İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus səfir Zəngəzurda – Qəfil ziyarətin PƏRDƏRARXASI

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin əsas mədən müəssisələrinə - Zəngəzur və Aqarak mis-molibden kombinatlarına baş çəkib. Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, səfir bölgəyə səfəri çərçivəsində müəssisələrdə olub.

Səfiri Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Sergey Solomin, Rusiya İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Anastasiya İvanova və Rusiya İxrac Mərkəzinin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vigen Yenokyan müşayiət edib.

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı yeni mesaj

Müəssisə rəhbərləri səfiri istehsal həcminin artırılmasına və onların ekoloji inkişafına yönəlmiş texnoloji proseslərin modernləşdirilməsi ilə tanış etdilər, həmçinin region sakinləri üçün həyata keçirilən genişmiqyaslı sosial proqramlardan danışıblar. Son illərdə hər iki müəssisə yeni, avtomatlaşdırılmış filiz emalı xətlərinə əhəmiyyətli dərəcədə vəsait yatırıb.

Zəngəzur kombinatında (Ermənistanın ən böyük sənaye müəssisəsi) təxminən 4800 nəfər, Aqarak Kombinatında isə təxminən 1100 nəfər çalışır. Səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Rusiya kapitalı olan müəssisələrin "reyder ələ keçirilməsi" ilə bağlı bəyanatları fonunda baş tutub.

“İrəvan Rusiyanın Ermənistanda milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirir”. Bunu ötən həftə Şoyqu bildirib.

Sergey Şoyqu Ukraynada

Şoyqu Ermənistan hakimiyyətini Rusiya ilə əlaqələri kəsmək cəhdində ittiham edib. O xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji çöküşündən xilas edib, Avrasiya İqtisadi İttifaqına üzv olduğu 10 il ərzində isə Ermənistan iqtisadiyyatı təxminən üç dəfə böyüyüb.

Şoyqunun sözlərinə görə, qeyri-dost addımlar və açıq-aşkar ikili standartlar Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə özünü göstərir. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisə və bütün sənaye sahələrində baş verənlr “düşməncə ələ keçirmək”dən başqa bir şey deyil.

Şoyqu deyib ki, İrəvan açıq-aşkar “gülünc arqumentlər” irəli sürür. Xüsusilə, söhbət ondan gedir ki, Rusiya Ermənistan dəmir yoluna nəzarəti davam etdirəcəyi təqdirdə, guya İrəvan beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını itirir.

Səfir Kopırkinin Zəngəzura səfəri və müəssisələrə baş çəkməsi də məhz Moskvanın İrəvana vurduğu eyhamdır. Rusiya həm də demək istəyir ki, Zəngəzur bölgəsi onun diqqətindədir. “Tramp yolu”nun işə düşəcəyi halda Rusiyanın maraqlarının nəzərə alınmasına işarə vurulur.

Son aylar Rusiya-Ermənistan münasibətlərində gərginlik özünü həm siyasi-iqtisadi, həm hərbi və logistika sahələrində göstərir. Kreml lideri Paşinyanı referenduma getməyə, Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə çağırır. Eyni zamanda, erməni məhsullarının Rusiya bazarına çıxışına embarqo qoyulub və iqtisadi basqılar gücləndirilir. Rusiya dövlət başçısı Gümrü şəhərində yerləşən 102-ci hərbi bazanı çıxarmağa hazır olduqlarını da bəyan edir. Baş nazir Paşinyan deyib ki, elə günü sabah bazanın ləğvinə razıdır.

Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ  | Modern.az

Ancaq Moskva bununla erməni cəmiyyətini qorxudur ki, onların təhlükəsizlik qarantiyası olmayacaq. Bu propoqandanı rusiyalı iş adamı Samvel Karapetyan da aparır. Oliqarx bəyan edib ki, 102-ci baza getsə, Ermənistan yiyəsiz qalacaq və yerini türklər tutacaq. Rusiyanın digər təzyiq və tələb siyasəti isə KTMT ilə bağlıdır. Ermənistan hökumətindən qərar verməsi istənilir – ya blokda qalırsan, ya da “dondurulmuş” şəkildə fəaliyyət göstərmək olmaz. Beləliklə, hərtərəfli sıxışdırma siyasəti Rusiya ilə Ermənistan arasında keçmiş müttəfiqlərin “boşanması” həddinə gətirib çıxarıb. Paşinyan ölkəsinin artıq Rusiya üçün forpost olmadığını düşünür.

Bunun ardınca səfir Kopırkinin Zəngəzurdakı kombinatları ziyarət etməsi Şoyqunun ittihamları üzərindən ciddi nəzarət hadisəsidir. İndi sual budur – Rusiya Ermənistandan gedəcəkmi…


Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR