İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal müxalifətçi məndən nə soruşdu?..

Qocalıq haqqında oxuduğum əsərlər Balzakın “Qorio ata”sı, bir də Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” povesti olub. Hər ikisi çox kədərlidir, Tanrı beləsini kimsəyə qismət eləməsin. Mən başqa məsələdən, yaradıcı insanın ahıl çağlarından bir-iki cümlə yazmaq istəyirəm, çünki özümüz də yaşlaşmışıq və cavanlar üçün yəqin maraqlı olar, görən, yaşlı jurnalistlər və ya siyasi fəallar peşələri, hətta ömürləri haqda nə fikirləşirlər?..

Ölkəmizdə kimsə özünü qeyrisinə borclu bilməsə də hər halda, ahıl yaş daha çox hesabat dövrüdür, ən azı özünə hesabat verməli olursan...

Həm də yaşlı adamlar bir az kövrək, bir az da tərifə meylli olurlar, özlərindən danışanda bəlağətsiz keçinmirlər. Ona görə də sözlərimdə qeyri-təvazökarlıq sezsəniz qüsur bilməyin, bağışlayın.

Həm də 34 il sərasər jurnalistika ilə məşğul olan, demək olar, ölkənin bütün jurnalist mükafatlarını alan adam bir dəfə qeyri - təvazökarlıq edə bilər, ya yox? Odur, təkrar rica edirəm, üzrlü sayın.

Qərəz, bizim yeni jurnalistikanın bəxti həm də onda gətirmişdi ki, bu sahəyə müxtəlif vaxtlarda üç ixtisasca qeyri-jurnalist gəlmişdi: Zərdüşt Əlizadə ərəbşünas-filoloq idi, Hikmət Hacızadə biofizik idi, mənsə Moskva Universitetinin fizika fakültəsini “astrofizika” ixtisası üzrə bitirmişdim. Sonuncunu ona görə xüsusi qeyd edirəm ki, astrofizikadan–kosmologiyadan fəlsəfəyə “məsafə” bircə addımlıqdır.

Zərdüşt bəy çox gözəl jurnalist idi, ədəbiyyatı, mədəniyyəti gözəl bilir. Bir dəfə müxalifət liderlərinə bir neçə sualla müraciət edilmişdi. Kino ilə bağlı suala tək Zərdüşt bəy cavab vermişdi, digərləri sualı buraxmışdı.

Hikmət bəy də demokratiya tarixini, nəzəriyyəsini çox gözəl bilirdi, onun da ədəbiyyatdan, sənətdən gözəl başı çıxırdı, musiqini gözəl bilir və bunları demokratik proseslərlə gözəl əlaqləndirirdi, çox orijinal yanaşması vardı. Bir dəfə onun “Rock-n-Roll dünyanı necə dəyişdi” adlı mühazirəsinə qulaq asmışdım. Həqiqətən möhtəşəm idi! Belə mühazirəni yalnız, olsa-olsa, Gürcüstanda hazırlaya bilərdilər, çünki gürcülər belə məsələlərdə pərgar idilər, vaxtilə Con Lennon öləndə bu ölkədə matəm elan olunmuşdu. Bizim rəhmətlik Mustafazadənin də, necə deyər, bir ayağı Bakıda, biri də Tiflisdə idi. Bir tədbirdə Hikmət bəyin Xəyyam Mirzəzadə ilə bir-iki kəlməlik söhbətinin şahidi oldum və belə başa düşdüm ki, onlar biri- birini çox yaxşı tanıyırdılar: yeri gəlmişkən, Hikmət bəy bizim cazdan gileylənirdi. O ki qaldı Rock-n-Rola, hətta sovet Moskvasında bütün diskotekaların tacı idi...

Mənə gəldikdə, Azərbaycanda mənim qədər demokratiyadan, liberal dəyərlərdən, Qərbdən, keçmiş Dağlıq Qarabağ problemindən, xarici siyasətdən, xüsusən geopolitikadan yazan olmayıb, hərçənd, sonuncunu elə də sevmirəm, çünki zəif ölkələrçün deyil. Zəifinki hüquqdu, ədalətdi və humanizmdi, bunlar oldu, zəif yaşayacaq, olmadı, özündən küssün...

Bəli, tərif bu qədər. Bir daha deyirəm ki, qeyri-təvazökarlıq oldusa da üzürlü sayın və bağışlayın...

Yox, demirəm ki, jurnalistikamızda xüsusi iz buraxan yalnız dediyim üçlük idi. Əstəğfürullah! Bizdən də çox iş görən, bizdən də jurnalist kimi irəlidə olanlar vardı. Kim Rauf Talışınski - Elçin Şıxlı - Arif Əliyev üçlüyünü unudar? Nəcəf Nəcəfovun “Azadlığ”ını, Sabir Rüstəmxanlının “Azərbaycan”ını unutmaq olarmı? Sadalasam, belələri çoxdur, hətta bizdən də önəmli işlər görüblər. İndi də Rauf Arifoğlu, Zahir Əzəmət və hətta Aynur Camalqızı da var, hansılar çalışırlar ki, azacıq da olsa fərqli fikir, alternativ baxış da səslənsin. Amma bu nəsil tədircən səhnəni tərk etmək üzrədir, çox təəssüf! Həmin nəsildən yazı yazanlar çoz az qalıb.

Şükürlər, çox istedadlı, nisbətən cavanlar, gənc nəsil var, amma hərənin öz baxış bucağı var problemlərə; mən görəni onlar görmür, onlar görəni də mən “görmürəm” – bəli, bu sarıdan özümə “sonuncu mogikan” (yeri gəlmiş, sovet vaxtı Çinkaçuk uşaqların ən sevimli qəhrəmanlarından idi) deyirəm, çünki bir nəğmədə deyilən kimi: bəlkə bizdən yaxşıları olacaq, amma daha bizdən olmayacaq.

Bu kiçik yazını yazanda da düşündüm ki, insanlara pessimizm aşılamayım, bir az da gümrah sözlər deyim. Bir neçə il bundan əvvəlin söhbətidir. “Nizami” metrosunun qarşısında bir “cəbhəçi”lə rastlaşdım. Artıq AXC özünə daha bir hərf yapışdırıb AXCP olmuşdu, AXCP də az qala, on yerə parçalanıb “radikal müxalifət” yaratmışdı.

Mənim keçmiş dostum da (çoxdan dünyasını dəyişib) radikal müxalifətin aparıcı simalarından idi. Qərəz, soruşdu ki, haradasan, nə işlə məşğulsan?

Ən əvvəl bu məqama diqqət yetirin: ölkənin radikal müxalifətinin təmsilçisi ölkənin radikal siyasi yazarının harada olmasından, nə işlə məşğul olmasından xəbərsiz idi!

Bu da hələ hamısı deyil. Mən deyəndə ki, “Azadlıq” radiosundayam, müxalifətçiliyimi edirəm, radikal müxalifətçi qayıdıb mənə nə desə yaxşıdır? “Məgər müxalifətçilik qurtarmadı?”. Təssəvvür edirsinizmi? Ona görə də hər dəfə “radikal müxalifət” ifadəsini eşidəndə həm də bir gic gülmək tutur məni...

Bu sözlərimi də qüsur bilməyin. Bilmirəm, kimindir, bir misra keçir beynimdən: mənmi qocalmışam, ya zəmanəmi? Amma bəzən də düşünürsən ki, belə dramatizmə hacət yox, həyata təbəssümlə yanaşmağı bacarmaq lazımdır. Çoxdan oxuduğum bir fikirdir: əgər axmaqlıq etməyi dayandırmışıqsa, deməli qocalmışıq...

O ki qaldı yaşlı jurnalistlərdən nisbətən cavanlara tövsiyyəyə, demokratik şəkildə yaradıcılıq məsələlərində məmurlara bir azacıq dirəniş göstərməliyik. Alınmazsa, qoy, alınmasın, bizim bəraətimiz var: jurnalistin siyasi ambisiyası olmur, biz yalnız daha çox azadlıq, demokratiya umuruq. Fikir verirəm, indi az qala hamı Ramiz Mehdiyevə qarşıdır. Amma “mehdiyevçilik” qalır axı, onunla kim mübarizə aparacaq? Axı bu, daha vacib məsələdir, çünki Ramiz müəllimin az qala 90 yaşı var, amma onun “siyasi ənənələri” daha çox yaşaya bilər, əlbəttə ki, onlara qarşı olmasaq və olmasaq bunun nə faydası olacaq? Adamlar dəyişir, amma idarəçilik metodları qalır. Bunun daha nəyi dəyişiklik oldu?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR