkret norma olmadıqda yaranan hüquqi boşluqlar insan hüquq və azadlıqlarının əleyhinə işləyir. Nəticədə maddi hüquq normasının yanlış tətbiqi ucbatından təqsirləndirilən şəxsin əsassız yerə mühakimə olunması riski yaranır. Yekun olaraq, hüquqi mövqeyimizdən çıxış edərək bildiririk ki, qanunvericiliyə təklif edilən bu dəyişikliklər qeyd olunan sahədəki hüquqi tənzimləmənin çərçivəsini və əhatə dairəsini dəqiq müəyyənləşdirmişdir”.

Yada salaq ki, ötən il qumar oyunlarının təşkili və ya keçirilməsi qaydalarında dəyişiklik edilmişdi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı hər iki məcəllənin müddəaları “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil edilməyəcək.

Maraqlı məqam odur ki, bir tərəfdən xüsusi zonalarda kazino biznesinə imkan verilir, digər tərəfdən isə qanunsuz və xüsusilə internet üzərindən təşkil olunan qumar oyunlarına qarşı mübarizə sərtləşdirilir. Bu da dövlətin qumar fəaliyyətini tam qadağan etməkdən daha çox, onu nəzarət olunan və vergiyə cəlb olunan müstəviyə keçirmək istədiyini göstərir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR