Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) ABŞ qoşunlarına hücumlar üçün İrana minlərlə pilotsuz təyyarə verməyi planlaşdırıb.
Musavat.com xəbər verir ki, məlumarı The Economist jurnalı yayıb. Jurnalın Rusiya hərbi kəşfiyyatının məxfi sənədinə istinadən verdiyi məlumata görə, Moskva Tehrana 5000 fiber-optik FPV pilotsuz təyyarəsi və daha uzaq mənzilli peyklə idarə olunan pilotsuz təyyarə çatdırmağa çalışıb.
Plana əsasən, bu pilotsuz təyyarələr ABŞ-ın Fars körfəzinə desant çıxaracağı halında onlara qarşı istifadə edilməli idi. Sənəddə xüsusilə qeyd olunur ki, desant gəmiləri 15-30 km məsafədən beş-altı pilotsuz təyyarə dəstəsinin hücumlarına qarşı həssasdır.
Rusiya həmçinin İran operatorlarını yetişdirməyə hazır idi. Rusiya universitetlərində oxuyan təxminən 10.000 iranlı tələbənin, eləcə də rusdilli taciklərin və suriyalı ələvilərin bəzilərini cəlb etmək təklif olunub.
The Economist vurğulayır ki, sənədin İrana ötürülməsi və ya dronların çatdırılması ilə bağlı birbaşa dəlil yoxdur. Lakin jurnalın kəşfiyyat mənbələri planı mümkün hesab edir və bunun QRU-nun İrana dəstəyi artırmaq səylərinə dair digər göstəricilərlə uyğun gəldiyini deyir.
Sənəddə xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibə və ABŞ ilə birbaşa münaqişəyə cəlb olunma riski səbəbindən daha aktiv yardım göstərə bilmədiyi qeyd olunur. Buna görə də diqqət məhdud, inkar edilə bilən dəstəyə yönəlmişdi.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ