Onlayn ictimai-siyasi qəzet
Rusiyada sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra yeni səfərbərlik dalğasının elan oluna biləcəyi iddia edilir. Buna səbəb müqavilə əsasında orduya cəlb olunanların sayının azalması və Kremlin cəbhədə əlavə canlı qüvvəyə ehtiyac duyması göstərilir.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Kreml seçkilər başa çatdıqdan sonra Ukraynadakı döyüşlərə minlərlə yeni hərbçi göndərmək üçün yeni səfərbərlik dalğasını nəzərdən keçirir. Mənbələr bildirirlər ki, bu addım müqavilə ilə xidmətə cəlb olunanların sayının azalması fonunda Prezident Vladimir Putinin Donbası tam nəzarətə götürmək planlarının həyata keçirilməsində yaranan çətinliklərlə əlaqədardır.
WSJ qeyd edir ki, yeni səfərbərlik zamanı ilk dalğadan fərqli olaraq ehtiyatda olan və hərbi təcrübəyə malik şəxslərlə yanaşı, minimal hazırlığı olan və ya ümumiyyətlə döyüşmək istəməyən vətəndaşlar da orduya cəlb oluna bilər.
Moskvadakı Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov da belə ehtimalın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun iyul ayında cəmi 37,85 kvadratkilometr irəliləyə bilməsi Kremlin planlarının həyata keçirilməsini çətinləşdirir.
Puxov hesab edir ki, əgər Vladimir Putin Donetsk və Luqansk vilayətlərinin tam işğalı ilə bağlı məqsədindən geri çəkilməsə, "onun yeni səfərbərlik elan etməkdən başqa çıxış yolu qalmaya bilər".
WSJ yazır ki, belə qərarın siyasi riskləri hərbi üstünlüklərdən daha ağır ola bilər. Çünki bəzi Rusiya vətəndaşları mümkün səfərbərliyə müqavimət göstərəcəklərini açıq şəkildə bəyan edirlər.
Qəzetə danışan 53 yaşlı ehtiyatda olan zabit Dmitri Roqin bildirib: "Əlimə silah verən kimi məni səfərbər edənləri güllələyəcəyəm".
Yeni səfərbərliklə bağlı iddialar fonunda Rusiyanın müxtəlif regionlarında hərbi xidmət yaşında olan kişilərə qarşı reydlərin də artdığı bildirilir. Məlumata görə, Penza vilayətində yerli sakinlərin məcburi qaydada orduya göndərilməsi yenidən başlanıb. Saxlanılmalar hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki geyimli şəxslər tərəfindən yerli hakimiyyət orqanlarının dəstəyi ilə həyata keçirilir.
Bundan əvvəl oxşar hadisələrin Udmurtiya, Ulyanovsk və Rostov vilayətlərində də baş verdiyi barədə məlumatlar yayılmışdı.
Nəşr həmçinin qeyd edir ki, son dövrlər Rusiyada şirkətlər və dövlət qurumları tərəfindən hərbi uçot və səfərbərlik hazırlığı üzrə mütəxəssislər üçün vakansiyaların sayı kəskin artıb. Hazırda HeadHunter platformasında bu sahə üzrə təxminən 2,5 min vakansiya yerləşdirilib. Onların təxminən 1,3 mini son bir həftə ərzində dərc olunub.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ötən həftə bildirib ki, 2026-cı ilin ilk altı ayında müqavilə əsasında xidmət üçün təxminən 200 min nəfər cəlb edilib. Onun açıqladığı rəqəmlərə görə, ötən ilin eyni dövründə bu göstərici 210 mindən çox olub.
Qərb kəşfiyyat orqanlarının qiymətləndirməsinə əsasən isə, 2026-cı ilin ortalarınadək Rusiya ordusunun ümumi itkiləri – ölən və yaralananlar birlikdə – 1,4 milyon nəfərə çatıb. Eyni zamanda, müqavilə əsasında orduya cəlb olunanların sayı artıq bu itkiləri kompensasiya etməyə kifayət etmir.
Musavat.com
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ