İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya da, Ukrayna da Bakı ilə hesablaşır... – Əliyevin diplomatik ÜSTÜNLÜYÜ

"Azərbaycanın xarici işlər nazirinin Moskva və Kiyevə ardıcıl rəsmi səfərləri Cənubi Qafqazın aparıcı dövlətinin yürütdüyü müstəqil, çoxvektorlu və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə söykənən xarici siyasət kursunun əyani təzahürüdür".

Bu sözləri Musavat.com-a Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

Bəhruz Məhərrəmov: “Trampın əngəlləri uğurla neytrallaşdırması ona qarşı  siyasi terroru zərurətə çevirdi”

Deputat bildirib ki, mürəkkəb geosiyasi arxitektura şəraitində reallaşan bu diplomatik dinamika ölkəmizin həm siyasi-diplomatik prinsiplərə, həm də beynəlxalq hüququn imperativ normalarına sadiqliyini nümayiş etdirir: “Qeyd olunan diplomatik manevrlərin və əldə edilən strateji uğurların arxasında isə heç şübhəsiz, bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu, uzaqgörən qlobal liderlik vizyonu və praqmatik diplomatiya məktəbi dayanır.

Məhz dövlət başçısının təmin etdiyi mütləq siyasi suverenlik və müstəqil siyasət iradəsi sayəsində Azərbaycan eyni vaxtda həm Rusiya Federasiyası, həm də Ukrayna ilə konstruktiv, normal və strateji xarakterli münasibətləri qoruyub saxlamağa müvəffəq olur. Əgər dövlətimiz xarici diktələrdən azad olan bu müstəqil kursu yürütməsəydi, mövcud qlobal qütbləşmə şəraitində hər iki tərəflə balansı qorumaq və etibarlı tərəfdaş statusunu saxlamaq qeyri-mümkün olardı.

Digər tərəfdən, sirr deyil ki, 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün, eləcə də suverenliyimizin tam bərpa edilməsi ölkəmizin diplomatik mövqeyini keyfiyyətcə yeni müstəviyə qaldırıb. Bu tarixi qələbələr həm regionda, həm də dünyada, o cümlədən qonşularla münasibətlərdə Azərbaycanın mövqeyini daha da gücləndirərək, onu qlobal miqyasda söz sahibi olan qüdrətli aktora çevirib”.

Deputatın sözlərinə görə, nəticə etibarilə siyasi baxımdan postsovet məkanında formalaşan yeni güc nisbətləri fonunda rəsmi Bakı qütblərin qarşıdurmasında heç bir tərəfin oxuna inteqrasiya olunmur, əvəzində hər iki subyektlə vasitəsiz və bərabərhüquqlu dialoq kanalını açıq saxlayır: “Aydındır ki, hüquqi nöqteyi-nəzərdən dövlətimizin hər iki ölkə ilə münasibətləri BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı ilə bəyan edilən fundamental prinsiplərə, xüsusilə də dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.

Bu çərçivədə, Rusiya Federasiyası ilə 2022-ci il 22 fevral tarixli Müttəfiqlik Qarşılıqlı Əlaqəsi haqqında Bəyannamə, Ukrayna ilə isə ikitərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin konvensional hüquqi bazasını təşkil edir. Azərbaycanın Ukraynaya münasibətdə sərgilədiyi mövqenin digər mühüm hüquqi komponenti isə 1949-cu il Cenevrə Konvensiyalarından irəli gələn Beynəlxalq Humanitar Hüquq normalarının icrasıdır. Ölkəmizin mülki əhalinin mühafizəsi, energetika infrastrukturu və səhiyyə sisteminə bərpaedici dəstək göstərməsi, eləcə də beynəlxalq standartlara uyğun olaraq öz mina təhlükəsizliyi təcrübəsini bölüşməsi bu öhdəliklərin praktik təcəssümüdür”.

Müsahibimizə görə, görünən odur ki, İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən bu çoxvektorlu strategiya hüquqi realizm və normativ prinsipiallıq arasında unikal balansı təmin edir, ölkəmizin beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın milli maraqlarını və diplomatik suverenliyini ən yüksək səviyyədə qoruyur.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR